Ursula fon der Leyenin Bakıya səfəri fonunda insan hüquqları ilə bağlı çağırışlar artıb

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu gün, iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib.

Səfər zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz layihəsi, regional əlaqələrin inkişafı və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.

Səfər ərəfəsində isə insan hüquqları təşkilatları, həbsdə olan siyasətçilər, ictimai fəallar və jurnalistlər Avropa Komissiyasının prezidentini Azərbaycan rəhbərliyi ilə görüşlərdə insan hüquqları və siyasi məhbuslar məsələsini gündəmə gətirməyə çağırıblar.

III Respublika Platformasının “Toplum TV işi” üzrə həbsdə olan spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli iyulun 1-də fon der Leyenə ünvanladıqları müraciətdə səfəri müsbət qiymətləndirdiklərini, lakin Avropa İttifaqının xarici siyasətində insan hüquqları, demokratikləşmə və hüququn aliliyinin prioritet olduğunu xatırladıblar.

Onlar Avropa Komissiyasını əməkdaşlığı yalnız hökumətlə deyil, müstəqil vətəndaş cəmiyyəti, media və siyasi qüvvələrlə də qurmağa çağırıblar.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti də fon der Leyenin səfəri ərəfəsində dərc etdiyi məqalədə Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqət çəkib.

Nəşr yazır ki, həbsdə olan siyasi fəallar fon der Leyenə ünvanladıqları məktubda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın inkişafını müsbət qiymətləndirsələr də, münasibətlərin yalnız strateji maraqlarla məhdudlaşmamalı olduğunu bildiriblər. Onlar Avropa İttifaqını Azərbaycanda insan hüquqları pozuntularını və siyasi məhbuslar məsələsini də danışıqların əsas mövzularından birinə çevirməyə çağırıblar.

Belə iyunun 28-də həbsdə olan fəallar, o cümlədən Bəxtiyar Hacıyev də fon der Leyenə məktub göndərərək siyasi məhbusların azad edilməsini, insan hüquqları məsələsinin gündəmə gətirilməsini və müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərin keçirilməsini istəmişdilər.

Məqalədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ötən həftə qəbul etdiyi qətnaməyə də istinad olunur. Qətnamədə Azərbaycanda siyasi məhbusların sayının 328 nəfərə çatdığı qeyd edilir və ölkədə müstəqil səslərin sistemli şəkildə susdurulduğu bildirilir.

FAZ xatırladır ki, fon der Leyen 2022-ci ildə Bakıya səfəri zamanı Azərbaycanı Avropa İttifaqının “etibarlı tərəfdaşı” adlandırmış, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra enerji əməkdaşlığının genişləndirilməsinə üstünlük vermişdi. Nəşrin fikrincə, həmin səfərdə insan hüquqları ilə bağlı açıq tənqid səsləndirilməmişdi.

Bundan əvvəl də həbsdə olan bir qrup siyasi fəal fon der Leyenə məktub göndərərək Avropa İttifaqını Azərbaycanla əməkdaşlıqda insan hüquqları və qanunun aliliyini prioritet saxlamağa, bütün siyasi məhbusların azad edilməsini tələb etməyə və səfər proqramına müstəqil jurnalistlər, hüquq müdafiəçiləri, blogerlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri daxil etməyə çağırmışdı.

Mayın 30-da isə həbsdə olan AbzasMedia jurnalistləri Avropa Komissiyasının prezidentinə müraciət edərək, siyasi məhbusların azad edilməsinin Azərbaycanla tərəfdaşlıqda əsas şərtlərdən biri kimi irəli sürülməsini və insan hüquqları pozuntularına açıq münasibət bildirilməsini istəmişdilər.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəSiyasətUrsula fon der Leyenin Bakıya səfəri fonunda insan hüquqları ilə bağlı çağırışlar artıb