Jurnalist Nərgiz Absalamova aylardır tibbi müayinədən keçirilmir

Nərgiz Absalamova. Foto: Meydan TV

“Abzas Media işi” üzrə həbsdə olan jurnalist Nərgiz Absalamovanın 4 aydır tibbi müayinədən keçirilmədiyi bildirilir.

Bu barədə medianın hazırki baş redaktoru Günel Səfərova “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, jurnalist Absalamova uzun müddətdir haymoritdən əziyyət çəkir. O, saxlanıldığı Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinə MRT müayinəsi üçün müraciət etsə də, müayinədən keçirilməyib:

“Nərgiz haymoritdən əziyyət çəkir. Nəfəs darlığı və güclü baş ağrıları var. Ancaq Lənkəran Penitensiar Kompleksinin rəhbərliyi onun MRT müayinəsindən keçməsini təmin etmir. Bu gənc qızın ömründən 8 il almısınız. Azadlığı ilə sınamısınız, sağlamlığı ilə niyə sınayırsınız?

2023-cü ilin noyabrından etibarən AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin Azadlıq Radiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar. İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Ana səhifəXəbərlərJurnalist Nərgiz Absalamova aylardır tibbi müayinədən keçirilmir