Mayın 21-də Ali Məhkəmədə sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun kasassiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim İlqar Qılıcov sədrlik edib.
Məhkəmə prosesində vəkil Zibeydə Sadıqova və Bəhruz Səmədov ittihamların əsassız olduğunu bildirərək bəraət tələb ediblər. Vəkil müvəkkilinin ağır xəstəliklərdən əziyyət çəkdiyini, həbsdə təzyiqlərə məruz qaldığını və əsassız yerə intizam kamerasına salındığını vurğulayıb.
B. Səmədov isə çıxışında gözlərindəki ciddi problemin qapalı məkanda daha da pisləşdiyini ekspertiza rəyi ilə əsaslandırıb. O, sadəcə radio istədiyi üçün cəzalandırıldığını və bu cür təzyiqlərin “yuxarıların” sifarişi ilə edildiyini bəyan edərək, özünü təqsirsiz hesab etdiyini bildirib.
Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. Bundan sonra Bəhruz Səmədov etiraz olaraq zalda “Azadlıq!” və “Repressiyalara son!” şüarları səsləndirib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədovu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.
Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.