İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb.
Toplum TV xəbər verir ki, buna səbəb təqsirləndirilən şəxslərin və müdafiəçilərinin ötən prosesdə dövlət ittihamçısının etdiyi çıxışın mətni ilə hələ tanış olmamasıdır.
Proses vəkillərin müdafiə nitqləri ilə davam etməli olsa da, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov buna etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxslərin öz müdafiələrini qura bilmələri üçün prokurorun çıxışı ilə tanış olmaq hüquqları var.
Prosesə sədrlik edən hakim Azər Tağıyev isə əvvəlcə A.Qurbanovun tələbini təmin etmək istəməyib və onun çıxışını “şou” adlandırıb.
“Məhkəmə adı ilə şou göstərən sizsiniz. Proses başlayanda özünüzü elə aparırdınız ki, sanki İlham Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqsınız. Bəs nə oldu? Heç bir məhkəmə istintaqı aparmadınız, vəsatətlərin heç birini təmin etmədiniz”, – A.Qurbanov cavab verib.
IDI rəhbəri dövlət ittihamçısının çıxışında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş “sübut”ları da cinayət faktı kimi təqdim etməsinə irad tutub. Hakim isə prokuroru müdafiə edib, onun çıxışında bu “sübut”ları əsaslandırdığını deyib.
A.Qurbanov məhkəmənin araşdırmaqdan boyun qaçırdığı məsələlərə nümunə kimi həbsindən öncə polisin onun 17 min manat pulunu götürməyini xatırladıb.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrında III Respublika Platformasının qurucu üzvü Araz Əliyev onun əl çantasını ofisdən götürərək çıxıb və bir qədər sonra polis tərəfindən saxlanılıb.
“Çantanın içində mənə aid “MacBook Air 13″ markalı kompüter, bank kartları və 17 min manat nəğd pul olub. Araz Əliyev 25 sutka həbs cəzası aldı və cəzasını bitirdikdə sərbəst buraxıldı. Lakin çanta və içindəkilərin aqibəti hələ də naməlumdur. Mən prosesdə sizə Daxili İşlər Nazirliyinin bu cinayətini dedim, araşdırılmasını istədim. Bunu da araşdırmadınız”, – o qeyd edib.
Hakim sonra təqsirləndirilən şəxslərin müraciətini nəzərə alaraq onların prokurorun çıxışı ilə tanış olmaları üçün prosesi iyunun 29-a qədər təxirə salıb.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Ötən məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışov Akif Qurbanov və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin hər birinə 16 il, “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli və IDI əməkdaşı Əli Zeynala 15 il, “Toplum TV” redaktoru Müşfiq Cabbar, IDI əməkdaşları İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif edib.