Prezident İlham Əliyev və İqtisadiyyat Naziri Mikayıl Cabbarov bugünlərdə bəyan etdilər ki, son 20 ildə ölkədə yoxsulluq 49 faizdən 5 faizə enib. Lakin bu iddiaların paylaşıldığı sosial şəbəkə hesablarındakı şərhlər kütləvi skeptisizmi üzə çıxarır. Yüzlərlə vətəndaş rəqəmləri qara yumorla qarşılayır və reallığın tamamilə fərqli olduğunu bildirir. Bəs həqiqət nədir? Rəqəmlər nə deyir? Meydan TV “Müfəttişi” “5% yoxsul” iddialarını TƏFTİŞ edir.
Azərbaycan Dünya Bankının təsnifatında “Yuxarı-orta gəlirli ölkələr” qrupunda yer alır. Bu qrup üçün qlobal yoxsulluq həddi gündəlik 8 dollar 30 sentdir – aylıq təxminən 420 AZN. Yəni, beynəlxalq standarta görə, bu məbləğdən az qazanan şəxs yoxsul sayılır.
Azərbaycan hökuməti isə yoxsulluğu fərqli yolla – yaşayış minimumu adlı minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma ilə ölçür. 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu 300 manat, pensiyaçılar üçün isə cəmi 245 manat müəyyən edilib. Başqa sözlə, hökumət hesab edir ki, gündəlik 10 manat, pensiyaçılar üçünsə təxminən 8 manat qazanan vətəndaş artıq yoxsul deyil. Bu rəqəm qlobal standartlardan xeyli geridədir – ən azı 120 AZN. Ermənistanda yoxsulluq səviyyəsi 2024-də rəsmi rəqəmlərdə 21,7% təşkil edib. Gürcüstanda həmin il mütləq yoxsulluq səviyyəsi 9,4% olub. Müxtəlif ölkələrin yoxsulluq üçün fərqli standartları var.
5%-lik yoxsulluq Azərbaycanın rifah barədə Avropa ölkələri ilə rəqabət aparması, qonşuları ilə kəskin fərq nümayiş etdirməsi demək olardı. Amma Azərbaycan bir çox aidiyyəti göstərici üzrə hətta qonşularından geri də qalır.
Əslində, Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatı bu statistik manipulyasiyanı ifşa etmək üçün yetərlidir. Rəsmi datalar göstərir ki, həmin il Azərbaycanda əhalinin 13,2 faizi həmin il üçün müəyyən edilmiş 270 manatlıq yaşayış minimumundan az qazanaraq yoxsulluq həddində yaşayıb. Tədqiqat həmçinin üzə çıxarmışdı ki, vətəndaşların əlavə 26,7 faizinin də gəliri bu minimum həddə çox yaxın – sadəcə 271-340 manat civarında olub. 13.2 faiz o deməkdir ki, küçədə, metroda və ya iş yerində yanınızdan keçən hər 7-8 insandan birinin gəliri rəsmi yoxsulluq həddinin altındadır. Hökumətin 5%-i ilə isə bu, hər 20 nəfərdən biri demək olur.
Rəsmi rəqəmlər belə göstərir ki, əksər vətəndaşların hər hansı iqtisadi şoka uyğun heç bir təhlükəsizlik yastığı yoxdur.
Azərbaycan illərdir Dövlət Statistika Komitəsinin əksər xam məlumatlarını Dünya Bankı və müstəqil tədqiqatçılardan gizlədir. Rəqəmləri kənardan audit etmək mümkünsüzdür. Amma DSK fərqli statistikalarla prezidenti təkzib etməyə də davam edir.
Məsələn, son rəsmi rəqəmlərə görə, vətəndaşlar pərakəndə ticarətdə xərclədikləri hər 100 manatın 50 manat 60 qəpiyini ancaq ərzağa verirlər. İqtisadçı Natiq Cəfərli bunu “utancverici statistika” adlandırır və deyir ki, bu rəqəm Afrika ölkələrinə yaxındır, məsələn, Nigeriyada bu göstərici 58,9%, Keniyada isə 56,1% civarındadır. Gürcüstanda bu göstərici 32%, Ermənistanda 42,9%-dir. Hökumət isə iddia edir ki, Azərbaycanda yoxsulluq bu ölkələrlə müqayisədə 2-3 dəfə azdır.
İqtisadiyyatda “Engel Qanunu” adlı universal bir qayda var: əhalinin gəliri artdıqca, qidaya xərclənən pulun faizi azalır. İnkişaf etmiş ölkələrdə bu rəqəm 10-20% arasındadır. 50%-dən yuxarı ərzaq xərci isə zəngin cəmiyyətin yox, aşağı gəlirli kütlənin göstəricisidir. Əgər 95% əhali yoxsul deyilsə, gəlirinin tən yarısını niyə yalnız qidalanmağa xərcləyir? Bəs kommunal xərclər, nəqliyyat, geyim, təhsil və səhiyyə üçün nə qalır? Üstəlik, nəzərə alın ki, ölkənin 5-10%-ni təşkil edən, yüzminlərlə gəliri olanlar ərzaqa bəlkə də cəmi 2-3% ayırırlar. Belədə, aşağı gəlirli insanlar üçün 50.6% də real deyil, daha çox insanın gəlirlərinin 60-70%-ni ərzaqa verdiyini təxmin etmək olar.
“Rifah içində yaşayan” cəmiyyət mənzərəsinə kölgə salan digər amil istehlak kreditlərinin həcmidir. Sual yaranır, niyə yoxsulluğun bu qədər aşağı olduğu ölkədə problemli kreditlər ildən-ilə şişir?
Mərkəzi Bankın 2026 aprelinə olan məlumatına görə, vaxtı keçmiş, problemli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artaraq 615 milyon manata çatıb. Bu tendensiya onu göstərir ki, cari gəlirlər ehtiyacları qarşılamır və insanlar gündəlik problemlərini gələcək qazanclarını borclandırmaq hesabına ört-basdır edirlər.
BMT və qlobal institutlar yoxsulluq üçün sadəcə gəlirə yox, təhsilə əlçatanlıq, uşaq ölümü, qidalanma keyfiyyəti, evdə içməli suyun, istilik sisteminin və internetin olub-olmamasına baxır.
Azərbaycanda dövləti bu yanaşmanı qəbul etmir. Çünki regionlarda qaz, su, internet kəsintiləri və keyfiyyətsiz səhiyyə xidməti, o cümlədən bahalı dərmanlar nəzərə alınsa, 300 AZN gəliri olan vətəndaş “orta sinif” yox, birbaşa “çoxölçülü yoxsul” kateqoriyasına düşəcək. Yoxsulluqdan çıxış təkcə insanın sağqalması, həyatda varlığını davam etdirməsi deyil. Azərbaycan tərəfi çöxölçülü yoxsulluq üzrə də şəffaf statistika təqdim etmir.
Rəqəmlərin təhlili göstərir ki, hökumətin “5 faizlik yoxsulluq” hesablama metodologiyası həm beynəlxalq standartlardan geri qalır, həm də ölkə daxilindəki digər iqtisadi göstəricilərlə uzlaşmır. Hakimiyyət bioloji varlığını davam etdirməyi artıq orta təbəqəyə keçid kimi təqdim edir. Azərbaycan iqtisadiyyatı illərdir çox kiçik həcmdə böyüyür. Vətəndaşların gəlirlərinin yarısından çoxunu sadəcə qidalanmağa xərcləməsi və problemli kreditlərin kəskin artması kağız üzərindəki rifahın real həyatda öz əksini tapmadığına işarə edir. Beləliklə, Müfəttiş Təftiş sonunda qərara gəlir ki, prezident İlham Əliyev və onun İqtisadiyyat naziri Mikayıl Cabbarov statistik manipulyasiyaya yol verir, saxta məlumatlar yayırlar.