Bəylər Eyyubovun qardaşı oğlunun da təqsirləndirildiyi iş üzrə məhkəmə başlayıb

Ruslan Eyyubov – Foto: Liderxeber.az

Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubovun da təqsirləndirilənlər arasında olduğu 5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə digər 10 nəfərin məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda həbsdə olan altı təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Bu cinayət işi üzrə təqsirləndirilənlərdən biri olan Ruslan Eyyubov 2026-cı ilin iyununda səhhətindəki problemlər nəzərə alınaraq ev dustaqlığına buraxılıb. Bundan sonra onun barəsindəki cinayət işi ayrıca icraata ayrılıb. Bu səbəbdən o bugünkü məhkəmə prosesində iştirak etməyib. 

Təqsirləndirilən şəxslər arasında “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, gömrük postunun inspektorları Heydər Eyvazlı və Tamerlan Axundzadə də var. Onlardan altısı həbsdədir, dördü haqqında alternativ qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi istintaqın başa çatdığını, təqsirləndirilən şəxslərin məhkəmədən yayınmayacağını və şahidlərə təsir göstərmək imkanlarının olmadığını əsas gətirərək həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Heydər Eyvazlının vəkili isə cinayət işinin əlavə araşdırma üçün istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Təqsirləndirilən Tamerlan Axundzadə məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Növbəti məhkəmə iclası iyulun 15-nə təyin olunub. Həmin iclasda prokuror ittiham aktını elan edəcək, daha sonra təqsirləndirilən şəxslərin ifadələri dinləniləcək.

Cinayət işi üzrə ibtidai istintaq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb.

İttihama görə, təqsirləndirilən şəxslər Birləşmiş Ərəb Əmirlikləri və İrandan gəmi ilə gətirilən, aksiz markası olmayan 5,4 milyon manat dəyərində siqaretləri Bakı Hövsan limanı vasitəsilə qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1-ci (aksiz markası ilə markalanmalı olan malları aksiz markası olmadan satış məqsədilə saxlama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Ruslan Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Ruslan Eyyubovun qardaşı Həsən Eyyubov da uzun illər Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. O, cinayət işi üzrə həbslərdən qısa müddət əvvəl vəzifəsindən azad edilib.

Ruslan Eyyubov həmçinin kimya sənayesi sahəsində fəaliyyət göstərən “NB Qrup” şirkətinin rəhbəri kimi tanınır.

Ana səhifəSiyasətBəylər Eyyubovun qardaşı oğlunun da təqsirləndirildiyi iş üzrə məhkəmə başlayıb