Rusiya Ermənistanın Aİ-yə üzvlük səylərini davam etdirməsi halında Ermənistana qaz, neft məhsulları və işlənməmiş almazların vergisiz tədarükünü dayandıra biləcəyi barədə məktub göndərib.
Bu barədə Rusiyanın hökumətyönlü “Kommersant” nəşri çərşənbə axşamı əldə etdiyi məktubun surətinə istinadən məlumat yayıb. Ermənistan isə belə bir məktub almadığını bildirib, xarici işlər naziri Ararat Mirzoyan isə Yerevanın “Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmaq niyyətinin qətiyyən olmadığını” vurğulayıb.
OC Media yazır ki, iddia edilən məktubun Rusiyanın energetika naziri Sergey Tsivilyov tərəfindən Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə göndərildiyi bildirilir. Nazirlik isə çərşənbə günü Ermənistanın dövlət agentliyi Armenpress-ə açıqlamasında belə bir məktubun daxil olmadığını deyib.
2013-cü il sazişinə əsasən, Rusiya Ermənistana qaz, neft məhsulları və işlənməmiş almazları ixrac rüsumu olmadan tədarük etməyə başlamışdı. İddia olunan məktubda isə bu razılaşmanın dayandırılacağı qeyd olunub. Bundan əlavə, Ermənistanın kompensasiya ödəməli olacağı və ya “ödənilməmiş məbləğləri Rusiyaya dövlət borcu kimi tanımalı olacağı” bildirilib. Məktubdakı ifadənin Ermənistanın 2013-cü ildən bəri Rusiyadan idxal etdiyi bütün bu məhsullara görə ixrac rüsumu ödəməli olacağı anlamına gəlib-gəlmədiyi aydın deyil, lakin bu, ehtimal ki, böyük məbləğ təşkil edir.
Tsivilyovun məktubunda deyilir ki, Ermənistanın Aİ-yə qoşulmaq səyləri hələlik əsasən kağız üzərində olsa da hər iki ölkənin hökumətləri və biznes qurumları arasında onilliklər boyu qarşılıqlı hörmət və fayda prinsipi əsasında qurulmuş tərəfdaşlığın xarakterinə və Rusiya Federasiyasının Ermənistanın kritik ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək üçün dəfələrlə atdığı praktik addımlara uyğun gəlmir.
Çərşənbə günü Kremlin sözçüsü Dmitri Peskov iddia edilən təhdidlə bağlı məlumatı olmadığını bildirib və bunu Rusiyanın dövlətə məxsus “Qazprom” şirkəti ilə bağlı “kommersiya məsələsi” adlandırıb.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, əgər Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi davam edərsə, Moskva qaz, neft və yanacaqla bağlı müqavilələri dayandıracaq.
Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük prosesi davam edərsə, Rusiya qaz, neft məhsulları və işləniləmiş almaz tədarükü ilə bağlı müqavilələri dayandıracaq və ya ləğv edəcək.
İyunun 7-də keçiriləcək Ermənistan parlament seçkiləri ərəfəsində Rusiya ölkəyə qarşı təzyiq kampaniyasını gücləndirib, eyni zamanda Ermənistanın geosiyasi istiqamətini Qərbə çevirməsinin mümkün nəticələri barədə ritorik təhdidlərini artırıb.
Bununla yanaşı, Yerevan dəfələrlə bəyan edib ki, Rusiya ilə əlaqələri kəsmək niyyətində deyil, əksinə həm Qərblə, həm də Rusiya ilə müsbət münasibətlər qurmağa çalışır.
Mirzoyan da çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bunu təsdiqləyərək deyib:
“Ermənistan-Rusiya münasibətlərində, siyasi dialoqda və iqtisadi əlaqələrdə nə ikitərəfli, nə də Avrasiya İqtisadi İttifaqı, MDB və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində gərginlik yaratmaq kimi qətiyyən niyyətimiz yoxdur. Yaranmış və ya yarana biləcək bütün məsələləri sağlam, konstruktiv və tərəfdaşlıq ruhunda müzakirə edib həll yolları tapmağa ümid edir və buna sadiqik”.
Yerevanın uzlaşma mesajlarına baxmayaraq, Rusiya Ermənistana qarşı kəskin bəyanatlar verməyə davam edir və bunların hamısı iqtisadi məsələlərlə məhdudlaşmır.
Çərşənbə axşamı Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməməsini tənqid edib və beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisinin heç vaxt hücuma məruz qalmadığını yanlış olduğunu iddia edib: 2021 və 2022-ci illərdə isə Azərbaycan qüvvələri Ermənistan ərazisinə hücum etmiş və təxminən 200 kvadrat kilometr ərazini işğal etmişdi; həmin ərazilər hələ də Azərbaycanın nəzarətindədir.
Şoyqu həmçinin yanlış olaraq bildirib ki, Ermənistan o zaman KTMT-dən yardım istəməyib. Halbuki təşkilat müqaviləyə əsasən belə yardımı göstərməli idi, lakin bunu təsdiqləməmişdi.
KTMT-nin Ermənistanı müdafiə etməkdən imtina etməsi Yerevanın təşkilatdakı iştirakını dondurmaq qərarına gətirib çıxarıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.