“Meydan TV işi”nə görə həbs edilən jurnalist Natiq Cavadlı təcridxanadan yazır. Yazını olduğu kmi təqdim edirik:
Tarixi yalnız oxumayın…
“Birdən fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetənin hamısı durduğu yerdə bağlandı”.
Onda nə olar?!
Onda tamam Firəngistan bir-birinə dəyər. Kişi, qadın, uşaq – hamısı bir-birinə qarışıb, bir çığır-bağır salarlar ki, qonşular dəli olar.
Biri çığırar ki:
– Ay kor oldum!
O birisi:
– Ay kar oldum!
Bir başqası:
– Ay lal oldum!
Banklar qapanar, birjalar sönər, fabriklər batar, dəmiryol işləməz, paroxodlar dayanar, məclislər pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar, qərəz zəlzələ olar, tufan qopar, hamı kar olar, kor olar, lal olar. Bəs bizim qəzetlərimiz bağlansa nə olar?
Heç zad.
Üzeyir Hacıbəyli, 1909-cu il. Mənbə: “Seçilmiş əsərləri II cild”.
Üzeyir bəyin bu sətirləri yazmasından 115 ildən çox keçib. O dövr idi ki, Azərbaycan müstəqil olmasa da, azad mətbuatın ilk cücərtiləri var idi, “Açıq söz”, “Molla Nəsrəddin”, “İqbal”, “İrşad”, “Tərəqqi”… Ancaq bu günkü müstəqil Azərbaycanda azad mətbuat yoxdur, alternativ media ölkə ərazisində bloklanıb, 25-dən çox jurnalist həbsdədir. Qərəz, mətbuat adına nə varsa, tragikomediyadır. Çap mətbuatı rəsmi qəzetlərdən ibarətdir ki, orada da daha çox başsağlığları izlənilir, həm də tirajı abunə üçündür. “525-ci qəzet” isə gündə 25 nüsxə belə satılmır. Televiziyalara gəldikdə, yalanın, yaltaqlığın və əyləncə arsızlığının orgiyasından başqa bir şey deyil.
Adi bir misal: ATV kanalı mayın 13-də səhər proqramı “Xəbərin olsun”da Lökbatanda elektrik avadanlıqları anbarının yanması haqda xəbərdə deyir: Hadisə baş verən dəqiqələrdə FHN-in yanğınsöndürənləri ərazidə olub, yanğın söndürülüb. Amma İTV-nin saat 17:00 axşam xəbərində yanğının yeni söndürüldüyü bildirildi. Və maraqlı məqam yanğın mayın 12-dən 13-nə keçən gecə başlayıb. Beləliklə, ATV yalan məlumat yayır, İTV isə FHN-in yanğını 20 saatdan çox söndürə bilmədiyini ortaya qoyur. Yəni hökumətaltı medialar bir-birinin yalanını üzə çıxarmaqla bərabər FHN-in qeyri-operativliyini və qeyri-peşəkarlığını da aşkarlayır, özləri də bilmədən. Təəssüf ki, rəsmi qurumlar dəymiş zərər haqda susur, media isə araşdırmaq cəsarətində deyil.
Qayıdaq Üzeyir bəyin sətirlərinə. 9 il sonra (1918) Azərbaycan müstəqilliyini elan etdi, ölkədə “Azərbaycan”, “İstiqlal” qəzetləri ilə bərabər Rusiya bolşeviklərinin təsiri altında olan yerli kommunistlərin də mətbu nəşrləri çap olunur. Amma 1920-ci ildə bolşevik Rusiyasının işğalı nəticəsində repressiv birpartiyalı sistemdə azad olmaq istəyən mətbuatın məzarı qazıldı. Başqa cür də ola bilməzdi. Tarix çoxdan sübut edib ki, birpartiyalı quruluş (proletar diktaturası) öz balalarını “yeyir” və son nəticədə despotizmə gətirir. Hələ XIX əsrin 60-cı illərində Prudon və Bakunin Marksa məktublarında xəbərdarlıqlarını etmişdilər, ancaq eşidilmədi: yekunda Stalinizm yarandı. Bu, yekunda Lenin qvardiyasını məhv etdi. Ardınca stalinçi Xruşov stalinçiləri aradan qaldırdı, Brejnev isə Xruşov sərsəmliyinə son qoyub kommunist dövlətinin ömrünü 18 il uzatdı. Xələfi Andropov da onun yaxınlarını (daxili işlər naziri Şelokov, müavini Brejnevin kürəkəni Çurbanov) hakimiyyətdən uzaqlaşdırdı. Nəhayət, M. Qorbaçov “şər imperiyası”na (R. Reyqan) son qoydu.
Bu sətirləri yazarkən Müstəqil Azərbaycanın son 33 illik tarixi (1993-cü ildən sonra) göz önündə canlanır. “Müstəqil Azərbaycanın banisi” Heydər Əliyevin kursunun davamçısı, oğlu İlham Əliyev tədricən birpartiyalı sistemi çökdürüb, bu gün YAP “arabanın 5-ci təkəri” də deyil. Hətta atasının kadrları Əli İnsanov, Fərhad Əliyev və Ramiz Mehdiyevi (Heydər Əliyev ordenli Prezident Administrasiyasının keçmiş rəhbəri dövlət çevrilişi, dövlət əmlakını mənimsəməkdə ittiham olunur) repressiyaya məruz qoydu.
Mətbuata gələk, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu, yaranan jurnalist birlikləri – “Yeni Nəsil” və digərləri gücləndi, ölkə başçısı (H. Əliyev) hər səfəri zamanı jurnalistlərin suallarını cavablandırır, baş redaktorlarla görüşürdü. Əlbəttə, sadalananlar imitasiya idi. Varis isə imitasiyaya ehtiyac görməyib mənzilli, mükafatlı, yaltaq jurnalist sürüsü yaratdı. Beləliklə, 2003-cü ildən İ. Əliyev mətbuat siyasətində ilklərə imza atdı:
- Kommunist Ə. Vəzirovun hakimiyyəti zamanı fəaliyyətə başlayan ilk müxalifət qəzeti “Azadlıq” qapadıldı.
- Kommunist A. Mütəllibovun hakimiyyəti ANS telekanalının fəaliyyətinə icazə verdi, ona qədər Azərbaycanda yalnız bir kanal – AzTV fəaliyyət göstərirdi. İ. Əliyev bu kanalı bağladı.
- “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin dayandırılması ilə qəzetçilikdə sonun başlanğıcına start verildi. Əlbəttə, deyə bilərlər ki, internet resurslarının, sosial şəbəkələrin artması çap mətbuatına mənfi təsir göstərdi. Amma bu proses qonşularımızda getsə də, qəzetlər varlıqlarını qorudu.
- Qəzet köşkləri sıradan çıxarıldı, o cümlədən, səyyar satış da. Bu gün rayon və şəhərlərdə 1, yaxud 2 qəzet köşkü olar ki, onlarda qəzetdən başqa hər şey satılır, siqaret, hətta falqa da. İllər əvvəl həmkarlarım yazırdı: “Əkinçi”nin (1875-ci ildən başlayaraq) getdiyi kəndlərdə qəzet köşkləri yox idi.
- “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov öldürüldü.
- Baş redaktorlar Qənimət Zahid, Əvəz Zeynallı, Eynulla Fətullayev, Fikrət Fərəməzoğlu həbs olundular.
- Müstəqil, müxalif jurnalistlərin şəxsi həyatına müdaxilələr oldu, çəkilişləri “Lider TV” və sosial şəbəkələrdə yaydılar.
- Azad jurnalistlərin ölkədən çıxışına qadağa qoyuldu.
- Alternativ media orqanları ölkə ərazisində bloklandı.
- Xarici radiolar – “Azadlıq”, “Amerikanın səsi”, “BBC”-nin yerli ofisləri bağlandı.
- Azərbaycanda ilk dəfə qadın jurnalist Xədicə İsmayıl həbs olundu. Bu gün onların sayı 9-dur: Sevinc, Nərgiz, Elnarə, Aynur, Aysel, Aytac, Xəyalə, Ülviyyə və Fatimə.
- 1 ildə (2024-cü il) 3 media orqanının əməkdaşları həbs olundu (AbzasMedia, Toplum TV, Meydan TV).
- Bakı Jurnalistika Məktəbi qapadıldı, təlimçiləri həbs edildi.
- Həbsdə olan jurnalistlərin yaxınlarının ölkədən çıxışına qadağa qoyuldu. (Aytac Əhmədovanın anası və s.)
Repressiya davam edir:
Ancaq azərbaycanlılar fransızlarda təsəvvür edilən kimi kar, kor, lal olmadı. Çünki mənəvi-idraki korluq yaranmış, bəsirət gözləri oyulmuşdu, qulaqlar eşitməz olmuşdu, danışan dillər susdurulmuşdu.
Banklar qapanmadı, çünki hakim elitanındır, ölkədə biznes monopoliyadadır. Fabriklər, paroxodlar, bazar-dükanlar bağlanmadı çünki özlərinindir. Məclislər (Milli Məclis, bələdiyyələr) pozulmadı, çünki təyinatlıdılar.
Teatrlar boş qalmadı, çünki ölkədə yaradıcılıq azadlığı boğulduğundan dramaturgiya yoxdur. Televiziyalarda göstərilən serialların isə sənətə aidiyyatı yoxdur, çünki ictimai yükü olmadığından məişət bayağılığında çırpınırlar.
2005-ci ildə KVN-çi deputat Anar Məmmədxanov “Gündəlik Azərbaycan” qəzetinin redaksiyasında deyirdi ki, əsas istəkləri Azərbaycanda reklam qəzetlərinin çıxmasıdır, Səudiyyə Ərəbistanında olduğu kimi. Arzusu tam reallaşmasa da, mətbuatın dəfn olunması reallıqdır. Qərəz, “dəmir yumruq” azad mətbuatı darmadağın etdi!
Bəli, bunlar gerçəkdir, ancaq dünyanın əbədiyyət adlandırılan gedişatı var, təsadüflərlə dolu, qanunauyğunluqlara sığışmayan. Yəni dəyirman ləng üyütsə də, fırlanır. Mən Əbədiyyətə inanıram – xeyrə, ədalətə və həqiqətə.
Nə zamansa Azərbaycanda söz azadlığı, fikir plüralizmi və digər azadlıqlar da olacaq. Tarix öz dəyişikliyi ilə amansızdır. Bu dəyişkənlik isə xeyrə istiqamətlənir son nəticədə. Rəsulzadə “Bir kərə yüksələn bayraq bir daha enməz” söyləyəndə dünyada bolşevizm kabusu xeyir cildində insanlarda inam yaradırdı. Ancaq 70 illik kabus 3-5 ildə çökdü, çünki antiinsani idi. Mən bütün baş verənlərə baxmayaraq, gələcəyə inanıram. Ola bilər, bizim nəsil o günü görməyəcək, ancaq o gün olacaq!
Tarixi yalnız oxumayın, onun mənasını idrak edin!”.
Natiq Cavadlı.