Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı təzyiqlərin olduğu deyilir.
Bu barədə partiyanın sədrinin Hüquqlarının Müdafiə Komitəsi sosial mediada məlumat yayıb.
Bildirilir ki, Əli Kərimli telefonla danışmaq hüququndan məhrum edilir. Həmçinin onunla eyni kamerada qalan digər məhbusların da zənglərinə məhdudiyyətlərin olduğu qeyd edilib. Məlumatda qeyd edilib, şəraitsiz saxlanılma vəziyyəti Kərimlidə ciddi yuxu problemlərinin yaranmasına səbəb olub:
“Məsələ bundan ibarətdir ki, Əli Kərimli ilə eyni kameraya yerləşdirilən şəxslərdən birinin psixi sağlamlıq durumu başqaları üçün işgəncə nəticəsi yaradır. Bu şəxsin gecə saatlarında uca səslə anlaşılmaz “zikr etmə vərdişi” onunla eyni kamerada yaşamağa məcbur edilənləri yuxu imkanlarından məhrum edir.”
Məlumatda qeyd edilir ki, bu şərait məqsədyönlü şəkildə Əli Kərimlinin sağlamlığına və onun iradəsini qırmağa qarşı yönəlmiş addımdır.
Partiya bildirib ki, Kərimlinin həyatı üçün yarana biləcək hər hansı problemə rejim cavabdehdir:
“Rejimin Əli Kərimliynin həyatına qarşı başqa, daha ciddi və daha məkrli planları ola bilər və indi yaradılan bu situasiya da həmin planın tərkib hissəsidir.Müdafiə Komitəsi bəyan edir ki, Əli Kərimlinin sağlamlığı və həyatı üçün yarana biləcək hər cür təhlükəyə görə Azərbaycan rejimi və onun başında dayanan şəxs birbaşa məsuliyyət daşıyır. Biz Azərbaycan dövlətinin adının siyasi rəqiblərə qarşı terror aktları ilə yanaşı çəkilməsini istəmirik”.
AXCP sədri Əli Kərimli və Partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb. Onların həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir. Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.