Meydan TV beynəlxalq “Azad Media Öncülü” mükafatına namizədlər siyahısına daxil edilib

Foto: IPI-IMS

Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyi (IMS) 2026-cı il “Azad Media Öncülü” mükafatı üçün qısa siyahını açıqlayıb.

Siyahıda dünyanın müxtəlif ölkələrindən müstəqil jurnalistikanın inkişafı və müdafiəsi sahəsində fəaliyyət göstərən 11 media qurumu yer alıb. Namizədlər arasında Azərbaycandan Meydan TV və AbzasMedia da var.

IPI və IMS bildirir ki, bu ilki qısa siyahıya daxil edilən təşkilatlar mətbuat azadlığı üçün getdikcə daha çətinləşən şəraitdə xəbər və informasiyanın sərbəst dövriyyəsini təmin etmək üçün yeni yanaşmalar ortaya qoyublar və müstəqil medianın dayanıqlılığını nümayiş etdiriblər.

2013-cü ildə yaradılmış Meydan TV vətəndaş jurnalistikası, korrupsiya və insan hüquqları pozuntularına dair reportajları ilə tanınır.

IPI və IMS-in məlumatına görə, 2024-cü ilin dekabrından 2025-ci ilin avqust ayınadək Meydan TV ilə əlaqəli 12 nəfər həbs edilib. Onlar bir qrup halında mühakimə olunurlar və pul yuma, vergidən yayınma da daxil olmaqla müxtəlif maliyyə cinayətlərində ittiham edilirlər, onları uzunmüddətli həbs cəzası gözləyə bilər.

Məlumatda qeyd olunur ki, Meydan TV jurnalistləri həbsxana kameralarından və məhkəmə zallarından söz və mətbuat azadlığının müdafiəsini davam etdirirlər. Media qurumunun fəaliyyəti isə mühacirətdə davam edir və o, Azərbaycanın getdikcə daha repressivləşən media mühitində müstəqil jurnalistikanın nadir mənbələrindən biri olaraq qalır.

Meydan TV-nin baş redaktoru Orxan Məmməd namizədliyin xüsusilə həbsdə olan jurnalistlər üçün mühüm mənəvi dəstək olduğunu bildirib:

“Bizim üçün Meydan TV-nin bu mükafata namizəd kimi nəzərdən keçirilməsi təkcə peşəkar fəaliyyətimizin tanınması deyil, həm də çox çətin və həssas bir dövrdə mühüm mənəvi dəstəkdir. Xüsusilə həbsdə olan həmkarlarımız üçün bu mükafat ümid, sevinc və dözüm mənbəyidir. Onların Azərbaycanda söz azadlığı, jurnalistika və həqiqət uğrunda apardıqları mübarizənin tanınmasıdır.

Üzləşdiyimiz çətinliklərə, təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq, bu mükafata namizədliyin nəzərdən keçirilməsi işimizin diqqətdən kənarda qalmadığını və beynəlxalq ictimaiyyətin Azərbaycanda dəqiq informasiyaya çıxışın qorunması uğrunda mübarizəmizdə bizimlə həmrəy olduğunu göstərir”.

Qısa siyahıda Meydan TV və AbzasMedia ilə yanaşı Kambocadan Kamboca Jurnalistlər Alyansı Assosiasiyası (CamboJA), Fransadan Forbidden Stories, Nigeriyadan Araşdırma Jurnalistikası Fondu (FIJ), Kosta Rikadan Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (El CLIP), İsveç/Banqladeşdən Netra News, Cənubi Afrikadan Oxpeckers Araşdırma Ətraf Mühit Jurnalistikası, Sudandan Radio Dabanga, Suriyadan Hesabatlılıq Jurnalistikası üçün Suriya Araşdırma Reportajları Mərkəzi (SIRAJ) və Əfqanıstandan Zan Times yer alıb.

2026-cı il “Azad Media Öncülü” mükafatının qaliblərinin yaxın günlərdə açıqlanacağı bildirilir.

Ana səhifəSiyasətMeydan TV beynəlxalq “Azad Media Öncülü” mükafatına namizədlər siyahısına daxil edilib