Rusiya Ermənistan seçkilərinin nəticələrini hələ də tanımayıb

Paşinyan və Mişustin – 2025-ci il, rəsmi foto.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə telefon danışığı aparıb. Bu, iyun seçkilərindən sonra onun Rusiya rəsmisi ilə ilk rəsmi təmasıdır. Rusiya həmin seçkilərin nəticələrini hələ də tanımayıb.

OC Media yazır ki, həm Ermənistan, həm də Rusiya tərəfindən yayılan, demək olar ki, eyni məzmunlu açıqlamalarda Paşinyan və Mişustinin Ermənistan – Rusiya əməkdaşlığının gündəliyində duran, ticarət-iqtisadi, elmi-texnoloji, eləcə də mədəni-humanitar sahələrə aid məsələləri müzakirə etdikləri bildirilib.

Rusiya Ermənistandakı parlament seçkilərinin nəticələrini xüsusilə tanımayıb və Paşinyanı qələbəsi münasibətilə təbrik etməyib. Bu isə Ermənistanın uzunmüddətli müttəfiqi kimi ənənənin pozulması deməkdir. Bunun əvəzinə, müxtəlif Rusiya rəsmiləri seçkiləri “şübhəli” adlandırıb, səsverməyə misilsiz Qərb müdaxiləsinin olduğunu iddia edib və bildirilir ki, dövlət mediasına seçkiləri Paşinyan üçün “məğlubiyyət” kimi təqdim etmək, eləcə də onun legitimliyini sual altına almaq göstərişi verib.

Rusiya rəsmiləri həmçinin Yerevanla Moskva arasında təmasların səviyyəsinin aşağı salınmasına çağırıblar.

Rusiyanın bu reaksiyası Moskvanın Ermənistanda rusiyapərəst namizədləri müəyyən qədər üstüörtülü şəkildə dəstəklədiyi bir vaxta təsadüf edir.

Səsvermə ərəfəsində Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “rusiyapərəst” qrupların seçkilərdə iştirak etməsi istəyini dilə gətirmişdi. Onların iştirakına baxmayaraq, bu qruplar Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasını məğlub edə bilməyiblər.

Eyni zamanda, seçkilər ərəfəsində Rusiya Ermənistan ixracına bir sıra məhdudiyyətlər tətbiq edib. Bunu çoxları seçkilərin nəticələrinə təsir göstərmək üçün iqtisadi təzyiq kimi qiymətləndirib. Səsvermədən cəmi bir neçə gün əvvəl Moskva Ermənistan üzrə səfiri Sergey Kopırkini “məsləhətləşmələr” üçün geri çağırıb. Kopırkin seçkilərdən sonra Yerevana qayıdıb.

Qayıdışından sonra, iyunun 12-də Yerevanda Rusiya Günü münasibətilə keçirilən və yüksək vəzifəli Ermənistan rəsmilərinin də iştirak etdiyi qəbulda Kopırkin bildirib ki, Ermənistan – Rusiya münasibətləri “dəyişən qlobal və regional reallıqlara yenidən qiymətləndirmə və uyğunlaşma mərhələsinə daxil olub”.

Gərginliyin hələ də aradan qalxmadığı bir vaxtda Ermənistan vəziyyəti yumşaltmaq üçün addımlar atırmış kimi görünür.

Çərşənbə günü Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, hazırda Rusiya tərəfinin “Tramp marşrutu”na (TRİPP) cəlb edilməsi məsələsi müzakirə olunmur.

Ermənistanın əsas hissəsini Azərbaycan ərazisindən keçmədən Naxçıvan eksklavı ilə birləşdirməyi nəzərdə tutan “Tramp marşrutu” Ermənistan – ABŞ birgə layihəsidir və 2025-ci ilin avqustunda Ermənistan, ABŞ və Azərbaycan arasında Vaşinqton sammitində elan edilib.

“Hazırda Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ tənzimləmələrinə uyğundur”, – Safaryan bildirib.

Bu açıqlamalar onun rusiyalı həmkarı Mixail Qaluzinin bazar ertəsi səsləndirdiyi fikirlərə cavab olaraq verilib. Qaluzin bildirmişdi ki, Ermənistan üzərindən tranzit Aİİ-nin “norma və qaydalarına uyğun şəkildə həyata keçirilməlidir”.

Bununla belə, Qaluzin layihədə Rusiyanın iştirakında israr edib və onun Ermənistanın cənubundan – Ermənistandakı rus sərhədçilərinin qoruduğu zonadan keçəcəyini vurğulayıb.

O, həmçinin Ermənistan dəmir yollarının Rusiya şirkəti tərəfindən idarə olunduğunu qeyd edib.

“Buna görə də hesab edirik ki, layihə Rusiyanın iştirakı ilə yalnız fayda qazana bilər”, – Qaluzin bildirib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərRusiya Ermənistan seçkilərinin nəticələrini hələ də tanımayıb