BP 20 ildən sonra BTC kəmərinin idarə etməsini SOCAR-a niyə təhvil verdi?

SOCAR binası arxa fonda. Foto: Reuters

Böyük Britaniyanın “BP Exploration” şirkəti Azərbaycandakı böyük layihələrdəki operatorluq funksiyasını SOCAR-a təhvil verib. “Bakı-Tbilisi-Ceyhan Şirkəti”nin (BTC Co.) məlumatına görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatorluğu iyulun 1-dən etibarən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçib.

Ötən həftə tərəflər arasında təhvil-təslim mərasimi də keçirilib. 2006-cı ildə istismara verilən boru kəmərinin operatoru indiyədək “BP Azərbaycan” olub. Operatorluğun ötürülməsi BTC kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən bütün hissələrini əhatə edir.

Məlumatda qeyd olunur ki, Səngəçal terminalının operatorluğu dəyişməz qalır və “BP” bu obyektin operatoru olaraq fəaliyyətini davam etdirəcək. Eyni zamanda, BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişmir.

BTC Co.-nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

BP Azərbaycandakı layihələrini tərk edir?

BP-nin təhvil verdiyi layihələr yalnız BTC ilə məhdudlaşmır. Bundan əvvəl, 2020-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu da SOCAR Midstream Operations-a ötürülüb və proses 2021-ci ilin iyul ayında başa çatdırılıb. Qeyd edək ki, bu boru kəməri “Şahdəniz” yatağından hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini təmin edir.

Yerli mediaya verilən açıqlamada bildirilib ki, texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK Boru Kəməri Sahibləri Sazişində nəzərdə tutulmuş öhdəliklərə uyğun həyata keçirilib.

Bununla belə, bəzi şərhlərdə bu proses BP-nin Azərbaycandan tədricən çıxması kimi dəyərləndirirlər. Hətta operatorluğun ötürülməsindən sonra SOCAR tərəfindən şirkətlərin strukturunda optimallaşdırma və islahatların aparılacağı barədə fikirlər də səsləndirilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, sosial mediada vüsət alan bu iddialar doğru deyil. Onun sözlərinə görə, BTC Co. 2003-cü ildə yaradılarkən operatorluğun müəyyən müddətdən sonra SOCAR-a keçməsi müqavilələrdə əvvəlcədən nəzərdə tutulmuşdu:

“Müqavilələrə əsasən, BTC-nin idarə edilməsi istismara verildikdən 20 il sonra Azərbaycan tərəfinə keçməli idi. Boru kəməri 2006-cı il iyulun 18-də istismara verilib. Buna görə də 2026-cı ilin iyulundan etibarən prosedur qaydalara uyğun olaraq operatorluq SOCAR-a ötürülüb. Bu, sırf hüquqi xarakter daşıyan prosedurdur. Bundan əvvəl Bakı–Supsa boru kəmərinin operatorluğu da SOCAR-a keçmişdi. Müqavilələrə əsasən, bu layihələrin idarəçiliyi müəyyən müddətdən sonra Azərbaycan tərəfinə verilməlidir. Söhbət dövlət əmlakından gedir,  onun idarəedilməsi üzrə 20 illik müqavilə bağlanıb. Müqavilə müddəti bitdikdən sonra idarəetmə dəyişib”.

Ekspert BP-nin operatorluqdan çəkildiyi layihələrdə struktur dəyişiklikləri aparılacağı ilə bağlı fikirləri də əsassız sayır. Onun fikrincə, BP-nin Azərbaycanın enerji sektorunu tərk etməsi barədə də danışmaq üçün əsas yoxdur:

“BP-nin Azərbaycanda yeni layihələri var. Şirkət hazırda Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyası inşa edir. Layihənin bu ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. Bundan əlavə, BP “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” layihələrinin operatorudur. Şirkət həmçinin kəşfiyyat layihələri olan “Qarabağ” və “Əşrəfi–Dan Ulduzu–Aypara” yataqlarında da operatordur. BP eyni zamanda “Şəfəq–Asiman” layihəsində də iştirak edir”.

BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli isə tədbir zamanı bildirib ki, şirkət SOCAR-ın BTC əməliyyatlarını da əvvəlki kimi təhlükəsiz, etibarlı və yüksək standartlara uyğun idarə edəcəyinə əmindir:

“Biz BTC və CQBK layihələrinin səhmdarı olaraq SOCAR və digər tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı davam etdirəcəyik”.

Bakı-Tbilisi-Ceyhanla ixrac olunan neft azalır

Azərbaycanın neft hasilatının azalması fonunda BTC vasitəsilə nəql olunan neft həcmləri də azalır. Boru kəmərinin istismara verildiyi vaxtdan ötən 20 il ərzində  626 milyon ton (4,7 milyard bareldən çox) xam neft daşınıb.

Türkiyənin BOTAŞ şirkətinin məlumatına görə, 2025-ci ildə BTC ilə 207 milyon barel neft nəql olunub. Bu, 2024-cü illə müqayisədə 17,7 milyon barel və ya 7,9 faiz azalma deməkdir.

BTC ilə daşınmaların ən yüksək səviyyəsi 2007-2010-cu illərdə qeydə alınıb. Həmin dövrdə illik daşınma həcmi 235-279 milyon barel arasında dəyişib. Xüsusilə 2008–2010-cu illərdə təxminən 279 milyon barel neft ixrac edilərək rekord göstəricilərdən biri əldə olunub.

2011-ci ildən etibarən isə azalma tendensiyası başlayıb. Hasilatın aşağı düşməsi ixrac həcmlərinə də təsir göstərib. Belə ki, 2011-ci ildə təxminən 257 milyon barel neft daşındığı halda, 2016-cı ildə bu göstərici 198 milyon barelə qədər enib.

2023-cü ildə Qazaxıstan və Türkmənistandan tranzit neft həcmlərinin BTC marşrutuna cəlb olunması hesabına daşınmalar yenidən artaraq təxminən 229 milyon barelə yüksəlib. Lakin 2024 və 2025-ci illərdə azalma tendensiyası yenidən davam edib. Ekspertləin fikrincə, eniş tendensiyası belə davam edərsə, yaxın gələcəkdə gəlirlərin azalması boru xəttinin istismar xərclərinin qarşılanmasında çətinliklər yarada bilər.

Ana səhifəİqtisadiyyatBP 20 ildən sonra BTC kəmərinin idarə etməsini SOCAR-a niyə təhvil verdi?