Heyvan haqları fəalı polis tərəfindən zorakılığa məruz qaldığını deyir

Heyvan haqlarının müdafiəsilə məşğul olan ictimai fəal Nicat İsmayıl (Foto: Ülviyyə Əli)

Heyvan hüquqları müdafiəçisi Nicat İsmayıl Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirir.

Nicat İsmayıl hesab edir ki, zorakılığa səbəb bir neçə gün öncə İDEA Heyvanlara Qayğı Mərkəzinin küçə itlərinə qarşı zorakılıq halları ilə bağlı video yayımlaması olub. 

Onun sözlərinə görə, evinin yaxınlığında yerləşən kafelərin birində əyləşərkən polis əməkdaşları ilə arasında mübahisə yaranıb daha sonra Firuz adlı əməkdaş ona qarşı zorakılıq göstərib:

“Kafedən uzaqlaşarkən orada əyləşən bir xanım mənə tərəf baxaraq “nəyə baxırsan?” dedi. Ona “sənə baxmadığımı” deyib, yoluma davam elədim. Sonra arxadan bir polis əməkdaşı yaxınlaşıb, eyni sualı verdi. Mən vəziyyəti izah etməyə çalışırdım ki, kənardan Firuz adlı digər bir polis əməkdaşı qəfil çənəmə yumruqla vurdu. Düşünürəm ki, buna səbəb bir gün əvvəl Bakıxanov qəsəbəsində sahibsiz heyvanlara qarşı törədilən cinayətlərlə bağlı çəkdiyim tənqidi videodur. Böyük ehtimalla polislərə əmr verilib ki, Nicatı harda gördünüz vurub ağıllandırın”.

O deyir ki, hadisədən sonra dəfələrlə ona polis idarəsindən zəng gəlib və təhdid edilib.

“Hadisə yerindən qaçdım, taksiyə minib evə gəldim. Gecə dayanmadan mənə bir neçə dəfə zəng vurdular. Daha sonra videonu çəkdim ki, mənə zəng vuran 13-cü polis bölməsinin əməkdaşlarıdır. Düşünmürdülər ki, olanları sosial mediada paylaşacam. Mənə telefonda dedilər ki, hələ çənən yaxşı qırılmayıb, yerindədir, sənin çənəni qıracağıq”, – deyə o, bildirib.

Heyvan haqları fəalı deyir ki, daha sonra 13-cü polis bölməsinin rəisi Anar Süleymanov zəng edərək onu bölməyə çağırıb və zorakılıq törədən şəxsin cəzalandırılacağını bildirib.

Nicat İsmayıl deyir ki, yaşadığı ərazizə davamlı olaraq sahibsiz küçə heyvanlarını yemləyir və buna görə əvvəllər bir neçə dəfə problem yaşayıb.

İyunun 30-da Nicat İsmayıl Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Cinayət Axtarış İdarəsinin rəisi Tərxan Əhmədov bildirib ki, baş verən hadisə ilə bağlı polis əməkdaşları haqda lazımi tədbirlər görüləcək.

Ana səhifəSiyasətHeyvan haqları fəalı polis tərəfindən zorakılığa məruz qaldığını deyir