İqbal Əbilovun rus dilində şeirlər kitabı nəşr olunub

İqbal Əbilov. Foto: Ülviyyə Əli

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı, 18 il azadlıqdan məhrum edilmiş İqbal Əbilovun rus dilində şeirlər kitabı nəşr olunub.

Yaxınlarının verdiyi məlumatda bildirilir ki, kitab Polşada, Varşava şəhərində fəaliyyət göstərən  “JKB Print” nəşriyyatında çap edilib.

Kitabın ilk şeiri Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2025-ci ilin dekabrında saxlanıldığı 2 Saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində intihar etdiyi deyilən Elbəyi Kərimliyə həsr edilib.

İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəSiyasətİqbal Əbilovun rus dilində şeirlər kitabı nəşr olunub