İyulun 6-da Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüşdə Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə iyulun 5-də dron hücumu edilməsi ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub.
Azərbaycan tərəfi bundan əvvəl Odessada yerləşən neft bazası və qazpaylayıcı kompressor stansiyasına endirilən zərbələri də xatırladaraq, həmin hücumlar nəticəsində şirkətə ciddi maddi ziyan dəydiyini, həmçinin əməkdaşlar arasında yaralananların olduğunu səfirin diqqətinə çatdırıb.
XİN-in məlumatında qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hücumların davam etməsi onların məqsədli xarakter daşıdığını göstərir.
Eyni zamanda görüşdə Kiyevdəki Azərbaycan səfirliyinin və Xarkovdakı Fəxri Konsulluğun binalarının da müxtəlif hava hücumları nəticəsində zərər görməsi məsələsinə diqqət çəkilib.
Azərbaycan tərəfi Rusiyadan baş verən bütün hadisələrlə bağlı hərtərəfli araşdırma aparılmasını tələb edib. Hazırda Moskvanın bu məsələyə rəsmi münasibəti açıqlanmayıb.
SOCAR-ın Ukraynadakı “SOCAR Energy Ukraine” şirkətinin məlumatına görə, iyulun 5-i axşam saatlarında Nikolayev vilayətindəki obyekt dron zərbəsinə məruz qalıb və nəticədə ərazidə güclü partlayış baş verib. Ziyanın miqyası isə hazırda müəyyənləşdirilir.
Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı hərbi əməliyyatlar keçirir. Bu müddət ərzində hər iki tərəfdən yüz minlərlə insan həlak olub, milyonlarla ukraynalı isə qaçqın durumuna düşüb.