Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) İsraildə 1 milyon 80 min 258 manat məbləğində ev icarəsi ödəyəcək.
Bununla bağlı Agentlik ilə İsrailin “K.R.V Medical Group 2014 LTD” şirkəti arasında satınalma müqaviləsi bağlanıb. Dövlət Satınalma Portalında tenderin bir mənbədən həyata keçirildiyi görünür.
İcarə müqaviləsinin müddəti cari ilin 20 may tarixindən 2027-ci ilin 20 mayındadək davam edəcək.
Bu, “Azərkosmos”un sözügedən şirkətlə ikinci müqaviləsidir.
Belə ki, artıq iki ildir icrasına başlanılan “Azersky-2” layihəsi çərçivəsində 2025-ci ilin aprelində də “K.R.V Medical Group 2014 LTD” şirkəti ilə avtomobil və ev icarəsi xidmətləri üzrə 2 milyon 248 min manat dəyərində bir mənbədən satınalma müqaviləsi imzalanıb. 2026-cı ilin may ayında isə müqavilənin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, “K.R.V Medical Group” İsraildə səhiyyə turizmi sahəsində fəaliyyət göstərən şirkətdir.
“Azərkosmos”un İsraildəki heyətinin sağlamlıq sığortasını da İsrailin “DavidShield Life Insurance Agency (2000) LTD” şirkəti təmin edir. 2025-2026-cı illər üzrə bu şirkətlə 195,5 milyon manat dəyərində sağlamlıq sığortası müqaviləsi imzalanıb.
Xatırladaq ki, “Azersky-2” layihəsi “Azərkosmos” ilə Israel Aerospace Industries (IAI) şirkəti arasında həyata keçirilir. 2023-cü ilin oktyabrında iki qurum arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetmə qabiliyyətinə malik elektro-optik sensorlarla təchiz olunmuş müşahidə peykləri olacaq.
Birinci peykin İsraildə, ikinci peykin isə Azərbaycanda istehsalı nəzərdə tutulur. Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə yerüstü sistemləri İsrail şirkəti təmin edəcək. Peyklərin 2026 və 2028-ci illərdə orbitə buraxılması planlaşdırılır.
İsrail mediasında yayılan məlumatlara görə, kəşfiyyat xarakterli olduğu bildirilən bu peyklərin alınmasına dair müqavilənin dəyəri 120 milyon dollar təşkil edir.
Qeyd edək ki, 2010-cu ildə peyk operatoru kimi yaradılan Azərbaycan Kosmik Agentliyinin əsas gəlirləri dövlət büdcəsi hesabına formalaşır. Agentliyin peyk xidmətlərindən əldə etdiyi gəlirlər xərclərini tam qarşılamır. 2024-cü il üzrə maliyyə hesabatında qurumun ümumi zərərinin 380 milyon manata çatdığı göstərilir.
Son illər “Azərkosmos”un ixrac gəlirlərində də azalma müşahidə olunur. 2025-ci ildə qurum dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib. Bu isə 2024-cü ilin göstəriciləri ilə müqayisədə 2,2 faiz azaldır.