Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin 17 saylı cəzaçəkmə müəssisəsində fiziki zorakılığa və işgəncəyə məruz qaldığı bildirilir.
Bu barədə məlumatı Meydan TV-yə Elvin Mustafayevin yaxınları verib.
Məlumata görə, hadisə 2026-cı il mayın 9-da, saat 09:30-11:00 radələrində baş verib. Elvin Mustafayev müəssisə daxilindən dövlət qurumlarına şikayət məktubları göndərməyə cəhd etsə də, rəhbərlik buna imkan verməyib və bu səbəbdən müəssisə əməkdaşları ilə Mustafayev arasında mübahisə yaranıb.
Həmin vaxt Elvin Mustafayev cəzasının çəkilməmiş hissəsinin şərti hesab olunması ilə bağlı müraciəti üzrə Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Köçürülmədən öncə isə müəssisə rəhbərliyi ondan saqqalını qırxmağı tələb edib. Mustafayev bu tələbin qanunsuz olduğunu deyərək etiraz etdikdən sonra işgəncəyə məruz qalıb:
“Müəssisənin təxminən 10 əməkdaşı, o cümlədən rəis müavini, polkovnik-leytenant Emin, kapitan Elnur Zeynalov, mayor Tural və digər serjant rütbəli şəxslər mənə qarşı fiziki güc tətbiq etdilər. Məni yumruq və təpiklə döyüb, müxtəlif nahiyələrimə xəsarətlər yetirdilər. Sonra qollarımı zorla tutub, üzümü məcburi şəkildə qırxdılar”, – deyə Elvin Mustafayev yaxınlarına bildirib.
Yaxınlarının bildirdiyinə görə, Elvin təcridxanaya çatdırılan zaman bədənində çoxsaylı xəsarətlər olub, lakin bu xəsarətlərin qeydə alınıb-alınmaması barədə ailəsinə məlumat verilməyib. Atasının onunla görüşmək istəyi isə izahsız şəkildə rədd edilib.
Bundan əlavə, mayın 12-də o, atası ilə telefonla danışan zaman döyülməsi barədə məlumat verməyə çalışarkən əlaqə kəsilib. Təcridxana rəhbərliyi isə dustaqın bununla bağlı etirazlarına məhəl qoymayıb.
Bildirilir ki, onurğa protruziyasından əziyyət çəkən Elvin Mustafayevin ağrıları mayın 9-da məruz qaldığı zorakılıqdan sonra daha da şiddətlənib. Aldığı zərbələr nəticəsində o, bir neçə gün başını hərəkət etdirə bilməyib. Hadisədən 10 gün keçməsinə baxmayaraq, qollarındakı göyərmə və qızartı izləri hələ də qalmaqdadır.
Bakı Apellyasiya Məhkəməsi isə Elvin Mustafayevin çəkilməmiş cəzasının şərti hesab edilməsinə dair şikayətini təmin etməyib. Hakim bildirib ki, məhkəmə işgəncə və zorakılıqla bağlı məsələlərə baxmır.
Döyülmə faktı ilə bağlı prokurorluğa şikayət ediləcəyi bildirilir.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.
2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.
Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.