“Meydan TV işi” üzrə məhkəmə tərkibi dəyişdirilib.
Vəkillərin Meydan TV-yə verdiyi məlumata görə, əvvəlcə yalnız məhkəmə tərkibinə sədrlik edən hakimin dəyişdirildiyi bildirilsə də, sonradan hər üç hakimin dəyişdirilməsi barədə qərar qəbul olunub.
Belə ki, məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev təyin edilib. Hakimlər isə Azər Tağıyev və Roman Ələkbərlidir.
“Meydan TV işi” üzrə indiyədək məhkəmə prosesinə sədrlik edən hakim Aytən Əliyeva mayın 26-da Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.
Jurnalist Ramin Dekonun (Cəbrayılzadə) vəkili Nemət Kərimli deyir ki, qanuna görə, ehtiyatda olan hakim dəyişərsə, o, protokolla tanış olur və məhkəmə davam edir:
“Hər üç hakimin eyni anda dəyişməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Belə olan halda məhkəmə yenidən başlanılacaq”.
Jurnalist Aysel Ümüdovanın vəkili Rövşanə Rəhimli də bildirir ki, bu halda məhkəmə yenidən başlana bilər.
“Əvvəl yan hakimlər qalırdı, indi isə hər üç hakim dəyişdirilib. Əgər hər üçü dəyişdirilibsə, ehtimal var ki, məhkəmə yenidən başlanılacaq. Biz məhkəmənin yenidən başlanmasına etiraz edəcəyik və hakimlərin protokolla tanış olmasını tələb edəcəyik”, – Rövşanə Rəhimli deyib.
“Meydan TV işi” üzrə sonuncu məhkəmə prosesi aprelin 13-də keçirilib. Bundan sonra təyin olunan məhkəmə iclasları hakimlər tərəfindən müxtəlif səbəblərlə təxirə salınıb.
Mayın 22-də keçirilən məhkəmə prosesində isə bu iş üzrə həbsdə olan jurnalist Xəyalə Ağayeva sərbəst ifadəsində İlham Əliyevin oğlu Heydər Əliyevin adını çəkdikdən sonra hakimlər onun çıxışını bir neçə dəfə kəsiblər. Hakimlər jurnalistin ifadəsini tamamlamağa icazə verməyib və məhkəmə zalını tərk ediblər.
“Meydan TV işi” üzrə ilk məhkəmə baxışı 12 dekabr 2025-ci ildə başlayıb.
Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da həbs edilib.
Bu iş üzrə saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə — qaçaqmalçılıq əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — ittiham irəli sürülüb.
2025-ci il fevralın 5-də “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 20-də jurnalist Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər. Onlar siyasi sifarişlə həbs olunduqlarını, məqsədin ölkədə müstəqil medianı və azad səsləri susdurmaq olduğunu bildirirlər.