Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi raket istehsalında Azərbaycanın adı hallanır

Azərbaycan-Ukrayna-Rusiya. Foto: motioncenter/shutterstock

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə istifadə etdiyi raketlərin istehsalında Azərbaycanın da iştirak etdiyi iddia olunur.

Bu barədə sənədləri Ukrayna hökumətinin nəzarətində olan United24 yayımlayıb.

Sənədlərə görə, Rusiyanın Perm Barıt Zavodundan göndərilən komponent əvvəlcə Azərbaycanda fəaliyyət göstərən “İqlim” Elmi-İstehsalat Müəssisəsinə çatdırılıb, daha sonra yenidən Rusiyaya göndərilərək X-29TE idarə olunan raketlərinin istehsalında istifadə olunub.

X-29TE Rusiyanın istehsal etdiyi hava-yer tipli idarə olunan raketdir. Bu raketlər əsasən Su-34 kimi döyüş təyyarələrindən buraxılır və mühüm hədəfləri dəqiq vurmaq üçün istifadə olunur.

Raket 320 kiloqramlıq döyüş başlığı daşıyır və saatda 2200 kilometrə qədər sürətlə hərəkət edə bilir. O, körpülər, anbarlar, sənaye obyektləri, təyyarə sığınacaqları və uçuş-enmə zolaqları kimi möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Araşdırmada “İqlim” müəssisəsinin əvvəllər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olduğunu, sonradan isə dövlət nəzarətində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərəfindən idarə olunduğu qeyd edilir.

Araşdırma müəllifləri məsələ ilə bağlı həm “İqlim”, həm də “Azərsilah” Müdafiə Sənayesi Holdinqinə sorğu göndərdiyini, lakin material dərc olunanadək cavab almadığını bildirib.

Materialda həmçinin qeyd olunur ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı Ukraynaya qarşı hərbi əməliyyatdan əvvəl başlayıb və əldə olunan sənədlərə əsasən sonrakı illərdə də davam edib.

Azərbaycanın rəsmi qurumları isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ana səhifəSiyasətRusiyanın Ukraynaya qarşı istifadə etdiyi raket istehsalında Azərbaycanın adı hallanır