Azərbaycanın Samaradakı diasporunun rəhbəri Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olunub.
Yerli mətbuatın yazdığına görə, Kərimova vətəndaşlığının ləğvi barədə məlumat Azərbaycanda olduğu vaxt verilib. O, hazırda Azərbaycandadır. Vətəndaşlığın hansı əsaslarla ləğv edildiyi barədə Rusiya qurumları tərəfindən rəsmi açıqlama verilməyib.
Şirvan Kərimovun işi Rusiyada fəaliyyət göstərən bəzi Azərbaycan diaspor rəhbərləri ilə bağlı son qərarların davamı kimi qiymətləndirilir.
Bir ildən çoxdur ki, Azərbaycanın diaspor nümayəndələrinin Rusiya vətəndaşlığı ləğv edilib və onların ölkədən çıxarılması ilə bağlı qərarlar verilib. 2025-ci ilin sentyabrında Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun da Rusiya vətəndaşlığı ləğv edilib. Daha sonra onun deportasiya məqsədilə miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirildiyi barədə məlumat yayılıb.
Rusiyada azərbaycanlılar və diaspor nümayəndələri ilə bağlı bu hadisələr Bakı-Moskva münasibətlərinin gərginləşməsi fonunda baş verir. 2024-cü ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayandan sonra Bakı hadisə ilə bağlı Rusiyanın məsuliyyət daşıdığını bildirib və araşdırmanın nəticələrinin açıqlanmasını tələb edib. Moskva isə hadisə ilə bağlı öz mövqeyini açıqlayaraq yekun araşdırmanın nəticələrinə istinad edib. Bundan sonra iki ölkə arasında diplomatik münasibətlərdə gərginlik artıb.
2025-ci ildə Rusiyada azərbaycanlılara və bəzi diaspor nümayəndələrinə qarşı keçirilən əməliyyatlar, saxlanılmalar və vətəndaşlıqla bağlı qərarlar da bu gərginliyi daha da artırıb. Həmin ilin yayında Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən xüsusi əməliyyat zamanı iki nəfər həyatını itirmişdi. Bundan sonra Azərbaycan tərəfi hadisəni hüquq pozuntusu kimi qiymətləndirib, Rusiya tərəfi isə əməliyyatların cinayət işi çərçivəsində aparıldığını açıqlayıb.
Azərbaycan tərəfi buna cavab olaraq “Sputnik Azərbaycan”ın əməkdaşlarını saxladı, onlara qarşı qanunsuz sahibkarlıq, dələduzluq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə ittiham irəli sürüldü.
Bundan sonra Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlılarla bağlı saxlanılmalar, hüquqi tədbirlər və vətəndaşlıq məsələləri ictimai müzakirələrə səbəb oldu.
Rusiya rəsmiləri bu addımları cinayətkarlıqla mübarizə, təhlükəsizlik və miqrasiya qaydalarının icrası ilə əsaslandırır. Azərbaycan tərəfi isə bəzi hallarda proseslərin seçici xarakter daşıdığını bildirir.
Son illərdə Rusiyada ümumi miqrasiya siyasəti də sərtləşdirilib, xarici vətəndaşlara, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olan miqrantlara nəzarət artırılıb.