Beynəlxalq Human Rights Solidarity təşkilatı Söyüdlü etirazlarının 3-cü ildönümü və həmin hadisələr zamanı baş verənləri lentə alan Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıq (Əhmədova) barədə bəyanat yayıb.
Təşkilat bəyanatında bildirir ki, Gədəbəyin Söyüdlü kəndində ətraf mühitin çirklənməsinə qarşı etirazlardan sonra 3 ildir ki, polis kəndi blokada altında saxlayır. Bəyanatda vurğulanır ki, həmin etirazları ilk işıqlandıran jurnalist Aytac Tapdıq olub:
“Meydan TV-nin jurnalisti Aytac Tapdıq hadisələrin dərhal ardından kəndə daxil olaraq baş verənləri lentə alan ilk müstəqil müxbirlərdən biri idi. Onun çəkdiyi kadrlar sürətlə dünyaya yayıldı”.
Təşkilat qeyd edib ki, hadisədən bir neçə ay sonra jurnalistlər Aytac Tapdıq və Meydan TV-nin digər həbsdə olan jurnalisti Xəyalə Ağayeva Gədəbəy mərkəzinə çatdıqdan sonra onlar polis tərəfindən izlənilib və kəndə yaxınlaşmalarının qarşısı alınıb. Həmçinin hazırda hər iki jurnalistin maliyyə qaçaqmalçılığı ittihamı ilə haqsız yerə həbs olunduğu qeyd olunub:
“Hazırda hər iki jurnalist Meydan TV əməkdaşlarına qarşı həyata keçirilən genişmiqyaslı repressiya dalğasının qurbanı olaraq həbsdədir – onların yeganə “günahı” həqiqəti işıqlandırmaq və paylaşmaq olub.”
Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da həbs edilib.
Bu iş üzrə saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə — qaçaqmalçılıq əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — ittiham irəli sürülüb.
2025-ci il fevralın 5-də “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 20-də jurnalist Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər. Onlar siyasi sifarişlə həbs olunduqlarını, məqsədin ölkədə müstəqil medianı və azad səsləri susdurmaq olduğunu bildirirlər.