Şuşada Rayon Mərkəzi Xəstəxanasının tikintisini həyata keçirən “Fərid İnşaat” Firmasının rəhbəri Sübhan Həsənov “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bildirib ki, əslən şuşalıdır və uzun illər Bərdədə yaşayıb. O qeyd edib ki, Şuşaya işləməyə dəvət olunanda uşaq kimi kövrəlib:
“Bir şuşalı kimi xoşbəxtəm ki, şəhərin yenidən qurulmasında iştirak edirəm. Bu, ölçüyəgəlməz qürur mənbəyidir, qurub-yaratmağın stimuludur. Biz hazırda Şuşada 4 hektar ərazidə şəhər mərkəzi xəstəxanası tikirik. Bu, çox möhtəşəm və müasir tələblərə cavab verəcək səhiyyə müəssisəsi olacaq. Tikinti işləri sürətlə gedir. Qrafiki qabaqlamaq, obyekti nəzərdə tutulan vaxtdan əvvəl təhvil verməyə çalışırıq. Əmək ehtiyatımız, işçi qüvvəmiz yetərincədir. Mal-material sarıdan da korluğumuz yoxdur”.
2021-ci ilin noyabrında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan Şuşa Rayon Mərkəzi Xəstəxanasının açılışı 2025-ci ildə baş tutub. Açılış mərasimində də Prezident və ailə üzvləri iştirak ediblər. Tədbirdə səhiyyə naziri Teymur Musayev görülən işlər barədə onlara məlumat verib. Məhz həmin ərəfədə Hesablama Palatasının Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı Səhiyyə Nazirliyində yoxlamalar apararaq, milyonlarla manatlıq korrupsiya faktlarının aşkarlandığı məlum olub.
Təxminən 17 min kvadratmetr sahəni əhatə edən və 90 çarpayıdan ibarət olan bu səhiyyə müəssisəsinin tikintisi 62 milyon 232,7 min manata başa gəlib.
Şuşa Mərkəzi Xəstəxanasının tikintisində milyonluq yeyinti
Şuşa Mərkəzi Xəstəxanasının tikintisinin əsas podratçısı “Fərid İnşaat” Firması (VÖEN: 4000089481) olub. Şirkət eyni zamanda xəstəxananın 2 milyon 341,8 min manat dəyərində mebel və inventarla təchizatı üzrə tenderinin də qalibidir.
Bir şuşalı kimi şəhərinin yenidən qurulmasında iştirak etməkdən “kövrəldiyini” və “qürur duyduğunu” bildirən Sübhan Həsənova məxsus şirkətin icra etdiyi layihədə 11 milyon manatdan artıq maliyyə və qanun pozuntusu aşkar edilib. Hesablama Palatası həmin maliyyə pozuntularını Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinin I mərhələsi üzrə aparılan audit zamanı qeyd edib. Belə ki, layihə iki mərhələdə icra olunub. Xəstəxananın tikintisinə I mərhələdə 40,8 milyon manat, II mərhələdə 21,4 milyon manat vəsait yönəldilib.
Birinci mərhələ üzrə aparılan maliyyə yoxlaması zamanı məlum olub ki, layihədə xəstəxananın 90 çarpayılıq nəzərdə tutulmasına dair əsaslandırılmış təkliflər təqdim edilməyib. Başqa sözlə, ərazidə əhalinin sayı, çarpayı ehtiyacı, tibbi kadr təminatı və səhiyyə strukturunun optimallaşdırılması ilə bağlı göstəricilər əvvəlcədən qiymətləndirilməyib.
Bundan başqa, xəstəxananın tikiləcəyi torpaq sahəsi seçilərkən ətrafdakı obyektlərin təyinatı nəzərə alınmadığından əlavə torpaq sahələrinin ayrılması zərurəti yaranıb. Torpağın geoloji göstəriciləri də layihə-smeta sənədlərinə düzgün daxil edilməyib. Nəticədə layihənin dəyəri 15 faiz artıb. Hesablama Palatasının hesabatında vurğulanır ki, ilkin mərhələdə müqavilənin dəyəri süni şəkildə 3,5 milyon manat artırılıb.
Hansı xərclər şişirdilib?
Hesablama Palatasının audit rəyi göstərir ki, xəstəxananın tikintisinin I mərhələsində ekspertizadan keçmiş layihədən kənar, artıq və fərqli işlər qəbul aktlarına daxil edilib. Nəticədə müqavilə dəyəri 393 min manat artırılaraq podratçıya ödənilib.
Bundan əlavə, qış aylarında tikinti işlərinin çətin şəraitdə aparılmasına görə hesablanan əlavə ödənişlər xəstəxananın avadanlıqlarının dəyərinə də daxil edilib. Habelə söküntü işlərinə aid olmayan xərclər də smetaya əlavə olunub. Bu səbəbdən podratçıya, ümumilikdə 341,7 min manat artıq vəsait ödənildiyi müəyyən edilib.
Bəzi işlərin müəyyənləşdirilmiş həcmdən fərqli icra olunduğu, bəzi hallarda isə, ümumiyyətlə, yerinə yetirilmədiyi halda qəbul aktlarına daxil edildiyi məlum olub. Nəticədə görülməyən işlərə görə podratçıya əlavə 113,3 min manat ödəniş edilib.
Audit rəyində o da qeyd olunur ki, smetada nəzərdə tutulmayan bir sıra avadanlıqlar satın alınıb. Bundan başqa, bəzi işlər və avadanlıqlar təkrar şəkildə həm müqavilələrə, həm də qəbul aktlarına daxil edilib. Hesablama Palatasının araşdırmasına görə, bu hallar qiymətlərin 2 milyon 538,8 min manat həcmində şişirdilməsinə səbəb olub.
Digər tərəfdən, smeta sənədlərində nəzərdə tutulmayan bəzi avadanlıqların alınması və quraşdırılması işlərin qəbulu aktlarına daxil edilsə də, yerində baxış zamanı 7,9 milyon manat dəyərində işin tam icra edilmədiyi müəyyənləşdirilib. Yəni sənədlərdə avadanlıqların alındığı və quraşdırıldığı göstərilsə də, faktiki vəziyyət bunun tam yerinə yetirilmədiyini ortaya qoyub. Daha sonra Hesablama Palatasının rəyindən məlum olub ki, podratçı şirkət həmin avadanlıqları sonradan öz vəsaiti hesabına quraşdıraraq təhvil verib.
Eyni zamanda müəyyən edilib ki, Səhiyyə Nazirliyi bəzi hallarda satınalma prosedurları keçirilmədən iş və xidmətlər həyata keçirib.
Hesablama Palatasının rəyinə əsasən, podratçıya artıq ödənilmiş 716,8 min manat dövlət büdcəsinə geri qaytarılıb. Bundan əlavə, ödənilməsi planlaşdırılan 2,3 milyon manat vəsaitin şirkətin hesabına köçürülməsi dayandırılıb.
“Fərid İnşaat” Firmasının rəhbəri: “Müəyyən iradlar olub, onu da yerinə yetirmişik”
Bu, “Fərid İnşaat” Firmasının Səhiyyə Nazirliyi ilə ilk işi deyil. Məsələn, şirkət 2016-cı ildən etibarən Səhiyyə Nazirliyinin sifarişi ilə 11 ən böyük mərkəzi rayon xəstəxanasının tikintisi üzrə tenderləri qazanıb. Hesablama Palatası isə hər dəfə həmin xəstəxanaların tikintisində və satınalma prosedurlarında korrupsiya halları və qanun pozuntuları aşkarlayıb.
Müqayisə üçün, Hesablama Palatasının ən qalmaqallı auditlərindən biri Qəbələ Rayon Mərkəzi Xəstəxanası olub ki, onun da podratçısı “Fərid İnşaat” Firması idi. Əvvəlki satınalmalardakı nöqsanlara baxmayaraq, Səhiyyə Nazirliyi tenderi yenə də bu şirkətə həvalə edib.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi 46,6 milyon manata başa gəlib. Bunun 35,2 milyon manatlıq tikinti işlərini “Fərid İnşaat” Firması icra edib. Hesablama Palatası audit zamanı dövlət satınalmalarının qaydalarında ciddi pozuntular, layihə dəyərinin şişirdilməsi, habelə tikinti zamanı müqavilədə və smetada nəzərdə tutulan bəzi işlərin ya tam görülməməsi, ya da həcminin az icra olunmasına baxmayaraq ödənişlərin tam həyata keçirildiyini qeyd edir. Nəticədə podratçıya 1,5 milyon manat əlavə vəsait ödənilib.
Bununla yanaşı, Hesablama Palatası daha əvvəl “Fərid İnşaat” Firmasının tikdiyi Şəmkir və Qazax Rayon Mərkəzi Xəstəxanalarının tikintisində də eyni pozuntuları müəyyən edib. Şəmkir Mərkəzi Xəstəxanasının tikintisi zamanı təxminən 630,7 min manatlıq mənimsəmə faktları aşkarlanıb.
Məsələ ilə bağlı Meydan TV “Fərid İnşaat” firmasının rəhbəri Sübhan Həsənovla əlaqə yaratmağa çalışıb. S.Həsənov aşkarlanan korrupsiya faktlarını boynundan ataraq, bununla bağlı sualları Səhiyyə Nazirliyinə ünvanlamağı məsləhət görüb:
Jurnalist: – Sübhan bəy, “Fərid İnşaat” firmasının icra etdiyi tenderlərlə bağlı Hesablama Palatası nöqsanlar aşkarlayıb. Bu barədə nə deyə bilərsiniz?
Sübhan H.: – Mənim o barədə məlumatım yoxdur, Səhiyyə Nazirliyinə müraciət edin. Palata bizi deyil, Nazirliyi yoxlayır. Hansı obyektlə əlaqədar deyirsiniz?
Jurnalist: – Bir neçə xəstəxananın tikintisində nöqsanlar aşkarlanıb. Məsələn, son olaraq Şuşa Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb?
Sübhan H.: – Məsləhət görürəm, nazirlikdən soruşun. O məsələlər bizlə əlaqəli olmur axı.
Jurnalist: – Hesablama Palatası vurğulayır ki, layihələrin smeta dəyəri şişirdilib və podratçıya artıq ödənişlər olub?
Sübhan H.: – Xeyr, bizə artıq ödənilməyib. Orada xəstəxananın təyinatı dəyişib, onunla əlaqədardır. Ona görə də biz o məlumatları, o rəqəmləri bilə bilmərik. Siz ancaq nazirliyə zəng edin, onlar dəqiq nədirsə desinlər.
Jurnalist: – O zaman bu nöqsanlar Səhiyyə Nazirliyi tərəfindən törədilib? Sizinlə hər hansı bağlılığı yoxdur?
Sübhan H.: – Mən elə demirəm. Sifarişçi Səhiyyə Nazirliyidir, dəqiq məlumatı onlardan ala bilərsiniz. Biz onu deyə bilmərik. Özü də il yarım bundan əvvəl olub. Palata hər il onları yoxlayır. Biz tikinti şirkətiyik, dəqiq məlumatları bilmirik. Palata nazirliyin fəaliyyətini yoxlayır. Orada bəzi iradlar olur. Biz o iradları tikinti təşkilatı kimi qəbul edir və təklifləri yerinə yetiririk. Burada tək biz olmuruq, onlarla təşkilat o layihələrdə işləyir. Biz ancaq tikinti hissəsini icra edirik.
Jurnalist: – Tikinti-quraşdırma işləri ilə bağlı sizə hansısa iradlar bildirilib?
Sübhan H.: – Müəyyən iradlar olub, onu da yerinə yetirmişik.
Jurnalist: – Bu iradlar şirkətin maliyyə vəziyyətinə təsir göstəribmi? Yəni şirkət üçün zərər olub?
Sübhan H.: – Hər halda ziyan olub, müəyyən zərər olub…
Jurnalist: – O zaman bu ziyan Səhiyyə Nazirliyinin düzgün planlamaması nəticəsində baş verib, yoxsa sizin işdə hansısa nöqsanla bağlı olub?
Sübhan H.: – Mən onu deyə bilmərəm. Ancaq Səhiyyə Nazirliyi ilə əlaqə saxlasanız, sizə dəqiq deyərlər…
Tenderlər ətrafında yaranan suallara aydınlıq gətirmək üçün Meydan TV-nin Səhiyyə Nazirliyinə ünvanladığı informasiya sorğusu isə cavabsız qalıb.
Bərdə Ağsaqqallar Şurasının sədr müavini olan Sübhan Həsənov kimdir?
Qeyd edək ki, “Fərid İnşaat” Firması 1998-ci ildə yaradılıb. 20 manat nizamnamə kapitalı olan bu şirkət Bərdə rayonu, Bərdə şəhəri, Nizami küçəsi, ev 6/33 ünvanında qeydiyyatdan keçib. Həm qanuni təmsilçisi, həm də təsisçisi olan Sübhan Ələsgər oğlu Həsənov Azərbaycan Ağsaqqallar Şurasının Bərdə rayon üzrə sədr müavinidir.
Sübhan Həsənovun qanuni təmsilçi kimi adına “101 saylı Səyyar Mexanikləşdirilmiş Dəstə” şirkətində də rast gəlinir. Bu şirkət 2022-ci ildə Dövlət Əmlak Komitəsinə məxsus olan və son illərdə özəlləşdirilən “Azərkəndtikinti” ASC-nin törəmə şirkətlərindən biridir.
“Azərkəndtikinti” ASC dövlət şirkəti olaraq 2000-ci illərin əvvəlində Goranboy, Ağdam, Füzuli və Biləsuvar rayonlarında qaçqınlar və məcburi köçkünlər üçün yaşayış binaları və fərdi evlər inşa edib.
Bu gün “Fərid İnşaat” Firmasının işğaldan azad olunmuş ərazilərdə bir sıra tenderlərin qalibi olması da bu baxımdan təsadüfi sayılmır. Şirkət Şuşa Rayon Mərkəzi Xəstəxanasından əlavə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən tender keçirilmədən, bir mənbədən 3,5 milyon manatlıq satınalma əldə edib. Belə ki, Ağdərə rayonu Heyvalı kəndindəki 45 fərdi yaşayış evinin cari təmirini həyata keçirir. Habelə Xankəndi şəhərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində cari təmir işləri üzrə 354,7 min manatlıq satınalma işlərini qazanıb.
Bəs, korrupsiya faktlarında adı keçən şirkətə təkrar dövlət tenderlərinin verilməsi nə dərəcədə düzgündür?
“Bu, ümumiyyətlə, Hesablama Palatası səviyyəsində korrupsiyadır”
Azad İqtisadiyyata Yardım İB-nin sədri Zöhrab İsmayıl deyir ki, dəfələrlə nöqsanlar aşkarlanan şirkətlərə yenidən tenderlərin verilməsi göstərir ki, Hesablama Palatasının araşdırmaları və auditi formal xarakter daşıyır:
“Baxırsan ki, audit zamanı milyonlarla vəsaitin təyinatından yayındırılması, artıq xərclənməsi üzə çıxarılır. Amma sonra yazırlar ki, vəsait geri qaytarılıb. Halbuki yeyinti varsa, artıq cinayət tərkibi mövcuddur və məsuliyyətə cəlb olunmalıdırlar. Əslində Hesablama Palatasının aşkarladığı faktlar baş verən korrupsiyanın cüzi bir hissəsidir, daha çox formal xarakter daşıyır. İndi Hesablama Palatası müstəqil audit qurumu olduğunu göstərmək üçün hansısa fəaliyyət göstərməlidir. Əslində nəticələr ləğv edilməli, həmin şirkətlərə tender verilməməlidir. Lakin görürük ki, guya bir hissəsi geri qaytarılır. Deməli, o qədər böyük yeyinti olur ki, onun yalnız bir hissəsi geri qaytarılır. Bu, ümumiyyətlə, Hesablama Palatası səviyyəsində korrupsiyadır. Bu, siyasi korrupsiyadır. Cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, aşkar edilən pozuntulara göz yumulur, sadəcə vəsaitin geri qaytarılması tələb olunur”.
Z. İsmayıl qeyd edir ki, tikinti sahəsində pozuntular aşkarlanan şirkətlərə təkrar-təkrar tenderlərin verilməsi dövlət satınalmalarının nə qədər qeyri-şəffaf təşkil olunduğunu göstərir:
“Əgər dövlət satınalmasında iştirak edən şirkət layihədə ciddi pozuntuya yol veribsə, artıq smetanı mənimsəmiş şirkətə yenidən tender verilməsi yanlışdır. Hətta ikinci dəfə işləri düzgün yerinə yetirsə belə, yenə də qara siyahıda olmalıdır. Bu, ümumilikdə sui-istifadə və yeyinti hallarının qarşısını ala bilər”.
İqtisadçı əlavə edir ki, Azərbaycanda biznes müxtəlif səviyyələrdə siyasi hakimiyyət tərəfindən himayə olunur. Onun sözlərinə görə, tenderlərdə iştirak edən şirkətlər himayə olunduğu üçün fəaliyyətlərini davam etdirə bilirlər:
“Tenderlərdə həmin pulları şirkət rəhbəri təkbaşına yeyə bilməz. Azərbaycanda tenderlərdə ən böyük problemlərdən biri budur. Bununla hüquq-mühafizə orqanları və məhkəmələr məşğul olmalıdır. Lakin onlar da müstəqil deyil, siyasi hakimiyyətin nəzarətindədir. Onların qanunsuz göstərişlərini canla-başla icra edirlər. Ona görə də bizneslər məmurlar tərəfindən idarə olunur. Bu səbəbdən tenderlərdə bu şirkətlərin pozuntuları üzə çıxanda həmin məmurlar onları himayə edirlər. Azərbaycanda hüququn aliliyi faciəli bir şəkildədir”.