Hazırda həbsdə olan AbzasMedia-nın baş direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva naməlum şəxslərin onların yaşadığı mənzilə girdiyini iddia edir.
Bu barədə Quliyeva “Facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, 26 aprel – 10 may tarixlərində həyat yoldaşı Ülvi Həsənlini həbsxanada ziyarət edərkən naməlum şəxslər mənzilə girib. O deyir ki, evinə girərkən işıq söndürülüb. Rübabə Quliyeva evinə girənlərin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının ola biləcəyini qeyd edib:
“Ülvi ilə görüşə getdiyim günlərdə, həmin saatlarda yaşadığım mənzildə işıq sönür. Bildiyimə görə, indiyə qədər müxalifət, vətəndaş cəmiyyəti, media nümayəndələrinin evlərinə girən polis və ya DTX əməkdaşları təhlükəsizlik kamerasının olmasından ehtiyat edərək mənzilin işıqlarını blokdakı şitdən söndürürlər. Mənim də evimə eyni formada girilib. 15 ildən çoxdur yaşadığım binada işığın necə söndüyünü çox yaxşı bilirəm. Bizim binamızda elektrik smart sistemlə verilir, yalnız balansda məbləğ bitəndə evdə işıqlar sönür. Başqa texniki səbəblərdən isə bütün binada sönməlidir. Ailəm qonşuluğumda, eyni binada yaşayır. Əgər işıq texniki səbəbdən sönürsə, niyə onlarda və digər qonşularda sönmür?”
Rübabə Quliyeva deyir ki, evində kamera olduğundan əşyaların yerini dəyişdiyini aydın görə bilib. Lakin kamera internet və işıqla işlədiyinə görə, elektrik olmadığı anda çəkiliş edə bilməyib.
“Evdəki kamera elektriklə işləyir və internetə bağlıdır. İşıq olmayanda sönür və yalnız elektrik gələndə yenidən çəkiliş edir. Mayın 10-da evimə girildiyindən əmin olduqdan sonra indiyə qədər olan görüntülərə baxmaq qərarına gəldim. 26 aprel görüntülərində evə girənlər hətta kameranın içində yaddaş kartının olub-olmadığını da yoxlayıblar amma kameranı götürdükləri şəkildə yerinə qoymağı unudublar. Belə ki, kameranın çəkiliş bucağı dəyişib. Evdəki əşyaların cüzi də olsa, yerini dəyişdiyinə, dolabların, içindəki əşyaların qarışdıldığına də diqqət etdim”, – deyə o yazıb.
Quliyeva həmçinin vurğulayıb ki, mayın 10-da onun evinə 2 dəfə girilib. O, izləndiyini və bütün bunlara görə heç bir dövlət qurumuna şikayət etməyəcəyini bildirib.
“Mayın 10-da evimə girildiyini hiss etdim, hətta qapıya qoyduğum nişanlar – yapışqan və zərlər dağılıb, ayaqqabılarım tərpədilib, tərliklərim geyinilib. Görünür, məni izləyirlər və hər addımımdan xəbərdardırlar, yoxsa belə rahat girib-çıxa bilməzdilər. Heç yerə şikayət etmək fikrim yoxdur. Kimlərdən şübhələndiyim bəllidir. Əksini sübut etmək istəyən varsa, blokun ağzındakı polis kamerasının həmin günə olan görüntülərinə baxsın. Amma çox əminəm ki, “kamera işləmirdi” deyib keçəcəklər”, – deyə Rübabə Quliyeva qeyd edib.
“AbzasMedia işi” üzrə hazırda 7 nəfər həbsdədir. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.