AbzasMedia-nın hazırda həbsdə olan jurnalistləri sabah Azərbaycana səfəri gözlənilən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə müraciət ediblər.
Müraciətdə ölkədə tənqidi səslərin sistemli şəkildə susdurulduğu, müstəqil jurnalistlər, müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti aktivistləri və gənc alimlərin saxta ittihamlarla həbs edildiyi vurğulanır. Jurnalistlər bildirib ki, bu proses 2023-cü ilin noyabrından etibarən daha aktiv hal alıb və cəmiyyətdə qorxu mühiti formalaşdırıb.
Məktub müəllifləri hazırda ölkədə 330-dək siyasi məhbusun olduğunu bildirərək, son iki ildə onlardan ikisinin – Elbəyi Kərimli və İlqar Əliyevin həbsxanada müəmmalı şəkildə vəfat etdiyini qeyd ediblər.
Jurnalistlər deyir ki, Avropa ölkələrinin Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı insan haqları və demokratiyanı onların maraqlarına qurban verilməsinə səbəb olur.
“İlham Əliyevin ölkədə kütləvi həbslər həyata keçirərkən bir arxayınlığı var. O da Avropanın susqunluğudur. Avropa ölkələrinin Azərbaycanla enerji əməkdaşlığı dəyərlərin maraqlara qurban verilməsinə gətirib çıxarıb”, – deyə jurnalistlər yazır.
Müraciətdə həmçinin qeyd edilir ki, 2024-cü ildən etibarən AŞPA və Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamələrdə Azərbaycanın yüksək vəzifəli şəxslərinə sanksiyaların tətbiqi, tərəfdaşlıq əlaqələrində hüququn aliliyi və siyasi məhbusların azadlığı şərtinin qoyulması tələb edilsə də, bu çağırışlar hələ də icra olunmamış qalır.
Müraciətdə AbzasMedia-nın jurnalistləri Avropa Komissiyasının Prezidentini Bakıdakı rəsmi görüşlər zamanı insan haqları pozuntularına səssiz qalmamağa və bu məsələni şərt kimi qoymağa çağırıblar:
“Bu barədə təkcə bağlı qapılar arxasında yox, eyni zamanda ictimai şəkildə danışacağınıza ümid edirik. Həm də ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq üçün öncə ölkənin insan haqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsini, siyasi məhbusları azad etməsini şərt kimi irəli sürəcəksiniz. Sizi dəyərlərinizi iqtisadi maraqlarınıza qurban verməməyə çağırırıq”, – deyə müraciətdə vurğulanır.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin sabahdan regions səfəri gözlənilir. O, iyulun 1-i və 2-i tarixlərində Azərbaycan və Ermənistanda səfərdı olacaq.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb.