Sistemdəki şiş – Xərçəng: Korrupsiyaya bulaşmış Onkologiya Mərkəzi

2026-cı il aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində partlayış baş verdiyi barədə xəbər yayıldı.

Sonradan məlum oldu ki, onkoloji xəstə olan, 1988-ci il təvəllüdlü Mübariz Əliyev özü ilə gətirdiyi partlayıcı vasitəni müalicə müəssisəsinin Radiologiya şöbəsində partladıb. O, hadisə yerində ölüb, həkim Asif Nəsirli isə ağır yaralanıb. “Azadlıq” qəzeti elə həmin gün yazırdı ki, xəstə Mübariz Əliyevin müalicə üçün xəstəxanaya ödəməyə pulu olmayıb.

Mayın 5-də həkim-radioloq Asif Nəsirlinin də həyatını itirdiyi məlum oldu. Hazırda iş üzrə istintaq davam edir. Mətbuatda yayılan təhlillər və ekspert şərhləri də göstərdi ki, burada sadə həkim-xəstə qarşıdurmasından daha çox, dərin sistemli problemlər var.

Onkoloji statistikanın ümumi mənzərəsinə baxaq: həkimlər və xəstələr niyə üz-üzə qalıblar? Azərbaycanda nə qədər insan xərçənglə mübarizə aparır və onların üz tutduğu Milli Onkologiya Mərkəzində rüşvət iddiaları nə qədər geniş yayılıb?

Ölkədə hər 6 ölüm hadisəsindən birinin səbəbi xərçəng xəstəliyi olub. Hər gün orta hesabla 41 nəfərə bu diaqnoz qoyulur.

Artım varmı?

2024-cü ildə qeydiyyatda olan yenitörəmə xəstələrinin ümumi sayı 78,875 nəfər göstərilir. Xoşxassəli yenitörəmələri çıxsaq, 73,875 nəfər bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olub. Təkcə 2023-cü ildən 2024-cü ilə keçiddə qeydiyyatdakı xəstələrin sayı qəfil 9,440 nəfər artıb: 69,435-dən 78,875-ə.

Bu artımı təkcə əhali artımı ilə izah etmək mümkün deyil. 2024-cü ildə ölkədə hər 10 min nəfər əhali arasında yenitörəmə aşkarlanan şəxslərin sayı 19,9 nəfər olub. 2015-ci ildə bu göstərici 11.7 nəfər idi. Bu, 2015-ci ildən 2024-cü ilə təxminən 70% artım deməkdir.

Hazırda onkoloji xəstəlikdən əziyyət çəkən jurnalist Əvəz Zeynallı rəsmi rəqəmlərə inanmır.

DSK isə bildirir ki, 2024-cü ildə ilk dəfə sırf bədxassəli şiş, yəni xərçəng diaqnozu 15,164 nəfərə qoyulub. Ondan əvvəlki il bu rəqəm 13,666 olmuşdu. Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 41 nəfərə xərçəng diaqnozu qoyulur.

2024-cü ildə ölkədə ümumi ölüm sayı 58,909 nəfər olub. Bunun 9,681-i xərçəng səbəbindən baş verib. Bu da təxminən hər 6 ölümdən 1-nin xərçəngdən olması deməkdir.

Daha çox xəstələnənlər qadınlardır. 2024-cü ildə yeni diaqnoz qoyulan 15,164 nəfərin əksəriyyəti – 8,051 nəfəri qadınlardır. Qadınlar arasında ən çox yayılan növ süd vəzi xərçəngidir: bir ildə 2,674 nəfər.

Süd vəzi xərçəngindən sonra traxeya və bronx xərçəngi – 1.525 nəfər, mədə xərçəngi isə 1.437 nəfər təşkil edib.

Xərçəng qadınlar arasında daha çox yayılsa da, 2024-cü ildə bu xəstəlikdən ölən 9,681 nəfərin böyük əksəriyyəti – 5,546 nəfəri kişilərdir. İddia edilir ki, bunun səbəbi kişilər arasında ən çox yayılan ağciyər/traxeya və mədə xərçəngi növlərinin daha gec aşkarlanması, daha aqressiv və ölümcül xarakter daşımasıdır.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) yenilənmiş təxminlərinə əsasən, 2022-ci il üçün dünya regionları üzrə təxminən 20 milyon yeni xərçəng halı qeydə alınıb və xərçəngdən 9,7 milyon ölüm baş verib. Təxminlər göstərir ki, kişilərin və qadınların təxminən beşdə biri ömürləri boyunca xərçəngə tutulur. Eyni zamanda, kişilərin təxminən doqquzda biri, qadınların isə on ikidə biri xərçəngdən ölür. Demoqrafiyaya əsaslanan proqnozlar göstərir ki, 2050-ci ilə qədər dünyada yeni xərçəng hallarının sayı 35 milyona çatacaq.

Amma erkən müayinə və tibbin inkişafı həyatları xilas etməyə də davam edir. Tibbdə 5 il və daha çox yaşama əsas göstəricilərdən biri sayılır. Əgər Azərbaycanda 2016-cı ildə 5 il və 5 ildən artıq yaşayanların sayı 17 min 166 nəfər idisə, 2023-cü ildə bu rəqəm 25 min 257 nəfərə çatıb. Rəqəmlərdəki artım həm də erkən aşkarlanmanın faydasını göstərə bilər.

Xəstəliyin cavanlaşmağa meyilli olduğu da güman edilir. 2023-cü ildə 107 uşağa diaqnoz qoyulmuşdusa, 2024-cü ildə bu rəqəm 139 uşağa yüksəlib. Bu, 30% artım deməkdir. Ümumilikdə isə qrafikdən də xərçəngə yaş artdıqca daha çox rast gəlindiyini görmək olar.

İnsanlar müayinə imkanlarından məhrum olanda xəstəlik gec aşkarlanır. 2020-ci ildə qeydiyyata düşən 11 min 595 nəfər birincili onkoloji xəstədən birinci-ikinci mərhələdə olanlar 4575 nəfər, üçüncü mərhələdə olanlar 3876 nəfər, dördüncü mərhələdə olanlar isə 3144 nəfər olub. Xərçəng, xüsusən də onun bəzi növləri erkən aşkarlananda artıq tibb üçün o qədər də dəhşətli sayılmır. Amerika Xərçəng Cəmiyyəti bildirir ki, döş xərçəngi ilkin, lokalizə olunmuş mərhələdə aşkarlanarsa, xəstələrin 99%-dən çoxu tam sağalma və həyatda qalma şansı əldə edir. Xəstəliyin vaxtında müəyyən edilməsi üçün isə illik rutin check-up müayinələr lazımdır. Problem də elə burada başlayır.

Bəs bu qədər xəstə necə müalicə olunur?

Əslində, “Onkoloji yardım haqqında” Qanunda açıq yazılıb: “Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir”. Amma rəqəmlərə baxanda görünür ki, dövlət bu vədini yerinə yetirmir – hətta rəsmi rəqəmlərlə belə.

2026-cı ildə səhiyyəyə xəzinədən birbaşa 2 milyard 24,3 milyon manat ayrılıb. İcbari Tibbi Sığorta haqları ilə birlikdə səhiyyəyə yönəldilmiş ümumi vəsait 3 milyard 746 milyon manata çatır. Onkoloji xəstəliyə tutulmuş şəxslər üçün isə bu il xəzinədən ümumilikdə cəmi 65,6 milyon manat vəsait ayrılıb. 65,6 milyon manat 3 milyard 746 milyon manatın təxminən 1,75%-ni təşkil edir. Onkoloji xəstələrin xərcləri ağır olsa da, onlara ayrılan vəsait buna adekvat deyil. Başda da dediyimiz kimi, rəsmi rəqəmləri əsas götürsək belə, dövlətin qanunla verdiyi təminatı həyata keçirmədiyini görürük.

Əgər qeydiyyatda 73,875 xəstə varsa və büdcədən 65.6 milyon manat ayrılırsa, bu, bir xəstə üçün ildə orta hesabla təxminən 888 manat deməkdir. Amma müasir onkoloji müalicələr, kimyaterapiya kursları və əməliyyatlar üçün bu məbləğ cüzidir. Məsələn, xəstəliyi hüceyrə səviyyəsində dəqiq aşkarlayan PET müayinəsinin qiyməti 1200-1500 manat arasındadır və bu müayinə İcbari Tibbi Sığorta tərəfindən qarşılanmır. Bütün yük xəstənin üzərinə düşür.

Səhiyyə xərcləri artsa da, hökumətin İcbari Tibbi Sığorta (İTS) sisteminə birbaşa ayırdığı pul kəskin şəkildə azaldılır. 2025-ci ildə dövlət büdcəsindən İTS-yə 1 milyard 416 milyon 405 min manat ayrıldığı halda, 2026-cı ildə bu rəqəm 900 milyon manata endirilib. Bu, 516,5 milyon manatlıq ciddi azalma deməkdir. Professor Cəmil Həsənli 2025-ci ilin oktyabrında bu azalmaya etiraz etdiyi paylaşımında deyirdi: “Bu səhiyyənin vətəndaşın cibi hesabına pullu xidmətə keçməsi deməkdir. Elə belə də izah edilir. Daha bunun nəyi tibbi sığorta oldu?”.

2024-cü ildə deputat Əhliman Əmiraslanov da demişdi: “Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir”.

Azərbaycanda 2021-ci ilin aprelindən bütün ölkənin icbari tibbi sığorta ilə əhatələndiyi deyilir. Xəstəxanalarda ən sadə müayinələr üçün belə əlini cibinə atmalı olan vətəndaşlar isə belə xəbərlərə sadəcə istehza ilə yanaşırlar.

Əgər xəstə birtəhər vəsait toplasa, yolunun düşəcəyi ünvan budur: Milli Onkologiya Mərkəzi.

2026-cı il mayın 5-də Tehran Salmanov adlı Instagram istifadəçisi mərkəz qarşısındakı növbəni təsvir edərək yazırdı: “Saat 11-dən 5 saat gözləyib qeydiyyata düşə bilməmişik. Bu sadəcə qeydiyyatdı. Saat 16:00-da növbə bizə çatır, otağa daxil olanda iş saatımız bitdi deyib bu günə keçirik”. Müəllif yazır ki, gözləyənlərin əksəriyyəti yaşlıdır və bölgələrdən gəliblər. Ac-susuz qalmaq, axşam qalmaq və rayona qayıtmaq stresi insanları aqressivləşdirir.

Onkologiya Mərkəzinə vaxtaşırı dövlət büdcəsindən ayrıca pullar ayrılır. Ötən il prezidentin ehtiyat fondundan müəssisəyə 650 min manat ayrıldığı barədə Meydan TV-nin xəbərinə yazılan şərhlərdə insanlar yeyinti şübhələrini dilə gətirirdilər.

Rüşvət məcburiyyəti

Qısası, dövlət qanunvericiliklə təminat versə də, vətəndaş müayinə xərcini belə özü qarşılamalı olur. Xərçəng xeyli “bahalı xəstəlikdir” və minlərlə insan onun müalicəsi üçün banklardan yüksək faizli kreditlər almağa, borc tapmağa məcbur qalır. Sosial şəbəkələrdə yardım kampaniyaları aparılır, müxtəlif insanlar müalicələri üçün vəsait toplamağa çalışırlar. Səhiyyədə rüşvət halları ilə bağlı isə artıq illərdir mətbuatda faktlar paylaşılır. Hələ 2016-cı ildə Aslan İsmayılov mərkəzdə prosedurlara uyğun rüşvət qiymətlərini də paylaşmışdı – qrafiklərdən bunu görmək olur. Yeri gəlmişkən, Aslan İsmayılov 2019-cu ildə xuliqanlıqda ittiham olundu. O bildirirdi ki, bunun ən əsas səbəbi Milli Onkologiya Mərkəzində baş verən korrupsiya və biabırçılıqları ictimailəşdirməsi olub.

Hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlı 2024-cü ildə JamNews üçün yazırdı ki, Milli Onkologiya Mərkəzində Nərgiz adlı qadınla tanış olub. 34 yaşlı Nərgiz ona deyib ki, döş xərçəngi əməliyyatı üçün ailəsindən 7150 manat istəyiblər. O, daha sonra biri 8, digəri 12 kurs davam edən kimyaterapiya müalicəsi almalı olub. Ailəsi hər kurs üçün orta hesabla 350-450 AZN arası pul ödəyib. Biz sosial şəbəkələrdə mərkəzlə bağlı xəbərlərə yazılan şərhlərdən də dəqiqləşdirdik ki, insanlardan aşağı-yuxarı eyni məbləğdə rüşvət tələb olunur. Hələ müayinə xərcləri də var.

Jurnalist Aytən Məmmədova 2025-ci ilin avqustunda yazırdı ki, Milli Onkologiya Mərkəzində analizlər 250 manatdır, digər müayinələr üçün biri 120 manat, o biri 90 manat, başqa biri 130 manat istəyir. O deyir ki, analizləri götürmək üçün də ondan 92 manat pul tələb ediblər. Tibb bacısı jurnalistə qəbz verməkdən imtina edib: “Ay xanım, bazar deyil, siz də pomidor, xiyar satmırsınız…”

Orta aylıq nominal əməkhaqqı əsasında təxminən hesablasaq, orta maaş alan xəstə sağalmaq üçün 1 il heç nə yeyib-içməməlidir.

28 seanslıq şüanın da 1000 AZN-ə edildiyi barədə Savash.org 2023-də yazmışdı. Jurnalistlər iddia edirdilər ki, ilk müraciət zamanı müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul tələb olunur.

Xəstələr və yaxınları deyirlər ki, zərurət olmadığı halda müxtəlif müayinələr tələb olunur. Üstəlik, bir çox əməliyyatların sadəcə “pul tələsi” kimi təyin edildiyinə dair çoxsaylı iddialar var. Türkiyəli həkimin bu barədə açıqlaması ictimaiyyətdə xeyli suallar doğurmuşdu.

O da görünür ki, tibb universitetini bitirən gənc həkimlər xəstəxanaya gələndə tibbi etikanı, müasir protokolları öyrənmək əvəzinə, böyük həmkarlarından korrupsiya mexanizmlərini öyrənməli olurlar. Beyin köçü baş verir – daha gənc, bu sistemə bulaşmaq istəməyən həkimlər alman dili öyrənir, ölkəni tərk edirlər. 2024-cü ildə təhsil eksperti, sonradan imtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilib məhkəmə zalında həbs edilən Kamran Əsədov demişdi ki, son beş il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb. Onun bu rəqəmi nəyə əsasən iddia etdiyi bilinmir, amma həkimlərin xaricə köçü Azərbaycanda son illərdə bir çox siyasi və ictimai fiqurun narahatlığını bölüşdüyü məsələdir.

Bəzən yerli mediada “həkim-qəssab”, dövlət xəstəxanası üçün isə “düşərgə”, “qəssabxana” kimi bənzətmələrə rast gəlmək olur. Bizimlə danışan həkimlər isə, əsasən, işlərini itirməmək üçün bu sistemə etiraz etmədiklərini, amma belə sistemin onlar üçün də sərfəli olmadığını deyirlər. Bəzi nadir ixtisaslar üzrə maaşlar Azərbaycan üçün çox yaxşı hesab olunsa da, tibb işçilərinin əksəriyyəti aşağı maaşdan gileylənir. TƏBİB-in layihəsi çərçivəsində həkimlərin maaşı 371% artaraq 1850 manata çatdırılıb. Təşkilatın sədri Vüqar Bayramov 2025-ci ilin dekabrında 8 illik fəaliyyətin hesabatında bununla öyünürdü. 2024-cü ildə kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata qaldırılmışdı. 2026-cı il martın 1-i vəziyyətinə görə, səhiyyə sahəsində çalışanların orta aylıq maaşı 925,4 manat olub. Həkimlərə və tibb işçilərinə verilən bu maaş yaşayış şərtlərinə görə real deyil. Regionlarda vəziyyətin ümumiyyətlə ürəkaçan olmadığı bilinir. Bir qrup ixtisaslı həkim çox yüksək əməkhaqqı alır, digərləri isə kəskin aşağı maaşla işləyir. Rüşvət həkim və tibb bacısı üçün zərurətə çevrilir. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı isə dövlət qurumu kimi fəaliyyət göstərir, səhiyyə işçilərinin problemlərinə diqqət çəkmir. Xəstə sayı artır, həkim sayı azalır, yerdə qalanlar daha çox və daha ağır şərtlərdə çalışmalı olur. Xəstə və həkim qiymətdə anlaşmır, narazılıq yaranır, əsəblər pozulur. Nəticədə xəstəxana ilə assosiasiya edilən qayğı və şəfqət bu dəhlizlərdə yoxa çıxır.

Həkim nə etsin?

Həkim Adil Qeybulla 6 may tarixli xəbərdə Meydan TV-yə deyirdi ki, cəmiyyətdə həkimlə xəstə arasında gərginlik var və bunun günahkarı sistemin yanlış idarə olunmasıdır. Ekspertin fikrincə, həkimlərin fiks maaşı qeyd olunmur, yəni bonus sistemi şəffaf deyil, korrupsiyaya və rüşvətə zəmin yaradır.

Mütəxəssislər deyirlər ki, vətəndaşların şikayətlərinin araşdırılmaması narazılığı və aqressiyanı artırır. Bir tərəfdə hər ay minlərlə xəstəyə kömək edən, amma buna uyğun maaş ala bilməyən, beləliklə, həm də rüşvətxorluğa məcbur qoyulan həkim var. Digər tərəfdə isə növbələrdə gözlədilən, addımbaşı rüşvət tələbi ilə üzləşən, buna görə banklara üz tutmalı olan və bütün bunlarla paralel xərçənglə mübarizə aparan xəstə.

Bu partlayışda həyatını itirən Asif Nəsirli haqqında onun həmkarları da danışır, narahatlıqlarını bölüşürlər. Professor Adil Qeybulla da Globalinfo-ya müsahibəsində bu məsələyə toxunmuşdu: “Həkimlə bağlı məsələyə gəlincə, onu şəxsən tanımasam da, mövcud məlumatlara görə, o, nadir ixtisas sahiblərindən olan uşaq radioloqu idi… belə mütəxəssislərin əhəmiyyəti xüsusilə böyükdür. Ümumiyyətlə, peşəkar həkimin yetişməsi uzun illər tələb edir… bu proses bəzən 15-20 il çəkir. Bu sahədə Asif Nəsirli kimi mütəxəssis azdır”.

Bu durum hazırda xəstəxanalarda çalışan həkimlərə də pis təsir edir, yolu oradan düşənlərə də.

Gürcüstan azərbaycanlısı Rza Qurbanovun yazdığı bir paylaşım iki qonşu ölkədə iki fərqli yanaşmanı ortaya qoyurdu. O deyirdi ki, Gürcüstanda “onkoloji şöbə olan bütün xəstəxanalarda xidmət növlərinin hamısı tam dövlət hesabınadır. Kimyəvi və immun terapiya, şüalanma, MRT və KT, müxtəlif növ analizlər və ən əsası lazım olan ən bahalı dərmanlar da xəstəyə dövlət hesabına hər ay verilir. Bizim xəstəmizə hər ay qiyməti 3 min laridən (min dollardan çox) dərman pulsuz verilir. Xəstəmizin 6 ildə müalicəsi üçün çəkdiyi xərc sıfıra bərabərdir”.

Meydan TV-də bu material hazırlanarkən baş redaktorumuz Aynur Elgünəşin də ağır xəstəliyə tutulduğu barədə xəbər aldıq. Xəbəri jurnalist Aytən Məmmədova yaydı, ölkənin ictimai həyatında tanınan şəxslər paylaşdı. Aynur özü bu məlumatları doğrulamayıb, amma dostları güman edirlər ki, Elgünəş sadəcə sağlamlığı ilə bağlı mövzunun gündəmə gətirilməsinin əleyhinədir. Meydan TV-nin baş redaktoru Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə həbs edilib. O, həbsini siyasi sifariş sayır.

Yekun

Son olaraq, Milli Onkologiya Mərkəzinin baş direktoru Prezident İlham Əliyevin dayısı Cəmil Əliyevdir. O, 1990-cı ildən bəri, təxminən 36 ildir bu vəzifədədir. Onun vəzifədə olduğu müddətdə mətbuatda davamlı olaraq bu mərkəzlə bağlı şikayətlər dərc olunmasına baxmayaraq, Cəmil Əliyev nəinki bundan zərər görür, hətta ardıcıl orden və medallarla təltif olunur. Hakimiyyət rəsmiləri isə xəstəxanalarda rüşvətlə bağlı sadəcə inkar yolunu seçirlər.

Ana səhifəXəbərlərSistemdəki şiş – Xərçəng: Korrupsiyaya bulaşmış Onkologiya Mərkəzi