Nazim Bəydəmirli başqa Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Nazim Beydamirli. Illustration: Meydan TV

Hazırda həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə sabiq deputatın həyat yoldaşı Fəridə Bəydəmirli Meydan TV-yə məlumat verib.

O bildirib ki, qərar mayın 19-da icra olunub. Onun sözlərinə görə, köçürülməyə səbəb 13 saylı cəzaçəkmə müəssisəsində Nazim Bəydəmirlinin digər məhbusla yaşadığı insident səbəb olub.

Fəridə Bəydəmirli deyir ki, mayın 20-də həyat yoldaşı ilə görüşmək üçün 6 saylı cəzaçəkmə müəssisəsinə gedib. Həbsxana rəisi Bəydəmirlinin hazırda karantində olduğunu və bu müddət ərzində yalnız vəkili ilə görüşə biləcəyini qeyd edib.

2005–2010-cu illərdə 104 saylı Gədəbəy–Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də həbs edilib.

Ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli ittihamları qəbul etmir və həbsinin Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlarla bağlı olduğunu bildirir.

2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Ana səhifəSiyasətNazim Bəydəmirli başqa Cəzaçəkmə Müəssisəsinə köçürülüb