Əli Kərimlinin telefon danışıqlarına qadağa qoyulub

Əli Kərimli – Foto: Şəxsi X platforması

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə ailəsi ilə telefon danışıqlarına qadağa qoyulub.

Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Əli Kərimli artıq ikinci dəfədir ki, telefon zəngi hüququndan istifadə edə bilmir.

İyunun 16-da vəkili ilə görüşən Əli Kərimli bildirib ki, telefon danışığı hüququnun pozulmasını təsadüfi saymır. Onun sözlərinə görə, ailəsi ilə danışarkən yerli və xarici medianın suallarını cavablandırdığı üçün təcridxana rəhbərliyi bundan narazı qalıb.

“Baxmayaraq ki, mənim saxlanma şəraitim əvvəldən sərt olub, “France 24”ə verdiyim  müsahibədən sonra saxlanma şəraitimi daha da çətinləşdiriblər. Ailəmlə telefon əlaqəsi saxlamağa imkanın verilməməsi də diktə etdiyim yazılarla bağlıdır. Təcridxanada üzləşdiyim çətinliklərlə bağlı hələlik detallı məlumat verməyə ehtiyac duymuram. Bir şey şəksizdir ki, Azərbaycan hakimiyyəti burada problemlər yaratmaqla yazılarımın dayandırılmasına nail olmaq istəyir. Xalqımıza bəyan edirəm ki, heç bir təzyiq, çətinlik qarşısında azadlıq, ədalət və əqidəm uğrunda mübarizədən vaz keçmərəm”, – Əli Kərimliyə istinadla bildirilir.

Əli Kərimli “France 24”-ə müsahibəsində özünü vicdan məhbusu adlandıraraq, həbsini siyasi sifariş kimi dəyərləndirib və Azərbaycandakı repressiyaların Rusiya ilə yaxınlaşma nəticəsində artdığını iddia edib. O, Avropanı Azərbaycan qazına görə prinsiplərdən imtina etməkdə tənqid edib və mübarizəni davam etdirəcəyini vurğulayıb. 

AXCP sədri Əli Kərimli və Partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsədirlər. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb. Onların həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir. Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.

Ana səhifəSiyasətƏli Kərimlinin telefon danışıqlarına qadağa qoyulub