İlham Əliyevin çıxışları və qərarları fonunda aqrar sektorun düşdüyü vəziyyət

Foto: ChatGPT

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahədə qəbul edilən dövlət proqramlarına toxunub.

Prezident bildirib ki, 2004-cü ildə prezident seçildikdən sonra ilk təşəbbüslərindən biri regional inkişaf proqramının qəbul edilməsi olub. O deyib ki, həmin proqramın tərkib hissələrindən biri də kənd təsərrüfatının inkişafı idi.

“Bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”, – deyə Prezident vurğulayıb.

O həmçinin qeyd edib ki, qəbul edilmiş proqramlar və qərarlar bu sahədə ciddi dönüşə səbəb olub.

Dövlət proqramları real olaraq nələri dəyişib?

İlham Əliyev indiyədək kənd təsərrüfatı məsələləri ilə bağlı müxtəlif rayonlarda bir neçə dəfə müşavirə keçirib. Həmin müşavirələrdən sonra aqrar sahə üzrə müxtəlif dövlət proqramları qəbul olunub. Prezident çıxışlarında hansı sahələrin inkişafının vacibliyini xüsusi vurğulayırdısa, qəbul edilən sənədlər üzərindən həmin sahələrə dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılıb, yeni subsidiyalar müəyyənləşdirilirib. Xüsusilə, 2005-ci ildən başlayan neft gəlirlərinin artımı dövründə konkret hədəfləri olmayan bu proqramlar büdcədən milyonlarla manat vəsait “udub”. Dövlət dəstəyinin effektivliyi isə əksər hallarda yalnız ilk 2-3 ildə hiss olunub. Sonrakı illərdə isə yenidən azalma tendensiyası müşahidə edilib.

Hətta Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində apardığı son audit zamanı aşkarlanan yüz milyonlarla manatlıq yeyinti halları, şişirdilmiş göstəricilər, saxta və yalnız kağız üzərində mövcud olan əkin sahələri bu sahədə inkişafla bağlı səsləndirilən rəqəmlərin “köpük” olduğunu göstərir.

Qəbul edilən dövlət proqramları arasında “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı çərçivə sənədi hesab etmək olar. Məhz bu proqram çərçivəsində bitkiçilik və heyvandarlığın inkişafı, iri aqroparkların yaradılması istiqamətində ayrıca sənədlər hazırlanıb. Bu tədbirlər kənd təsərrüfatı sektorunun tənəzzülə uğrayan sahələrinin dirçəldilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, taxılçılığın, meyvə-tərəvəzçiliyin, pambıqçılığın və digər istiqamətlərin inkişaf etdirilməsi, eləcə də əkin sahələrinin düzgün uçotunun aparılması baxımından baza sənədi rolunu oynayırdı.

Nəticədə 2025-ci ilədək kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə 10-dan çox dövlət proqramı, həmçinin arıçılıq, taxılçılıq və digər sahələrə dair qanunlar qəbul edilib.

Fermerlər kütləvi şəkildə fəaliyyətini dayandırır

2016-cı ildə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sənədin əsas məqsədi pay torpaqları əsasında formalaşmış xırda ailə və fermer təsərrüfatlarının könüllülük prinsipi əsasında kooperasiyalarda birləşməsini stimullaşdırmaq idi. Lakin real vəziyyətdə bu proses məmurlar tərəfindən kiçik pay torpaqlarının satın alınaraq iri aqroparklara çevrilməsinə, bu sektorun inhisarlaşmasına stimul yaratdı. Hesablama Palatasının yoxlamaları zamanı hüquqi şəxs kimi fəaliyyət göstərən bəzi aqroparkların subsidiya mexanizmləri üzərindən maxinasiya sistemi quraraq on milyonlarla manatı mənimsədiyi ortaya çıxıb.

Bunun fonunda isə aqrar sahədə fəaliyyət göstərən kiçik fermerlər bazarı sürətlə tərk edir. Məsələn, dövlət proqramlarının qəbulundan əvvəl, yəni 2006-cı ilədək ölkədə 800 mindən çox ev təsərrüfatı kənd təsərrüfatı ilə məşğul olduğu halda, 2024-cü ildə bu rəqəm təxminən 500 minə düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 2015-ci ildən 2024-cü ilədək iki dəfədən çox azalıb. Belə ki, fərdi sahibkarların sayı 1534-dən 736-ya enib. Kənd təsərrüfatı ilə məşğul olan müəssisələrin sayı isə 28,4 faiz azalaraq 1695-dən 1213-ə düşüb.

Digər statistik göstəricilər də aqrar sektorda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların sayında azalma olduğunu göstərir. Belə ki, 2023-cü ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3724 mikro, kiçik və orta sahibkarlıq subyekti fəaliyyət göstərirdisə, 2024-cü ildə bu rəqəm 3308-ə enib.

2024-cü ildə aqrar sektorda fəaliyyət göstərən 10,3 min fiziki və hüquqi şəxsin VÖEN-i ləğv olunub. Bu göstərici 2023-cü illə müqayisədə aqrar sektoru tərk edən kiçik və orta sahibkarların sayının iki dəfədən çox artdığını göstərir.

İlham Əliyev keçmiş pambıqçılıq xatirələri hansı sahələrə təsir etdi?

“Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” isə ölkənin bitkiçilik və heyvançılıq sahələrinin çöküşünə səbəb oldu. Prezidentin bu istiqamətdə 2017 və 2018-ci illərdə keçdiyi “pambıq” müşavirələrində sözügedən sahənin inkişafının iqtisadi əsaslandırmasını isə atası Heydər Əliyevin dövründə bu sahədə istehsalın çox yüksək olması ilə izah edirdi. Lakin nəticədə kartof, taxıl kimi kənd təsərrüfatı məhsulları sahələri, bələdiyyə torpaqlarının böyük hissəsi pambıq əkininə ayrıldı. Nəticədə pambıq əkin sahələri 51,4 min ha-dan 136,4 min ha-ya qədər artırıldı. Əkin sahələrinin artırılması isə təyin olunan subsidiyalar vasitəsilə bu sahədə yeni yeyinti mənbəyinə çevrildi.

Lakin su çatışmazlığı və bu sahədə düzgün idarəetmənin qurulmaması pambıqçılıq istehsalında azalma tendensiyası yaratdı. Ekstensiv əkinçilik hesabına pambıq istehsalını 90 min tondan 2020-ci ildə 336,8 min tona qədər qaldıra bildikləri halda, 2021-ci ildən başlayaraq hər il azalma müşahidə olunur. Nəticədə düzgün aqrar siyasətin yürüdülməməsi nəticəsində kartof və taxıl kimi strateji məhsulların istehsalı da azalıb. Məsələn, son 6 ildə buğda istehsalı 598 min ton azalıb. Yüksək keyfiyyətli ərzaq buğdasına tələbat isə demək olar ki, tamamilə idxaldan asılı vəziyyətə düşüb.

“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır”, – deyə İ. Əliyev son müşavirədə səsləndirib.

Halbuki, “2022-ci ildə ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsinə dair əlavə tədbirlər barədə” fərman verilib.

2017-ci ildə qəbul edilən baramaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramı da eyni aqibəti yaşayıb. Proqramın qarşısında duran əsas məsələlərdən biri baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunması, barama toxumçuluğunun inkişafı, baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili və ipək məhsullarının ixracının dəstəklənməsi və təşviqi idi.

İlham Əliyev 2017-ci ildə çıxışında “Azəripək” (keçmiş “Şəki İpək”) fabrikinin gücünün artırılması, baramaçılıq və ipəkçiliklə bağlı hədəfin 6 min ton baramaya çatdırılması olduğunu qeyd edirdi. Proqram qəbulundan sonra barama istehsalı bir neçə dəfə artaraq 2019-cu ildə 643 tona çatsa da, 2024-cü ildə 2,7 dəfə azalaraq 240 tona düşüb. Bu da 2000-ci illərin əvvəlindəki göstəricilərə bərabərdir.

Bundan əlavə, 2018-ci ildə “Çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Hesablama Palatasının apardığı auditdən məlum olur ki, proqram qarşısına qoyulan hədəflər nəinki yerinə yetirilib, əksinə çay plantasiyalarının sahəsi 18 faiz azalıb. 2019-cu ildə çay sahələri 1100 hektar təşkil etdiyi halda, 2024-cü ildə bu rəqəm 900 hektara enib.

Prezidentin etirafı…

Süni mayalanma, damazlıq heyvanların lizinq yolu ilə gətirilməsi və heyvandarlıq komplekslərinin yaradılmasına dair xüsusi dövlət dəstəyi proqramlarının son vəziyyəti isə Prezidentin öz çıxışları ilə təqdim edirik

İlham Əliyev 2018-ci ildə Bərdədə keçirdiyi müşavirədə qeyd edirdi:

“Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı – biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik”.

25 may 2026-cı il müşavirəsində isə Prezident vurğulayır:

“Mal əti – özümüzü 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti – 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta- 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur”.

Yeri gəlmişkən, ekspertlərə görə, Azərbaycanda ət istehsalı əslində ölkəyə idxal olunan diri heyvanlar hesabına formalaşır. Hökumətin ölkəyə idxal etdiyi diri heyvanların sonradan kəsimə yönələn hissəsi daxili istehsal göstəricilərində yer alır. Müqayisə üçün, Dövlət Statistika Komitəsinin 1 aprel 2026-cı il tarixinə olan məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 22,5 min baş, qoyun və keçilərin sayı isə 39,9 min baş azalıb.

Bu baxımdan İlham Əliyevin son müşavirədəki çıxışında yer alan bədbin notlar başa düşüləndir. Və Prezident yenə də çıxış yolunu Dövlət Proqramının qəbul edilməsində görüb:

“Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq”.

Ana səhifəXəbərlərİlham Əliyevin çıxışları və qərarları fonunda aqrar sektorun düşdüyü vəziyyət