Ursula von der Leyenə müraciət: “İlham Əliyev təkbaşına idarəetmə modeli formalaşdırıb”

Foto: president.az

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) və həbsdə olan jurnalist Polad Aslanov Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə müraciət ünvanlayıb.

Müraciətlərdə Avropa İttifaqına Azərbaycanla əməkdaşlıqda insan hüquqları, demokratiya və siyasi məhbuslar məsələsini prioritet saxlamaq çağırışı edilib.

ASİMKOM-un iyulun 1-də yayılan müraciətində Avropa İttifaqına Azərbaycanla əməkdaşlıqda demokratiya, insan hüquqları və hüququn aliliyi məsələlərini diqqətdə saxlamaq çağırışı edilib.

Sənəddə Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Azərbaycanla enerji təhlükəsizliyi və Orta Dəhliz üzrə əməkdaşlığın əhəmiyyəti qeyd olunur. Eyni zamanda vurğulanır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmamalıdır.

Bildirilir ki, dayanıqlı və strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlar üzərində qurula bilməz və Avropa İttifaqının bəyan etdiyi dəyərlər əməkdaşlığın əsas hissəsi olmalıdır.

Sənəddə son on ildə Azərbaycanda demokratik institutların zəiflədiyi, təkhakimiyyətli idarəetmə modelinin formalaşdığı qeyd olunur.

“İlham Əliyev Azərbaycanda təkbaşına idarəetmə modeli formalaşdırıb. Azərbaycan Respublikasının Konstitusiyası da daxil olmaqla qanunvericilik Əliyevlər ailəsinin maraqlarına uyğunlaşdırılıb”.

Sənəddə müstəqil media, vətəndaş cəmiyyəti və siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir. Həmçinin bildirilir ki, Meydan TV, AbzasMedia, Toplum TV kimi müstəqil media qurumlarının redaksiya heyətləri həbs edilib, hazırda isə ölkədə 400-dən çox siyasi məhbus saxlanılır.

Müraciətdə həmçinin Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı xaricdə təqiblər həyata keçirdiyi qeyd olunur. Sənəddə müxtəlif ölkələrdə azərbaycanlı mühacirlərə qarşı ölüm və hücum hadisələri sadalanır, Fransa məhkəməsinin bloger Məhəmməd Mirzəli ilə bağlı hökmünə istinad edilir.

Sənəddə Azərbaycan hakimiyyətinin Rusiyanın Avropa İttifaqının sanksiyalarından yayınmasına yardım etdiyi, bəzi şirkətlərin və şəxslərin bu prosesdə rol aldığı da qeyd olunur.

Həbsdə olan jurnalist Polad Aslanov da bu gün Ursula fon der Leyenə müraciət ünvanlayıb. O, 8 ildir həbsdə olduğunu bildirərək Azərbaycanda jurnalistlər, blogerlər və hüquq müdafiəçilərinin azad sözü müdafiə etdiklərinə görə həbs edildiyini qeyd edib.

Aslanov müraciətində Avropa İttifaqının Bakı ilə münasibətlərdə insan hüquqları və siyasi məhbuslar məsələsini prioritet etməli olduğunu vurğulayıb:

“Avropa İttifaqının builki Bakı gündəliyinin ən önəmli, ən prioritet məsələsi məhz insan haqları, siyasi məhbuslar, günahsız yerə həbs edilən jurnalistlərin və hüquq müdafiəçilərinin problemləri olmalıdır”.

O, həmçinin bildirib ki, iqtisadi tərəfdaşlıq insan amilini və fundamental azadlıqları kölgədə qoymamalıdır. Aslanovun sözlərinə görə, “azad mətbuatın və haqları tapdanan insanların olmadığı bir mühitdə dayanıqlı heç bir tərəfdaşlıqdan söhbət gedə bilməz”.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu gün, iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib.

Səfər zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz layihəsi, regional əlaqələrin inkişafı və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.

Səfər ərəfəsində isə insan hüquqları təşkilatları, həbsdə olan siyasətçilər, ictimai fəallar və jurnalistlər Avropa Komissiyasının prezidentini Azərbaycan rəhbərliyi ilə görüşlərdə insan hüquqları və siyasi məhbuslar məsələsini gündəmə gətirməyə çağırıblar.

Ana səhifəSiyasətUrsula von der Leyenə müraciət: “İlham Əliyev təkbaşına idarəetmə modeli formalaşdırıb”