Hazırda 15 saylı Cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən, adı yerli hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında olan İlham Şıxəliyev 11 gündür aclıq aksiyası keçirir.
Bu barədə məhbusun anası Səadət Şıxəliyeva Meydan TV-yə məlümat verib.
Məhbusun anası deyir ki, iyunun 20-dən etibarən oğlu ilə əlaqə saxlaya bilməyib. Bundan sonra oğlunun “kars”a (cərimə kamerasına) salındığını öyrənib:
“Əvvəl Umbakıda saxlanılırdı, sonra 15 saylıya köçürüblər. Ora gətirən kimi də karsa salıblar. İlham da elə o vaxtdan aclığa başlayıb”.
Səadət Şıxəliyeva oğlunun işgəncə gördüyünü ehtimal edir. Onun sözlərinə görə, İlham Şıxəliyev əvvəl də işgəncəyə məruz qalıb, təhdid olunub. Günlərlə oğlu ilə əlaqə saxlaya bilməməsi onda bu qənaəti formalaşdırıb.
“Telefon danışığı qoymurlar. Mənə iki dəqiqəlik zəng elədi, o da üstüörtülü. Mən soruşdum: “aclıq eləmisən?” dedi, “hə”. Başqa söz deyə bilmədi. Danışanda başa düşdüm ki, halı da yox idi. Atası yemək apardı amma onu da qoymadılar, görüşə də buraxmadılar”, – deyə Şıxəliyeva bildirib.
İlham Şıxəliyev pertes (sümük xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Ailəsi onun sağlamlığından narahatdır. Onlar deyir ki, saxlanılan zaman MTN-də gördüyü zorakılıqdan sonra ayağındakı göyərtilər hələ də getməyib.
2025-ci il iyunun 12-də Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişib, “Kərimə” dövləti qurmaqda ittiham olunan İlham Şıxəliyevə hökm oxunub və o, 17 il azadlıqdan məhrum edilib.
Şıxəliyev AR Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), 234.1-1, 274 (dövlətə xəyanət), 28 (cinayətə hazırlıq),277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd) və 278.2-ci (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) madddələri ilə ittiham olunub.