Uşaqlara məktub: “Həqiqəti axtarın” – Fatimə Mövlamlı yazır

Fatimə Mövlamlı. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı yazı yazıb.

Yazı jurnalistin “Facebook” səhifəsində paylaşılıb.

Yazını olduğu kimi təqdim edirik:

“Bu gün sizin gününüzdür, uşaqlar. İstəyirəm bu gün sizinlə reallıqdan danışaq. Məncə, bunu olduğu kimi, aydın danışa bilmək üçün ən doğru ünvanda – Azərbaycan hökumətinin məhbəsindəyəm. Bilirəm, bəlkə də bu söhbəti etmək sizin üçün hələ tezdir. Amma sizə yalan danışmaq üçün böyüməyinizi gözləməyəcəklər. Odur ki, həqiqətləri nə qədər tez öyrənsəniz, bir o qədər yaxşıdır.

Sizə hamılıqla yalan danışırlar, uşaqlar – televiziyadakı natiqdən tutmuş, məktəbdəki müəlliminizə kimi. Yaşadığınız ölkədə heç nə güllük-gülüstanlıq deyil. “Uşaqlara dövlət qayğısı” dedikləri mövhum sadəcə quru sözdür. Valideynləriniz sizi tək böyüdür və bunu edə bilmək üçün cüzi maaş qarşılığında ağır iş şərtlərinə tabe olmağa məcbur qalırlar. Dövlət uşaqpulu ödənişlərini uzun illərdir ki, dayandırıb. İndi həmin pullar ancaq öz uşaqlarının lüks həyat tərzinə sərf olunur.

Düşünə bilərsiniz ki, bəs valideynləriniz nəyə görə susur, narazılıq etmir? Çünki “qayğıkeş dövlət” onları sadəcə haqqı olanı tələb etdiyinə, eləcə etirazına görə törətmədiyi cinayət üstündə həbsə sala bilər. Aranızda polis olmağı arzulayanlar varsa, nəzərə alsın ki, cinayətkarlarla yanaşı, günahsız adamları da həbs etməli olacaqlar.

Məktəbdəki sevimli müəllimlərinizi də xatırlayacaq. Onların sizin reallıqdan uzaq böyüməyinizdəki əməyi əvəzsizdir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını tanıyırsınız, uşaqlar? Məmməd Əmin Rəsulzadə adı yaddaşınızda nəsə bir hərəkətlilik yaradırmı? 17 noyabr Milli Dirçəliş gününün hekayəsini bilirsiniz? Yaxud sizcə 15 iyun “Qurtuluş günü” həqiqətən nədənsə qurtulmuşuq, yoxsa qurtulmalı olduğumuz nəyəsə ilişmişik? Sadaladıqlarım və daha çoxundan xəbərdar olmadığınızı bilirəm. Ona görə ki, müəllimləriniz sizə həqiqi tarixi öyrətmək əvəzinə, hökumətin uyğun bildiyi nağılları danışır. Həmin müəllimlər ölkədə keçirilən hər seçkidə seçki qutusuna bülleten daşıyır, sizin gələcəyinizi oğurlamaqdan ötrü canla-başla çalışırlar.

Yenə düşünə bilərsiniz ki, bütün bunları niyə danışıram, sizdən nə istəyirəm? İstəyim sorğulama qabiliyyəti qazanmağınızdır, uşaqlar. Sorğulayın. “Niyə?” sualını verməkdən çəkinməyin. Asan başa gəlməyəcək, lakin alınacaq və həqiqəti tapacaqsınız. Bununla kifayətlənməyəcək, öyrəndiklərinizi hər kəslə bölüşməyə, aləmə car çəkməyə həvəslənəcəksiniz. O zaman yalanı təbliğ edənlər qəzəblənəcək, sizi “xainlikdə”, “vətənpərvər olmamaqda” ittiham edəcəklər. Onların sözlərini qulaqardına vurun. Onlar qəzəblənirsə, deməli doğru yoldasınız. Ən böyük vətənpərvər vətəninin saxtakar, yalançı, rüşvətxor, zülmkarla təslim edilməsi ilə barışmayan, oğrunun üzünə elə “oğru” deyə bilən kəsdir.

Gecikməyin, uşaqlar. Həqiqəti axtarmağa elə bu gün başlayın.

Gününüz mübarək!”.

Fatima Mövlamlı

Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublarUşaqlara məktub: “Həqiqəti axtarın” – Fatimə Mövlamlı yazır