İctimai fəal Nicat İbrahimin 26 gündür cərimə kamerasında saxlanıldığı bildirilir.
Fəalın həyat yoldaşı Pərvin İbrahimovanın AzadlıqRadiosu-na verdiyi məlumata görə, iyunun 6-dan etibarən Nicat İbrahimlə görüşlərə və zənglərə qadağalar tətbiq edilib.
“Bir müddətdir onun sağ olub-olmamağından xəbərsiz idik. Düşündük ki, ya komadadır, ya da başına hər hansısa iş gəlib və buna görə də ondan xəbər yoxdur. Bu müddətdə Ombudsman və Penitensiar Xidmətlə də əlaqə saxlamışdıq, amma cavab ala bilməmişdik”, – deyə Pərvin İbrahimova deyib.
Ailə bildirib ki, bundan sonra vəkil Zibeydə Sadıqova iyulun 1-də 10 saylı cəzaçəkmə müəssisəsinə gedərək Nicat İbrahimlə görüşüb. Lakin yenədə məhbusun ailəsi ilə telefon danışıqları bərpa edilməyib.
“Nicatla danışsaq, səsini eşitsək biz də rahat olardıq. Bundan əvvəl də o iki dəfə həbsdə olub ona görə də indi hər hansı azruolunmaz hadisələr gözləyirik. Bir adamı 26 gün karsda saxlamaq nə deməkdir? Düşündükcə dəhşətə gəlirik”, – deyə ailə qeyd edib.
Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. O, ailəsi ilə birgə ölkədən çıxarkən hava limanında saxlanılıb. Onun sözlərinə görə, ölkədən buraxılmadığından, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.
O, bundan öncə 2020-ci ildə, Prezident Administrasiyasının qarşısında “İlham Əliyevə istefa” tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmışdı, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.