Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətlər tətbiq ediləcək

Həbs. Mənbə: Maxx-Studio/shutterstock

Azərbaycanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açması qadağan edilir, xarici platformalara isə bu ölkədə qeydiyyatdan keçmək və ya nümayəndəlik yaratmaq öhdəliyi qoyulur.

Bununla bağlı Milli Məclis iyunun 30-da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Dəyişikliklər sosial şəbəkə platformaları üçün yeni öhdəliklər müəyyən edir. Qanuna əsasən, platformalar istifadəçilərin yaşını yoxlamalı, dövlət qurumlarının sorğularını cavablandırmalı, Azərbaycanda qeydiyyatdan keçməli və ya nümayəndəlik yaratmalıdır. Tələblərin yerinə yetirilməməsi halında isə mərhələli maliyyə və texniki sanksiyalar nəzərdə tutulur.

Qanuna əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Platformalar istifadəçinin yaşını əvvəlcə onun bəyanı, daha sonra isə bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə yoxlamalı olacaq. 16-18 yaş arası istifadəçilərin hesablarında valideyn nəzarəti tətbiq ediləcək. Provayderlər “zərərli” məzmunun 24 saat ərzində məhdudlaşdırılmasını, həmçinin yaşın yoxlanılması üçün toplanan şəxsi məlumatların proses başa çatdıqdan sonra silinməsini təmin etməlidirlər.

Dəyişikliklər yalnız istifadəçilərlə bağlı deyil, sosial şəbəkə platformalarının fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycandakı istifadəçilərə xidmət göstərən provayderlər ölkədə dövlət qeydiyyatına alınmalı və ya nümayəndəlik yaratmalı, dövlət qurumları ilə operativ əlaqə üçün əlaqə mərkəzi formalaşdırmalı, habelə dövlət orqanlarının sorğularını beş iş günü ərzində cavablandırmalıdırlar.

Qanunun tələblərinə əməl etməyən provayderlərə qarşı mərhələli sanksiyalar nəzərdə tutulur. Əvvəlcə yazılı xəbərdarlıq ediləcək, daha sonra 100 min və 300 min manat məbləğində maliyyə sanksiyaları tətbiq olunacaq. Tələblər yenə də yerinə yetirilməzsə, platformada reklam yerləşdirilməsi qadağan edilə, internet trafikinin həcmi isə mərhələli şəkildə 20, 50 və 90 faizədək azaldıla bilər.

Əfqan Muxtarlı: “Bu, şübhəsiz ki, ifadə azadlığının məhdudlaşdırılmasıdır”

Jurnalist Əfqan Muxtarlı Meydan TV-yə açıqlamasında  qəbul edilən bu dəyişiklikləri və tətbiq olunacaq məhdudiyyətləri söz və ifadə azadlığının məhdudlaşdırılmasına yönəldiyini deyir. Özünün “TikTok” səhifəsinin yalnız Azərbaycan daxilində bloklandığını diqqətə çatdıran jurnalist, bu cür qərarların arxasında internet məkanına total nəzarət yaratmaq niyyətinin dayandığını bildirir. Onun sözlərinə görə, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması bir sıra Avropa ölkələrində də tətbiq olunur, lakin Azərbaycanda müəyyən edilən yanaşma daha geniş məhdudiyyət yaradır.

Jurnalist Əfqan Muxtarlı
Foto: Meydan TV

“Bu, şübhəsiz ki, ifadə azadlığının məhdudlaşdırılmasıdır.16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə olmasının mən də əleyhinəyəm. Avropada da bu məsələ ciddi müzakirə olunub. Amma Azərbaycanda bu yaş həddini hətta 17-18 yaşına qədər nəzərdə tuturlar. Bunun heç bir elmi izahı yoxdur. İstənilən qadağa və ya qanun əsaslandırılmalıdır”.

Jurnalist həmçinin yeni nəzarət mexanizmlərinin, xüsusilə də nümayəndəlik açmayan platformaların sıxışdırılmasının gənc nəslin ictimai aktivliyinə mənfi təsir edəcəyini vurğulayıb:

“Ümumiyyətlə, Azərbaycanda həm media, həm də internet şəbəkəsi ilə bağlı qəbul edilən qanunların hər biri mürtəce qanunlardır. Ölkədə söz, ifadə azadlığının məhdudlaşdırılmasına yönəldilib. Bu qaydaların nəticəsində Azərbaycan əhalisinin, xüsusən də ən gənc nəslinin sosial şəbəkələrdən kənarlaşdırılması baş verəcək. Sosial şəbəkələrlə bağlı nəzərdə tutulan dəyişikliklərdə hətta bu şirkətlərin Azərbaycanda mütləq nümayəndəliklərinin açılması, açılmayan halda isə platformaların bağlanması nəzərdə tutulub. Bütün bunlar total nəzarət üçündür və uşaqların yaş həddi ilə bağlı qadağalar Z nəslinin Azərbaycanın sosial həyatından kənarlaşdırılmasına gətirib çıxaracaq”.

Son illərdə Azərbaycanda sosial şəbəkələr və internet platformalarının fəaliyyəti ilə bağlı nəzarət mexanizmləri mərhələli şəkildə genişləndirilib. Daha əvvəl ayrı-ayrı internet resurslarına giriş məhdudlaşdırılıb, müxtəlif sosial media hesabları və platformalarda yayılan məzmunla bağlı hüquqi tədbirlər görülüb. Yeni dəyişikliklər isə ilk dəfə olaraq sosial şəbəkə provayderlərinin fəaliyyətinə və istifadəçilərin yaşına dair ayrıca tələblər müəyyən edir.

Ana səhifəSiyasətAzərbaycanda sosial şəbəkələrə məhdudiyyətlər tətbiq ediləcək