Fon der Leyen: Ermənistanın Aİ-yə ixracının 80 faizi rüsumsuz olacaq

Foto: Paşinyanın rəsmi səhifəsi

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen iyulun 2-də Ermənistana səfər edib. O, Yerevanda Baş nazir Nikol Paşinyanla görüşdən sonra birgə mətbuat konfransı keçirib.

 Nikol Paşinyan çıxışında Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini bildirib.

“Ermənistan və Avropa İttifaqı heç vaxt olmadığı qədər yaxındır”

 “Ermənistan və Avropa İttifaqı (Aİ) heç vaxt olmadığı qədər yaxındır”, – deyə o vurğulayıb. Baş nazirin sözlərinə görə, bu yaxınlaşma yalnız siyasi bəyanatlarla məhdudlaşmır, həm də iqtisadi və praktiki sahələrdə real nəticələr verir.

Paşinyan həmçinin Ermənistan məhsullarının Aİ-yə “avtonom ticarət” mexanizmi ilə çıxışına görə Avropa Komissiyasına təşəkkür edib:

“Bu qərar qüvvəyə mindikdən sonra Ermənistan nə namizəd ölkə, nə də azad ticarət sazişi olmadan Aİ-nin bu mexanizmindən faydalanacaq ilk dövlət olacaq”,- deyə o bildirib.

Baş nazir layihənin yaxın vaxtlarda qəbul olunacağına ümid etdiyini də əlavə edib.

Aİ-dən 18 milyon avroluq əlavə dəstək

Ursula fon der Leyen isə çıxışında Ermənistanla əməkdaşlığın dərinləşdiyini vurğulayıb və ölkəyə siyasi dəstək mesajı verib:

“Bura bizə güvənə biləcəyinizi demək üçün gəlmişəm. Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca, Cənubi Qafqaz da bizə yaxınlaşır”.

Komissiya sədri Ermənistanın üzləşdiyi iqtisadi çətinliklərə də toxunub:

“Bilirəm ki, Ermənistan hələ də Rusiyanın iqtisadi təzyiqləri ilə üzləşir. Bu, artıq iqtisadi zorakılıq həddinə çatıb. Amma əmin olun, tərəfdaşlarımıza təzyiqlər artdıqca, Aİ fəallaşır və lazımi addımları atır”.

Onun sözlərinə görə, Ermənistan yaxın vaxtlarda ticarətin şaxələndirilməsi və ixrac potensialının artırılması üçün əlavə 18 milyon avro alacaq. Bu vəsaitin ixrac imkanlarını gücləndirəcək xüsusi mexanizmlərə yönəldilməsi nəzərdə tutulur.

Bu məbləğ iyun ayında razılaşdırılmış 52 milyon avroluq dəstək paketinin son hissəsidir. Həmin paket çərçivəsində Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsi və Rusiya bazarından asılılığın azaldılması hədəflənir.

80 faiz rüsumsuz ticarət və yeni bazar planı

Fon der Leyen Avropa İttifaqının Ermənistan üçün yeni ticarət rejimini də açıqlayıb:

“Biz avtonom ticarət qaydalarını təklif edirik. Bu o deməkdir ki, Avropa İttifaqına ixracın təxminən 80 faizi liberallaşacaq. Yəni bizimlə ticarətinizin 80 faizi rüsumsuz olacaq”.

Onun sözlərinə görə, bu mexanizm Ermənistanın əvvəllər əsasən Rusiya bazarından asılı olan ixracını 450 milyon istehlakçısı olan Avropa İttifaqı bazarına yönəltməsinə imkan verəcək.

Regional layihələr və siyasi mesajlar

Fon der Leyen həmçinin xatırladıb ki, Cənubi Qafqazda nəqliyyat və infrastruktur layihələrinin inkişafı üçün geniş maliyyə paketləri ayrılıb. O, regionda sülh və iqtisadi əlaqələrin gücləndirilməsinin Avropa İttifaqının əsas prioritetlərindən biri olduğunu bildirib.

Görüşün yekunlarına dair yayılan bəyanatda Aİ-nin Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsi, ticarətin şaxələndirilməsi və Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində dəstəyini artıracağı vurğulanıb.

Ursula fon der Leyen Yerevana səfərindən bir gün əvvəl, iyulun 1-də Bakıda Prezident İlham Əliyevlə görüşüb. Görüşdə Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığı, eləcə də regiona yönəlik investisiya planları müzakirə olunub.

Bakıda keçirilən mətbuat konfransında fon der Leyen Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı vasitəsilə sülhün dəstəklənməsi məqsədilə 200 milyon avroluq yeni maliyyə paketini açıqlayıb. Avropa Komissiyasının məlumatına görə, bu təşəbbüs çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinə 2 milyard avroyadək investisiyanın cəlb edilməsi planlaşdırılır.

Ana səhifəXəbərlərFon der Leyen: Ermənistanın Aİ-yə ixracının 80 faizi rüsumsuz olacaq