“Toplum TV işi” üzrə həbsdə olan hüquqşünas və media məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin ailəsi onunla görüşə buraxılmadıqlarını bildirir.
Bu barədə Məmmədlinin həyat yoldaşı Günay Məmmədli mayın 30-da sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, həmin gün Ələsgər Məmmədlinin anası və bacısı görüş üçün saatlarla gözləsələr də, görüş baş tutmayıb.
“Bu gün həmişəki kimi qanun əsasında Ələsgərlə görüş günü idi. Aylardır övladını görməyən 82 yaşlı, güclə yeriyən anası və xərçəng xəstəliyi ilə mübarizə aparan bacısı rayondan Bakıya, 400 km yol qət edərək onun görüşünə getmişdi. Çox təəssüf ki, bu gün 3-4 saat gözləntidən sonra görüş ala bilməyib qayıdıblar”, – Günay Məmmədli yazıb.
O bildirib ki, həyat yoldaşının səhhətindən narahatdır və ailə üzvləri ilə görüşə imkan verilməməsinin onun durumuna mənfi təsir etdiyini düşünür.
“26 aydır haqsız yerə ‘qaçaqmalçı’ damğası ilə ailəsindən qoparılmış Ələsgər bəyin onsuz da ağır olan səhhəti, anası ilə görüşünə imkan verilməməsi xəbərindən sonra daha da kritikləşib. Ömrünü qanunlara xidmətə həsr etmiş nüfuzlu bir ziyalını şərləyərək təcrid etmək, hətta qanuni zəng və görüş hüququnu da əlindən almaq hansı məqsədə xidmət edir?”, – o qeyd edib.
Eyni gün “Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı da görüşlə bağlı çətinliklərdən yazıb.
Onun sözlərinə görə, açıq görüşlərə icazə verilmir, şüşə arxası görüşlər üçün isə ailələr saatlarla gözləməli olurlar.
“Görüşə buraxılmaq üçün bizi 3 saata yaxın gözlədirlər. Saatlarla günün altında, küləkdə, heç bir səbəb göstərilmədən gözləməyə məcbur qalırıq. Səbəb nədir? Heç nə. Sadəcə nə qədər əziyyət verə biliriksə, verək prinsipidir zənnimcə”, – Manaflı bildirib.
O qeyd edib ki, gözləmə zamanı Ələsgər Məmmədlinin və “Meydan TV işi” üzrə həbsdə olan Şəmşad Ağanın ailə üzvləri ilə görüşüb və həbsdə olan şəxslərin səhhətinin narahatlıq doğurduğunu öyrənib.
“Ələsgər bəyin vəziyyəti hər kəsə məlumdur – onun təcili şəkildə keyfiyyətli müayinə və müalicəyə ehtiyacı var. Şəmşad bəy öd və mədə problemlərindən əziyyət çəkir. Ruslanın da ödündə ciddi problem var və əməliyyat olunmalıdır”, – o yazıb.
Manaflının sözlərinə görə, görüşün sonunda Ruslan İzzətli ailəsi ilə canlı şəkildə sağollaşmaq istəsə də, buna icazə verilməyib. O bildirib ki, eyni münasibət Ələsgər Məmmədliyə də göstərilib.
“Halbuki onun yaşlı anası rayondan oğlunu görmək, ona sarılmaq ümidi ilə gəlmişdi. Şəmşad bəyin qızı da görüş boyunca ‘bəlkə sonda canlı görüşə icazə verərlər’ ümidi ilə gözlədi. Ona da bu imkan verilmədi”, – Manaflı qeyd edib.
Azərbaycanda jurnalist və media nümayəndələrinin həbsləri 2023-cü ilin noyabrından başlayıb. Həmin dövrdən etibarən bir sıra müstəqil media qurumlarının əməkdaşları, jurnalistlər və ictimai fəallar müxtəlif ittihamlarla həbs ediliblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatlarına görə, hazırda ölkədə 30-a yaxın jurnalist həbsdədir. Həbs olunan jurnalistlər ittihamları rədd edir, təqiblərin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.