Həbsdə olan siyasi fəallar Avropa Komissiyasının Prezidentinə çağırış ediblər

Leyen və Əliyev, foto: president.az

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 1 iyulda Azərbaycana gələcək. Həbsdə olan bir qrup siyasi fəal və Bəxtiyar Hacıyev məhbəsdən Avropa Komissiyasının Prezidentinə məktub ünvanlayıblar.

Yazını olduğu kimi təqdim edirik:

Avropa İttifaqı ilə Azərbaycan arasında son dövrlərdə müşahidə olunan müsbət dinamikanı məmnunluqla qarşılayırıq. Enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi sahələrdə əlaqələrin inkişafı hər iki tərəfin maraqlarına xidmət edən və uzunmüddətli tərəfdaşlıq üçün mühüm imkanlar yaradan müsbət prosesdir.

Bununla yanaşı, hesab edirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında dayanıqlı, etibarlı və uzunmüddətli münasibətlər yalnız strateji və iqtisadi maraqlar üzərində qurulmamalıdır. İnsan hüquqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqlar bu əməkdaşlığın ayrılmaz və əsas sütunlarından biri olmalıdır.

Azərbaycana planlaşdırılan səfəriniz ərəfəsində Sizi insan hüquqları məsələsini Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq. Ümid edirik ki, Avropa İttifaqı Azərbaycanda həbsdə saxlanılan bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsinə açıq və prinsipial şəkildə çağırış edəcək, eyni zamanda ölkədə fundamental hüquq və azadlıqların təmin olunması istiqamətində real addımların atılmasının vacibliyini vurğulayacaqdır.

Həmçinin ümid edirik ki, əvvəlki yüksək səviyyəli səfərlərdən fərqli olaraq, səfər proqramınıza hələ də fəaliyyətini böyük çətinliklər və risklər altında davam etdirən müstəqil jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər də daxil ediləcəkdir.

Belə görüşlər Avropa İttifaqının yalnız strateji tərəfdaşlığa deyil, həm də onun təməlini təşkil edən insan hüquqları, demokratiya və qanunun aliliyi kimi fundamental dəyərlərə sadiqliyini nümayiş etdirəcəkdir. Bu, eyni zamanda Azərbaycanda hüquq və azadlıqlar uğrunda dinc və qanuni yollarla fəaliyyət göstərən insanlara mühüm mənəvi dəstək olacaqdır.

İnanırıq ki, həqiqətən davamlı və etibarlı əməkdaşlıq yalnız qarşılıqlı maraqlar deyil, həm də ortaq dəyərlər və insan hüquqlarına hörmət üzərində qurulduğu halda mümkün ola bilər.

Səfəriniz zamanı insan hüquqları məsələsinin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın ayrılmaz hissəsi kimi qaldırılacağına və bu mövzuda aydın, prinsipial mövqe nümayiş etdirəcəyinizə ümid edirik.

Ana səhifəXəbərlərHəbsdə olan siyasi fəallar Avropa Komissiyasının Prezidentinə çağırış ediblər