Azərbaycanda qeydiyyatdan keçmiş azı 31 şirkət Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid tankerlərin təhlükəsizlik idarəçiliyində iştirak edir. Şirkətlərin 30-u Sumqayıtda qeydiyyatdan keçib.
OCCRP-nin dərc etdiyi araşdırmada göstərilir ki, son iki ildə Azərbaycanda yeni yaradılmış bir sıra şirkətlər Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan neft tankerlərinin təhlükəsizlik idarəçiliyini üzərinə götürüb.
Bu tankerlər Rusiyanın xam neft və neft məhsullarını daşımaq üçün istifadə etdiyi “kölgə donanması” ilə əlaqələndirilir. Qərb ölkələri həmin gəmiləri Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra tətbiq edilən sanksiyalardan yayınmaqda iştirakına görə hədəfə alıb.
OCCRP, iFact, GMC, Monitori və Meydan TV-nin əldə etdiyi Azərbaycan Vergi Reyestri sənədlərinə əsasən, 2023-2025-ci illər arasında Azərbaycanda azı 31 Beynəlxalq Təhlükəsizlik İdarəçiliyi – ISM şirkəti qeydiyyatdan keçib. Onların 30-u Sumqayıtda qeydiyyatdadır.
Beynəlxalq gəmiçilik təhlükəsizliyi üzrə məlumat bazası olan Equasis-in qeydlərinə görə, həmin şirkətlər sanksiyaya məruz qalmış gəmilərin idarəçiliyində iştirak edir. Bəzi hallarda bu idarəçilik gəmilərə sanksiya tətbiq edilməzdən əvvəl, bəzi hallarda isə sanksiyalardan sonra başlayıb.
Araşdırmada qeyd olunur ki, bu 31 şirkətdən yalnız yeddisi artıq sanksiyalı gəmilərin meneceri deyil. Qalan şirkətlər isə Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən tankerlərin təhlükəsizlik idarəçiliyində iştirakını davam etdirir.
Avropa–Rusiya siyasəti üzrə ekspert, Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin nümayəndəsi İsaak Levi OCCRP-yə bildirib ki, ISM şirkətləri gəmiçiliyin “əməliyyat dayağı” sayılır.
Onun sözlərinə görə, bu şirkətlər təhlükəsizlik qaydalarına əməl olunması, heyətin idarə edilməsi, texniki xidmət və sığorta koordinasiyası kimi məsələlərlə məşğul olur. Lakin “kölgə donanması” kontekstində bu cür şirkətlər gəminin əsl sahibinin və ya onu idarə edən şəxslərin gizlədilməsinə də kömək edə bilər.
Levi deyib ki, belə strukturların sahibləri çox vaxt şəffaflığın zəif olduğu yurisdiksiyaları seçirlər. Onun fikrincə, anonimlik, məhdud açıqlama tələbləri və zəif tənzimləmə real əməliyyatçını və gəmidən qazanc götürən tərəfləri gizlətməyi asanlaşdırır.
“‘Kölgə donanması’nda şəffaflığın olmaması çox vaxt təsadüf deyil, bilərəkdən qurulmuş mexanizmdir. Bu, sanksiyaya düşmək riskini azaltmağa xidmət edir”, – Levi bildirib.
Araşdırmada adı çəkilən tankerlər Rusiya neftinin və neft məhsullarının daşınmasında iştirakına görə Brüssel və Londonun sanksiya siyahılarına salınıb. “Kölgə donanması” adlandırılan bu şəbəkə Rusiyanın Qərb sanksiyalarından yan keçərək neft ixracını davam etdirməsinə imkan verən qeyri-şəffaf gəmiçilik sistemi kimi tanınır.
Mənbə: OCCRP, iFact, GMC, Monitori, Meydan TV