17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusa təzyiqlər edildiyi bildirilir

Source: Meydan Tv

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mircəfər Hüseynzadənin ailəsi ilə danışıqlarına qadağa qoyulub.

Bu barədə Meydan TV-yə məhbusun həyat yoldaşı Xədicə Hüseynzadə danışıb. Onun sözlərinə görə, həyat yoldaşı ağır xəstə olsa da, müəssisə rəhbərliyi tərəfindən həm mənəvi, həm də hüquqi təzyiqlərə məruz qalır.

Digər dustaqlar hər gün danışır, ona isə qadağa qoyulub

Xədicə Hüseynzadə bildirir ki, həyat yoldaşının səhhətində ciddi problemlər var və günlərdir ondan xəbər ala bilmirlər. Müəssisə rəisi Şəfaət Abbasov əvvəllər onun evlə hər gün həm səsli, həm də görüntülü danışmasına icazə versə də, sonradan bu qərar qəfil dəyişdirilib:

“Orada dindarlara, digər məhbuslara hər gün zəng etməyə, görüntülü danışmağa icazə verirlər. Amma Mircəfər gedib icazə istəyəndə “olmaz” deyirlər. Əlaqəni tamamilə kəsiblər. O xəstə adamdır, zəng gəlməyəndə biz evdə çox narahat oluruq. Bu, açıq-aydın ayrı-seçkilikdir”.

Hüseynzadə həyat yoldaşının müəssisə rəisinin qəbuluna yazıla bilmədiyini qeyd edir: 

“Yoldaşım qəbula yazılır ki, bu haqsızlığı rəisə desin, amma Şəfaət Abbasov onu qəbul etmir, şikayətlərinə baxmır”.

Məhkəməyə ünvanlanan ərizə 5 aydır gizlədilir

Ailənin qarşılaşdığı digər problem isə məhbusun vaxtından əvvəl azadlığa buraxılması (üçdə iki cəza müddətinin bitməsi) ilə bağlı Xəzər Rayon Məhkəməsinə göndərilməli olan ərizəsinin müəssisə tərəfindən göndərilməməsidir. Ailə deyir ki, Mircəfər Hüseynzadə artıq 3 illik cəzasının üçdə ikisini çəkib və qanunla onun məhkəməyə müraciət etmək hüququ var. Lakin bu hüquq 5 aydır ki, əlindən alınır:

“May ayında Penitensiar Xidmətin rəsmisi Mirsaleh Seyidovun qəbulunda oldum. Onun müavini Fikrət müəllim məni dinlədi və dərhal 17 saylı müəssisənin rəisi Şəfaət Abbasova zəng etdi. Tapşırdı ki, ərizəni mənə versinlər, özüm məhkəməyə aparım. Getdim, rəis qol çəkib ərizəni mənə verdi. Xəzər Rayon Məhkəməsininin dəftərxanasına aparanda isə sənədi qəbul etmədilər. Dedilər ki, qanunla bu müraciəti dustaq özü yox, müəssisə rəsmi şəkildə göndərməlidir”.

Bu hadisədən sonra Xədicə Hüseynzadə sənədi yenidən 17 saylı müəssisəyə qaytarıb və rəisin göstərişi ilə kompüter otağında yazan Nəsimi adlı işçiyə təqdim edib. Müəssisənin işçisi ərizənin məhkəməyə göndərildiyini bildirsə də, məhkəmə ərizənin göndərilmədiyini bildirib:

“Xəzər Rayon Məhkəməsinin dəftərxanası ilə əlaqə saxlayıb soruşuram, deyirlər ki, Hüseynzadə Mircəfər adlı şəxsin ərizəsi bura gəlib çatmayıb, belə bir sənəd yoxdur. Müəssisə rəhbərliyi ərizəni qəsdən göndərmir, gizlədir. Hər yerə zəng edirəm, Qaynar Xəttə şikayət edirəm, amma reaksiya yoxdur.”

Mircəfər Hüseynzadə 2024-cü il martın 17- də həbs olunub. Gəncə şəhər məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən, o, külli miqdarda narkotik vasitə saxlamaqda, satmaqda ittiham olunur.

Ana səhifəSiyasət17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusa təzyiqlər edildiyi bildirilir