Əkrəm Əylisli beynəlxalq mükafat qazanıb

Foto: Meydan TV

Azərbaycanda Xalq yazıçısı fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilmiş nasir, dramaturq və tərcüməçi Əkrəm Əylisli Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2026-cı il Ədəbiyyat Mükafatına layiq görülüb.

Yazıçı mükafata Sovet dövründə qələmə aldığı “Adamlar və ağaclar” trilogiyasına görə layiq görülüb. Əsər uzun illər əvvəl yazılsa da, onun ingilis dilinə tərcüməsi yalnız bu yaxınlarda nəşr olunub.

Mükafatın qısa siyahısına üç müəllif daxil edilib. Final mərhələsində Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası polyak yazıçısı Yatsek Dukayın “Buz” romanı və misirli yazıçı Şadi Lyuisin “Qrinviç xəttində” kitabı ilə yarışıb. Münsiflər heyətinin qərarı ilə builki mükafatın qalibi Əkrəm Əylisli olub.

Avtobioqrafik elementlərlə zəngin olan trilogiyada hadisələr İkinci Dünya müharibəsi illərində Sovet Azərbaycanının dağ kəndlərindən birində yaşayan Sadıq adlı oğlanın gözü ilə nəql edilir. Əsərdə müharibə səbəbindən kişilərin cəbhəyə yollanması fonunda qadınların üzərinə düşən ağır əmək və ailələrin dolanışıq uğrunda mübarizəsi təsvir olunur.

Münsiflər heyəti əsərin təhkiyə üslubunu yüksək qiymətləndirərək bildirib ki, müəllif uşağın saf baxışları vasitəsilə böyüklərin ehtiraslarını və törətdikləri cinayətləri ustalıqla göstərməyi bacarıb.

Mükafatın münsiflər heyətinin sədri, britaniyalı yazıçı və ədəbiyyat tənqidçisi Maya Yaqqinin sözlərinə görə, tərcüməçi Ketrin E. Yanq rus dilindəki mətndən etdiyi ingilis dilinə tərcümədə əsərin sərt, eyni zamanda sehrli uşaqlıq atmosferini uğurla qoruyub.

Ketrin E. Yanq BBC-yə müsahibəsində bildirib ki, “Adamlar və ağaclar”  Əkrəm Əylislinin erkən yaradıcılığına aid olsa da, onun sonrakı əsərlərinə xas əsas xüsusiyyətləri özündə daşıyır. Tərcüməçinin sözlərinə görə, müharibə, aclıq, ekoloji dağıntılar və məişət zorakılığı kimi ağır mövzulara baxmayaraq, əsər oxucuda ümid hissi yaradır və onu tərcümə etmək böyük zövq verib.

AYİB Ədəbiyyat Mükafatı 2018-ci ildən etibarən hər il təqdim olunur. Mükafat AYİB-in fəaliyyət göstərdiyi ölkələrdə yazılmış və ingilis dilinə tərcümə edilərək nəşr olunmuş bədii əsərləri təşviq etmək məqsədi daşıyır. Müsabiqədə əvvəlcə qısa siyahı müəyyənləşdirilir, daha sonra üç finalçı seçilir və qalib elan olunur. Əsas mükafatın 20 min avroluq pul fondu qalib müəllif və tərcüməçi arasında bərabər bölünür. Digər iki finalçı və onların tərcüməçiləri isə pul mükafatı ilə təltif olunurlar.

Əkrəm Əylisli 2012-ci ildə nəşr olunan “Daş yuxular” povestindən sonra Azərbaycanda hakimiyyətin sərt reaksiyası ilə üzləşib. Ermənilərlə azərbaycanlılar arasındakı münasibətlərdən bəhs edən əsərin nəşrindən sonra yazıçı Xalq yazıçısı fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilib. Daha sonra ona qarşı etiraz aksiyaları keçirilib, kitabları yandırılıb, ünvanına təhdidlər səsləndirilib və barəsində cinayət işi açılıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həmin təqibi siyasi motivli hesab edib.

2016-cı ildən yazıçının ölkədən çıxışına məhdudiyyət qoyulub.

Ana səhifəSiyasətƏkrəm Əylisli beynəlxalq mükafat qazanıb