Həbsdə olan vəkilin istintaqı başa çatıb

Zabil Qəhrəmanov. Foto: şəxsi Facebook səhifəsi

Həbsdə olan vəkil Zabil Qəhrəmanovun məhkəməsi başlayır. Onun işinə Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadə baxacaq.

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 8-nə təyin olunub.

İndiyə qədər Kürdəxanıda – Bakı İstintaq Təcridxanasında saxlanılan Zabil Qəhrəmanov məhkəmənin başlanması ilə əlaqədar Gəncəyə – 2 saylı İstintaq Təcridxanasına köçürülüb.

Zabil Qəhrəmanov 4 maddə ilə – Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 178.2.2, 178.2.3 və 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla və təkrar törədilməklə dələduzluq) maddələrilə ittiham olunur.

Ötən il oktyabrın 23-dən həbsdə olan vəkil həmin gün Göygöl rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində mübahisə zəminində Fazil İsgəndərov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunur. Ona qarşı xuliqanlıq ittihamı bununla əlaqədardır.

Dələduzluq ittihamına gəlincə, Zabil Qəhrəmanov saxlanılandan sonra iddia olunub ki, vaxtilə onun hüquqlarını müdafiə etdiyi şəxslərdən biri – Şəmkir rayon sakini Emin İbrahimov elə həmin gün ondan şikayətçi olub. Şikayətdə göstərilib ki, vəkil 5600 manat alaraq prosesin onun istədiyi kimi başa çatacağına söz verib, lakin nəticə onun ürəyincə olmayıb. Məhkəmə prosesi aylar əvvəl başa çatsa da, o, həmin gün şikayətçi olub.

Daha sonra bir neçə başqa şikayətçi də ortaya çıxıb.

Zabil Qəhrəmanov isə bu ittihamların heç birini qəbul etmir, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının qanunsuz hərəkətləri haqda tənqidi fikirlərini, “Facebook” hesabında yazdıqlarına görə təxribat nəticəsində həbs olunduğunu bildirir.

Zabil Qəhrəmanov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan, istintaqı bu qurumda aparılan çoxsaylı işlərdə bəraət hökmünün çıxarılmasına, həmin şəxslərin məhkəmədə azadlığa buraxılmasına nail olmuşdu.

Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti həbsindən iki həftə əvvəl Daxili İşlər Nazirliyinin şikayəti əsasında 6 aylıq dayandırılmışdı.

Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) yaydığı bəyanatda Zabil Qəhrəmanovun həbsinin onun peşə fəaliyyəti və Azərbaycanda polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsi ilə bağlı ola biləcəyini vurğulayıb.

Ana səhifəSiyasətHəbsdə olan vəkilin istintaqı başa çatıb