DSX hərbçisi vəfat edib: hadisə ilə bağlı iki versiya səslənir

Hərbçi Ramin Cəbrayılov – Foto: Sosial Media

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Ramin Cəbrayılov vəfat edib.

26 yaşlı hərbçinin ötən gün Beyləqan rayonu ərazisində ağır yaralandığı bildirilir. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Ramin Cəbrayılov Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Onun ali təhsilli əsgər kimi xidmət etdiyi, xidmət müddətinin başa çatmasına təxminən bir ay qaldığı qeyd olunur.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik rəsmən açıqlanmayıb. İlkin məlumatlarda hərbçinin özünü silahla vurduğu iddia olunur. Digər versiyaya görə isə R.Cəbrayılov sərhəddə qaçaqmalçılarla baş verən silahlı insident zamanı yaralanıb.

Dövlət Sərhəd Xidməti və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

Bu, son bir ayda DSX-də qeydə alınan dördüncü hərbçi ölümü hadisəsidir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına əsasən, 2026-cı ilin fevral ayına qədər Azərbaycanda azı 9 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib. İnstitutun 2025-ci il üzrə hesabatında isə həmin il 42 hərbçinin qeyri-döyüş şəraitində öldüyü, onlardan 11-nin DSX hərbçisi olduğu göstərilib.

Ana səhifəXəbərlərDSX hərbçisi vəfat edib: hadisə ilə bağlı iki versiya səslənir