Hesabat: “Azərbaycan məhbus sayına görə Avropada ikinci yerdədir”

Source: Meydan Tv

Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir. Ölkədə həbsxanaların doluluq səviyyəsi də kritik həddə çatıb.

Bu məlumat Avropa Şurasının qitənin 51 həbsxana sistemini əhatə edən 2025-ci il üzrə rəsmi “SPACE I” hesabatında yer alıb. Sənədə görə, Azərbaycanda hər 100 min sakinə 271 məhbus düşür.

Bu göstərici ilə ölkə yalnız Türkiyədən (458) geri qalır. İlk sıralarda həmçinin Moldova (245), Gürcüstan (232) və Macarıstan (206) qərarlaşıb. 2025-ci ilin yanvarın 31-nə olan məlumata görə, Avropa Şurası məkanında ümumilikdə 1,1 milyondan çox məhbus var.

Avropa Şurasının məlumatına görə, Azərbaycanda həbsxanaların doluluq səviyyəsi kritik həddə yaxındır. Ölkədə hər 100 yerə 98 məhbus düşür. Azərbaycan bu göstərici üzrə həbsxanaları “tam doluluğa yaxın” olan ölkələr sırasında göstərilib. Ən ağır vəziyyət Türkiyə və Fransada qeydə alınıb – hər 100 yerə 131 məhbus düşür. Xorvatiya, İtaliya, Malta, Kipr və Belçikada da ciddi sıxlıq müşahidə olunur.

Hesabata görə, Azərbaycanda həbsdə olan xarici vətəndaşların payı cəmi 2,2 faizdir. Bu, Avropada ən aşağı göstəricilərdən biri sayılır. Daha aşağı göstərici yalnız Rumıniya (1,1 faiz) və Moldovada (1,9 faiz) qeydə alınıb.

Müqayisə üçün, Lüksemburqda məhbusların 78 faizi, İsveçrədə isə 73 faizi xarici vətəndaşlardır. Avropa Şurasının hesabatında qadın məhbusların sayının Avropada artdığı qeyd olunur. 2024-cü ildən 2025-ci ilə qədər qadınların həbsxana əhalisində payı 4,8 faizdən 5,2 faizə yüksəlib.

Azərbaycanda isə qadın məhbusların payı 3,1 faiz təşkil edir. Bu göstərici Albaniya, Ermənistan və Monteneqrodan sonra Avropada ən aşağı rəqəmlərdən biridir.

Hesabat müəllifləri bildirirlər ki, Avropada həbsxanaların həddindən artıq dolması artıq sistemli problemə çevrilib. 2025-ci ildə 14 ölkədə məhbus sayı mövcud yerləri aşıb.

Hesabatda həmçinin vurğulanır ki, həbsxanalarda yaşlı məhbusların sayı artır. 65 yaşdan yuxarı məhbusların payı son beş ildə 2,5 faizdən 2,9 faizə yüksəlib. Bu isə səhiyyə, sosial təminat və penitensiar idarəetmə baxımından yeni problemlər yaradır.

Ən çox rast gəlinən cinayətlər sırasında narkotiklə bağlı ittihamlar (17,3 faiz) və oğurluq (12,1 faiz) göstərilib. Zorakı cinayətlərə görə cəza çəkənlərin payı isə ümumi məhbusların təxminən üçdə birini təşkil edir.

Ana səhifəSiyasətHesabat: “Azərbaycan məhbus sayına görə Avropada ikinci yerdədir”