DTX-də dindirilən keçmiş Gürcüstan naziri SOCAR-ın İtaliyadakı şirkətinə rəhbər təyin edilib

Foto: HJBC\shutterstock

Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR-ın İtaliyadakı şirkəti olan “Italiana Petroli” (IP) neft şirkətinin baş direktoru təyin edilib. Təyinat barədə məlumatı bu yaxınlarda IP-nin satın alınmasını başa çatdıran SOCAR yayıb.

SOCAR-ın press-relizində qeyd olunub ki, Davitaşvili şirkətin İtaliyadakı əməliyyatlarına rəhbərlik edəcək, əməliyyatların davamlılığını təmin edəcək, İtaliya enerji bazarındakı mövqeyinin qorunması və gücləndirilməsinə, eləcə də şirkətin SOCAR Qrupuna inteqrasiyasına nəzarət edəcək. Şirkət əlavə edib ki, Davitaşvilinin dövlət və özəl sektorda 25 ildən çox rəhbərlik təcrübəsi var və o, Gürcüstanın Cənubi Qafqazı Avropa Birliyi ölkələri ilə birləşdirən Yaşıl Enerji Dəhlizi təşəbbüsündə iştirakına rəhbərlik edib. Press-relizdə həmçinin bildirilib ki, o, 2025-ci ilin noyabr ayından SOCAR prezidentinin müşaviri vəzifəsində çalışırdı.

Davitaşvili 2022-ci ilin fevralından 2025-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2021-ci ilin iyulundan isə paralel şəkildə baş nazirin müavini olub. O, hər iki vəzifədən eyni vaxtda istefa verib.

Onun istefası Gürcüstanda yüksəkvəzifəli məmurlara qarşı korrupsiya araşdırmaları fonunda baş vermişdi. Davitaşvilinin istefasından üç gün əvvəl onun keçmiş müavini Romeo Mikautadze saxlanılıb. 2021-ci ildən nazir müavini, 2022-ci ildən 2024-cü ilin fevral ayına qədər isə birinci müavin vəzifəsində çalışmış Mikautadze korrupsiya ittihamları ilə məhkəməyə verilib və 2026-cı ilin mart ayında 10 il həbs cəzasına məhkum edilib.

Baş nazir İrakli Kobaxidze 2025-ci il iyunun 24-də Davitaşvilinin istefasını elan edərkən onun hökumətdə iqtisadi məsələlər üzrə baş müşavir və İqtisadi Şuranın katibi kimi fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Lakin Davitaşvili həmin vəzifələrdə uzun müddət qalmadı. Sentyabr ayında onun Kulevidə neft emalı zavodu tikən “Black Sea Petroleum” şirkətinin müşahidə şurasına rəhbərlik etdiyi barədə məlumatlar yayıldı. Kobaxidze isə oktyabr ayında keçmiş nazirin artıq özəl sektora keçdiyini təsdiqlədi.

2026-cı ilin fevralında Davitaşvili Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən dindirilməyə çağırıldı. Agentlik son aylarda Mikautadze də daxil olmaqla bir sıra keçmiş yüksəkvəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları aparırdı.

Dindirmədən sonra Davitaşvili mediaya bildirib ki, müzakirələr Azərbaycanın qazının Gürcüstan üzərindən Avropaya nəqli ilə bağlı olub. Lakin Gürcüstan DTX-si bu açıqlamanı təkzib edib və onun konkret cinayət işi üzrə dindirildiyini bəyan edib. Xidmətin açıqlamasında qeyd olunub ki, suallar Gürcüstanın qaz təchizatı ilə bağlı risklərə və imzalanmış müqavilə nəticəsində ölkə üçün yaranmış əlverişsiz şərtlərə aid olub, məsələ Avropa Birliyinin qaz təchizatı ilə bağlı olmayıb. DTX Davitaşvilinin böyük neft şirkətlərindən biri ilə bağlanmış müqavilə ilə bağlı davam edən istintaq çərçivəsində dindirilməyə çağırıldığını bildirib. Bununla belə, istintaq hansı şirkətlə bağlanmış müqavilədən söhbət getdiyini açıqlamayıb.

Dindirmədən bir gün sonra Davitaşvilinin Gürcüstanı tərk etdiyi barədə məlumatlar yayıldı. O isə mediaya açıqlamasında bunun işgüzar səfər olduğunu bildirdi. Həmin vaxtdan etibarən onun ölkəyə qayıtması barədə ictimai məlumat yayılmayıb.

Məhz bu fonda SOCAR-ın onu İtaliyadakı ən böyük aktivlərindən birinə rəhbər təyin etməsi diqqət çəkir. Azərbaycanın dövlət neft şirkəti 2026-cı ilin mayında İtaliyanın ən böyük neft şirkətlərindən biri olan “Italiana Petroli”nin 99,82 faiz səhmini 2,9 milyard avroya satın alma prosesini yekunlaşdırıb. Sövdələşmə üzrə danışıqlara 2025-ci ilin sentyabrında başlanılmışdı.

SOCAR şirkəti IP-ni 1933-cü ildən fəaliyyət göstərən və uzun illər Brachetti Peretti ailəsinin nəzarətində olan API Group – Anonima Petroli Italiana qrupundan alıb. Şirkət yuxarı, orta və aşağı axın seqmentlərində fəaliyyət göstərir və İtaliya yanacaq bazarının əsas oyunçularından hesab olunur. Sövdələşmənin tamamlanması antiinhisar, xarici subsidiyalar və “qızıl səlahiyyətlər” daxil olmaqla bir sıra tənzimləyici təsdiqlərdən asılı idi.

Davitaşvilinin rəhbərlik edəcəyi “Italiana Petroli” şirkəti keçmişdə bəzi hüquqi və maliyyə araşdırmalarının da mərkəzində olub. 2013-cü ildə İtaliya Maliyyə Polisi – Guardia di Finanza şirkət rəhbərləri ilə bağlı araşdırma aparmışdı. İddialarda 2000–2009-cu illərdə müəyyən korporativ əməliyyatlar vasitəsilə vergi üstünlüklərinin əldə edilməsi, dividendlərin bəyan edilməməsi və “vergi optimizasiyası” sxemlərindən istifadə olunması qeyd edilirdi. Mediaya əvvəlcə 21 milyon avroluq vergi yayınması iddiası sızdırılsa da, şirkət bunu rədd etmiş və real mübahisənin təxminən 350 min avroluq vergi məsələsi ilə bağlı olduğunu bildirmişdi.

Ana səhifəSiyasətDTX-də dindirilən keçmiş Gürcüstan naziri SOCAR-ın İtaliyadakı şirkətinə rəhbər təyin edilib