Böyük Britaniya hökuməti “Zəngəzur” tankerinə tətbiq etdiyi sanksiyanı iyulun 7-də ləğv edib, lakin qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.
Bu barədə ölkə hökumətinin sanksiya siyahısında yer alan yenilənmiş məlumatında qeyd olunub.
Böyük Britaniyanın Maliyyə Nazirliyi 2025-ci il mayın 13-də “Zəngəzur” tankerinə sanksiya tətbiq etmişdi. Qərarın səbəbi kimi gəminin Rusiyanın neft ixracında iştirak etməsi və Moskvanın enerji gəlirlərinin qorunmasına yardım etməsi qeyd olunmuşdu.
“Zəngəzur” tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (Caspian Shipping Company) məxsusdur. Gəmi 2010-cu ildən istismardadır və neft məhsullarının daşınması üçün istifadə olunur.
Məlumata görə, gəmi son dövrdə Rusiya və Türkiyə limanları arasında reyslər həyata keçirib. Açıq gəmiçilik məlumatlarında “Zəngəzur” tankerinin son bir ildə Rusiyanın Primorsk limanına 11 dəfə, Türkiyənin STAR neft emalı zavodunun yerləşdiyi Nemrut limanına isə 6 dəfə səfər etdiyi göstərilir.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladıqdan sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırmaq üçün geniş sanksiyalar tətbiq etməyə başlayıb.
Sanksiyaların əsas istiqamətlərindən biri Rusiyanın əsas gəlir mənbələrindən olan enerji sektorudur. Qərb ölkələri hesab edir ki, neft və qaz ixracından əldə olunan gəlirlər Rusiya büdcəsinin mühüm hissəsini təşkil edir və bu vəsait hərbi xərclərin maliyyələşdirilməsində istifadə olunur. Bu səbəbdən Rusiya neftinin daşınmasında iştirak edən bəzi tankerlər, gəmiçilik şirkətləri və vasitəçilər sanksiya siyahılarına daxil edilib.