“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatı hüquq müdafiəçisi Rüfət Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı növbəti zərbə hesab edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin iyunun 12-də çıxardığı hökmə əsasən, Rüfət Səfərov qəsdən sağlamlığa az ağır zərər vurma, külli miqdarda ziyan vurmaqla dələduzluq və xuliqanlıq ittihamları ilə 8 il azadlıqdan məhrum edilib.
Təşkilatın bəyanatında deyilir ki, Səfərovun həbsinin beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı dövrə təsadüf etməsi onun hüquq müdafiəçiliyi fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair şübhələr yaradır.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də ABŞ-də İnsan Hüquqları Müdafiəçisi Mükafatını almalı idi. Lakin o, bu səfər üçün viza almağa gedərkən ABŞ səfirliyinin qarşısında həbs edilib.
“Onun cinayət təqibi Azərbaycanda jurnalistləri, fəalları, müxalifət nümayəndələrini və hüquq müdafiəçilərini susdurmaq məqsədilə saxta və ya siyasi motivli ittihamlardan istifadə olunması ilə bağlı geniş tendensiyanın bir hissəsidir. Azərbaycan hakimiyyəti Rüfət Səfərovu dərhal və qeyd-şərtsiz azad etməli, barəsindəki hökmü ləğv edərək bütün siyasi motivli ittihamları geri götürməlidir. Ölkənin beynəlxalq tərəfdaşları isə vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulması və fundamental hüquqlarına görə həbs olunan şəxslərin azadlığa buraxılması üçün rəsmi Bakıya təsir göstərməlidirlər”, – HRW-nin bəyanatında deyilir.
Rüfət Səfərov 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Hüquq müdafiəçilərinin son hesabatına görə isə, ölkədə 328 siyasi məhbus var. Hökumət bu statusda şəxslərin varlığını qəbul etməsə də, beynəlxalq qurumlar hakimiyyəti siyasi təqibləri, azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırır.