“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin məhkəməsi mayın 22-də davam edib.
Jurnalist Natiq Cavadlı və vəkili məhkəmə prosesi başlayandan bir neçə dəfə ailə üzvlərinə etibarnamə verməsinə şərait yaradılması üçün vəsatət qaldırıb. Jurnalist bildirib ki, etibarnamə məsələsi hələ də həllini tapmayıb. Məhkəmənin göndərdiyi sənədi notarius təsdiqləmir:
“Aylar sonra bir sənəd vermisiniz, onu da səhv yazmısınız. Notarius deyir ki, səhvdir. Belə məsuliyyətsizlik, belə savadsızlıq olar?”
Daha sonra jurnalistlərdən Xəyalə Ağayeva ifadə verməyə başlayıb. O, ifadə verərkən məhkəmə tərkibinə daxil olan hakimlər Aytən Əliyeva, Elmin Rüstəmov və Vüqar Quliyev bir neçə dəfə onun sözünü kəsib. Xüsusilə dövlət başçısı İlham Əliyevin adı çəkiləndə hakimlər dərhal reaksiya verib.
Jurnalist Xəyalə Ağayevanın yarımçıq saxlanılan çıxışını olduğu kimi təqdim edirik:
“Bu həftə Bakıda Ümumdünya Şəhərsalma Forumu keçirilir. Xarici ölkələrdən gələn qonaqlar şəhərimizin dekorativ küçələri ilə tanış olur. Ölkə başçısı onlara Bakının tarixinin və memarlıq irsinin qorunmasından danışır. Deyir ki, biz qədim irsimizlə qürur duyuruq. Lakin paytaxtın xatirələrinin necə dağıdılmasından, tarixi binaların yerlə-yeksan edilməsindən sirr vermir.
Onun gizlədiklərindən danışmaq yenə bizə düşür. Həbsimizdən həmən öncə çəkdiyim, amma hakimiyyətin yayımlamağa macal vermədiyi son süjetimiz elə Bayırşəhərlə bağlıydı. Polisin evə basqınla əl qoyduğu görüntülərdə şəhərin məhv edilməsi üçün işarələnmiş tarixi yer alır.
Həmin vaxt Bakını sevməyənlərin üzərinə qara ləkə yaxdığı tarixi binalar sökülmə təhlükəsindəydi. Ötən 18 ay ərzində bu mövzu gündəmdən düşmədi. Sakinlər dəfələrlə etiraz etdi, “Bayırşəhəri Qoruyaq” təşəbbüs qrupu söküntülərə mane olmaq üçün prezidentə müraciət etdi. Bütün bu səslərə qulaq qapadıqdan sonra cari ili “memarlıq ili” adlandırmaq, üstünə bir də şəhərsalma nağılları danışmaq böyük təzaddır. Bu həftə foruma gələn xarici qonaqlar Ağ Şəhərdə gəzdirilərkən Bayırşəhərdə tarix artıq dağıntılar altındaydı. Və biz Meydan TV-nin 13 yaşını tikanlı məftillər arxasında qeyd edirdik. Çünki eyni mərkəzdən gələn göstərişlə həbs olunmuşuq və saxta məhkəmə qarşısına çıxarılırıq. Bu məhkəmə prosesi illər ərzində olan çalışmalarımızın meyvəsidir.
Bu proses İlham Əliyev diktaturası dövründə ərsəyə gətirdiyimiz alternativ media teoriyasının praktiki nümayişidir.
Biz daim iqtidarın siyasi nəzarət şəbəkəsindən sıyrılmağa və məlumat axınının önünə çəkilən səddi dağıtmağa çalışmışıq. Fəaliyyətimiz hökumətin basqı və manipulyasiyasının gözünə silah tək tuşlanıb. Problemlərdən danışmaqla problem çıxarmış, YAP hakimiyyətinin azərbaycanlıların səsini tamamilə kəsmək planlarını pozmuşuq. Məramımız ölkənin bütün kəsimlərinə xitab etmək, rəsmilərin yalanlarını ifşa etmək, insanlara layiq olduqları və ehtiyac duyduqları doğru xəbəri çatdırmaq olub. Ölkədəki yarıtmaz və cinayətkar idarəetmədən danışarkən heç bir kəsi öz tənqidimizdən yüksəkdə tutmamışıq.
“Meydan TV işi” bu tənqidi səsin – müstəqil mətbuatın tam bağlanması yolunda Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə verdiyi növbəti siyasi sifarişdir. Bizdən əvvəl – AbzasMedia, Toplum TV jurnalistlərinin, müstəqil vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının da başına bənzər repressiv tədbirlər gətirilib.
“Meydan TV işi”ni ittiham tərəfi müxtəlif cinayətlərin strukturunu uğursuz qaydada formalaşdırmağa çalışaraq uydurub. İş materiallarının hər sətri “sifarişdir” deyə çığır-bağır salır. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) “Şerlok Holms”ları bu mütəşəkkil dəstənin əleyhinə heç bir sübut tapmadığı üçün xaricə etdiyimiz səfərləri qaçaqmalçılıq kimi qələmə verməyə çalışıb.
Məsələn, mən 28 yaşıma qədər bütün gediş-gəlişlərimdə sərhəd keçid məntəqəsində yoxlanılmışam və heç bir pozuntu aşkarlanmayıb. Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım.
Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı. Bu həmin 2006-cı ildə baş verib ki, hökumətimiz ölkədə uşaqpulunun verilməsini dayandırıb. Bəs eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar? Bu qaçaqmalçılıq deyilmi?
Bizim mühakiməmizdə hökumətin sifarişini icra edən dövlət ittihamçısı Ergün Qafarov versin bu sualları Heydər Əliyevə. O artıq böyüyüb, cavab vermək iqtidarındadır.
Meydan TV-nin və digər müstəqil media mənsublarının çoxsaylı təhqiqatlarında Azərbaycanın ən yüksək vəzifəlilərinin milyonlarla dəyəri olan London mülkləri barədə məlumat verilib.
Prokurorluq əməkdaşları, polislər, hakimlər bu mülklərin hansı vəsaitlər hesabına xaricə çıxarıldığını araşdırıblarmı? Daha doğrusu, heç olmasa bunu düşünmək cəsarətinə sahibdirlərmi?
Meydan TV-nin yaydığı digər bir məlumat Azərbaycan hakimiyyətinin Avropa Şurasındakı deputatları pulla ələ almasına həsr olunub. Bu cinayətkar məqsədlər üçün hökumət təribən 3 milyard dollar məbləğində pulu rüşvət qismində deputatlara verib. Və ləyaqətini satışa çıxaran həmin deputatlar gizli yolla Azərbaycan hökuməti ilə eyni mövqedən çıxış ediblər”.
Jurnalistin ifadəsi bir neçə dəfə kəsilib. Ona ifadəsini sonuna qədər davam etməsinə icazə verilməyib. AŞPA ilə bağlı hissəyə çatanda isə hakimlər ayağa qalxıb və zalı tərk ediblər.
Məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.