“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yazıb.
Məktub onun “Facebook” səhifəsində dərc olunub. Yazını olduğu kimi təqdim edirik:
“Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmaq üçün istintaqdan, habelə məhkəmə mühakiməsindən qaçdığı hadisələr barədə yəqin ki, eşitmisiniz. Bəs hakimlərin mühakimə etməkdən qaçdığını necə? Absurd səslənsə də, həqiqətdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmov “Meydan TV işi” üzrə keçirilən sonuncu (22 may) məhkəmə prosesindən qaçdılar. Buna səbəb sərbəst ifadələr zamanı hakim ailənin, ələlxüsus da Prezident İlham Əliyevin adının çəkilməsindən qorxmaları idi.
Həmin prosesdə “Meydan TV işi” üzrə həbs edilən jurnalistlərdən Xəyalə Ağayeva, Ülviyyə Əli, mən və Əhməd Muxtar sərbəst ifadə verməli idik. Çıxış üçün sözü ilk Xəyalə Ağayeva aldı və bundan sonra hakimlər stressdən az qala ağlayacaqdılar.
“Bu proses İlham Əliyev diktaturası dövründə ərsəyə gətirdiyimiz alternativ media nəzəriyyəsini praktiki nümayişidir. Biz daim iqtidarın siyasi nəzarət şəbəkəsindən sıyrılmağa və məlumat axınının önünə çəkilən səddi dağıtmağa çalışmışıq. YAP hakimiyyətinin azərbaycanlıların səsini tamamilə kəsmək planlarını pozmuşuq”, – Xəyalə Ağayeva çıxışında deyirdi.
Hakimlər tez-tez onun sözünü kəsməyə, dolayı yolla Əliyevin adının çəkilməsinin qarşısını almağa çalışırdılar. Ardınca mikrofonu söndürdülər. Xəyalə səsi eşidilsin deyə ifadəsini ucadan oxumağa başladı. Hakimlərdən Elmin Rüstəmov Ağayevanın səs tonunun onun səhhətinə pis təsir etdiyindən şikayətləndi.
“Konvoy, aparın bunu yerinə”, – hakim Vüqar Quliyev isə Xəyalənin sözünü zor gücünə saxlamağa cəhd etdi. Amma son anda bunu bir zal dolusu adamın gözü qarşısında etməkdən çəkindilər.
“Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı. Bu həmin 2006-cı ildə baş verib ki, hökumətimiz ölkədə uşaq pulunun verilməsini dayandırıb. Bəs eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar? Qaçaqmalçılıq başqa necə olur?”, – Xəyalə Ağayeva ifadəsinin davamında deyirdi.
“Tərbiyəsizlik eləmə”, – hakimlərdən yenə Vüqar Quliyev Xəyaləyə sarı çımxırdı.
“Əliyevin adını çəkmək təhqirdir ki, bunu tərbiyəsizlik kimi qəbul edirsiniz?”, – Ağayeva cavabında dedi.
Bu vaxt gözlənilməz hadisə baş verdi. Hakimlər yerlərindən ayağa qalxıb prosesi yekunlaşdırmadan və heç bir açıqlama vermədən eləcə qaçdılar. Onları hamılıqla hərəkətlərinə yaraşan şüarla yola saldıq: “Qorxaqlar! Qorxaqlar! Qorxaqlar!”, – bu şüar zalda əks-səda verirdi.
Təsəvvür edin, Əliyevin adını biz çəkirik, hökuməti biz ifşa edirik, qorxmuruq; hakimlər isə bunu sadəcə dinlədikləri üçün qorxudan əsir və qaçırlar. Bu, karyerası boyu çox az hakimə nəsib olacaq rüsvayçılıqdır. Bəs Aytən xanım, Vüqar və Elmin bəy 12 nəfər müstəqil jurnalistə qarşı böhtanı müdafiə eləmək sifarişinə boyun olanda nə təsəvvür edirdilər? Elə bilirdilər gələcəklər, biz də türklər demiş “əl-pəncə divan” sakit dayanacağıq və onlar da deyə-gülə, rahatlıqla hərəmizə azı 8 il hökm oxuyub dağılışacaqlar? Pis xəbərim var, belə olmayacaq.
Bizi şərləyən şəxsən İlham Əliyevin özüdür. Belə olduğu halda nədən danışmalıyıq, Faiq Ağayevin hit mahnılarından? Əlbəttə, İlham Əliyevin adı hələ çox çəkiləcək və bizim sözümüzü kəsmək Əliyevin özünə nəsib olmadığı kimi, onun məntiqli qullarına da nəsib olmayacaq.
Növbəti məhkəmə prosesinin tarixi hələ bəlli deyil. Məncə, hakimlər tarixi müəyyənləşdirmək və həmin məhkəmə zalına qayıtmaq üçün qulaqlarından bu uğultunun çəkilməsini gözləyirlər: “Qorxaqlar! Qorxaqlar! Qorxaqlar!“. “
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası