İyulun 11-də Umbakı Penitensiar Kompleksində cəza çəkən Müsəlman Birliyi Hərəkatının (MBH) üç üzvü Azərbaycanda həbs olunan 9 qadın jurnalistin, həmçinin 6 dini inanclı qadının azadlığa buraxılması üçün aclıq aksiyasına başlayıb.
Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Arzu Abdulla deyir ki, MBH-nın üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev və Vüqar Aliyev bu barədə telefon danışığı zamanı yaxınlarına məlumat veriblər.
Onlar qadınların həbsinə etiraz olaraq bu addımı atdıqlarını bildiriblər.
Arzu Abdullanın sözlərinə görə, hələlik onların sağlıq durumu və ya onlara qarşı hər hansı təyziqin olub-olmaması barədə heç bir məlumat yoxdur.
Hazırda Almaniyanın paytaxtı Berlində də bir qrup siyasi mühacir həbs olunan qadınların azadlığa buraxılması üçün Almaniya Kansleri binasının önündə aksiya keçirir. Aksiya Orxan Ağayev və Elvin Şıxəliyevin təşkilatçılığı ilə iyunun 15-də başlayıb.
Azərbaycanda qadın jurnalistlərin həbsi “AbzasMedia işi” üzrə 2023-cü ilin noyabrın ayından başlayıb. Jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Vaqifqızı həbs olunub.
Daha sonra “Meydan TV işi” üzrə 2024-cü il dekabrın 6-da həmin medianın 4 qadın əməkdaşı Aynur Elgünəş (Qənbərova), Aysel Umudova, Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva həbs olunub. 2025-cı ildə müstəqil jurnalistlər Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) da bu iş üzrə həbs olunub.
Bundan başqa 2025-ci ilin avqustunda Xəzər rayonunda ehsan paylayan 6 dini inanclı qadın polis tərəfindən zorakılığa məruz qalıb və həbs olunub.