Hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan dini inanclı məhbus Amil Yusifov cərimə kamerasına salınıb.
Həyat yoldaşı Türkan Yusifova Meydan TV-yə bildirib ki, Amil Yusifovun karsa salınmasına səbəb azan oxuması olub:
“Müəssisə rəisi Cavid Səfərov dedi ki, qayda pozuntusunu edib. Sual verdim ki, hansı qaydanı pozub? Bu insanı ‘kriti’dən gətirib salıbsınız karserə. Zona buraxılmayan bir insan necə qayda pozuntusu edə bilər? O da dedi ki, azan verdiyi üçün. Azanını dörd divar arasında özü üçün verib də, çöldə kim eşidir ki onu? Dörd divardan çölə səs çıxır? Mən dedim o qayda pozuntusu deyil, səbəbsiz yerə salmısınız. Mənlə dirəşdi, mən dedim ki, mənim yoldaşım bu gün mənə zəng eləməlidir. Onlar da qoymadılar zəng eləməyə.”
Türkan Yusifova deyir ki, həyat yoldaşı bundan öncə 7 saylı cəzaçəkmə müəssisəsində İsrailin Baş Naziri Benyamin Netanyahunun ölkəyə səfər etməsinə etiraz etdiyi üçün onu 1 illik qapalı rejimli cəzaçəkmə müəssisəsinə göndəriblər.
“Penitensiarın rəis müavini Fikrət Qafarovun müavini Anar müəllim özü mənə dedi ki, da Alim Netanyahuya niyə etiraz eləyirdi ki? Deyir ki, siyasi məsələlərə qoşulmasın, Netanyahu gəldi-gəlmədi, Alimə nə? Dedim Alimin əqidəsinə görə tutursunuz. Onun də əqidəsi ona yol vermədi. Çünki Netanyahu dünya üzrə uşaq qatilidir. Ona görə etirazını eləyib. Etirazına görə də bağlı şəraitdə saxladılar”, – deyə Yusifova bildirib.
Alim Yusifov 2024-cü il yanvarın 31-də həbs olunub. Yusifov 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz əldə etmə və ya saxlama, istehsaletmə, daşınma, köçürmə və ya satış külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələr) maddəsi ilə ittiham olunur.
2024-cü il mayın 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsi Alim Yusifovu 5,5 il müddətinə azadlıqdan məhrum edib.