“Toplum TV işi” üzrə hazırda həbsdə olan İlkin Əmrahov ədliyyə naziri Fərid Əhmədova müraciət edib.
Əmrahov müraciətində bildirib ki, Penitensiar Xidmətdə həkim oftalmoloq yoxdur. O qeyd edib ki, Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib və cavabda bildirilib ki, səhiyyə xidmətləri əlçatandır.
“Dövlət büdcəsindən 1500 məhbus üçün səhiyyə xidmətlərinə görə 200 min AZN ayrılıb. Həmsöhbət olduğum məhbuslar, təqsirləndirilən şəxslər bu barədə məlumatsızdır. Vəsaiti necə xərcləmisiniz ki, yaşlı insanlar sınıq eynəklərlə gəzirlər, göz ölçülərini müəyyənləşdirə bilmirlər?!”, – deyə İlkin Əmrahov müraciətində deyib.
Əmrahov müraciətində qeyd edib ki, qanunvericilikdə həbs edilmiş şəxslərin tibbi təminatla təmin edilməsinə saxlanıldığı müəssisə cavabdehdir:
“Penitensiar Xidmətmətdə oftamoloq yoxdur. Zəhmət çəkin, üzərinizə düşən öhdəliyi yerinə yetirin! Həmsöhbət olduğum digər şəxslər bu vəziyyətin Penitensiar Xidmətin digər təcridxana və cəzaçəkmə müəssisələrində də eyni olduğunu bildirirlər.”
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
İyunun 8-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışov Akif Qurbanov və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin hər birinə 16 il, “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli və IDI əməkdaşı Əli Zeynala 15 il, “Toplum TV” redaktoru Müşfiq Cabbar, IDI əməkdaşları İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif edib.